Reklam: High Technic
hightechnic

Qalib idmançılar hesabat verdi - Fotolar

Reklam: High Technic

Gənclər və İdman Nazirliyində Taekvondo üzrə Hollandiya Açıq çempionatının və Cüdo üzrə Bakıda keçirilən “Böyük dəbilqə” qaliblərinin mətbuat konfransı keçirilib. Tədbirdə nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, cüdo üzrə Azərbaycan yığmasının böyük məşqçisi Fərhad Əliyev, məşqçi Mövlud Mirəliyev, taekvondo üzrə Azərbaycan yığmasının böyük məşqçisi Rəşad Əhmədov, qadınlardan ibarət taekvondo millisinin baş məşqçisi Elnur Amanov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elman Babanlı və digər məşqçilər, yarışlarda medal qazanan idmançılar iştirak ediblər.

Görüşdə ilk olaraq Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov çıxış edib. O, idmançılarımızın böyük uğura imza atdığını vurğulayıb. F.Mansurov həmçinin hər iki milli komandanı qazandığı uğura görə təbrik edib:

“Taekvondoçularımızı təbrik edirəm. Hollandiyada keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar. Onlardan 6-sı qızıldır. Sevindirici haldır ki, komandada yerli məşqçilər çalışır. Cüdoçularımızı da təbrik edirəm. “Böyük Dəbilqə”də bu il daha uğurla çıxış etdilər. Həm cüdoçular, həm də taekvondoçularımıza Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında uğurlar arzulayıram”.

Böyük məşqçisi Fərhad Əliyev də Azərbaycan idmançılarının Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində uğurlu çıxış etdiklərini qeyd edib. O, heyət üzvlərinin İslamiadaya daha səylə hazırlaşacaqlarını söyləyib.

Taekvondo üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi Elnur Amanov isə heyətdə bəzi dəyişikliklərin etdiyini bildirib:

“Baş məşqçi təyin olunduqdan sonra 4 idmançını heyətdən kənarlaşdırdım. Hazırda 6 xanım taekvondoçumuz var. Çalışacağıq ki, idmançı sayı az, amma keyfiyyətli olsun”.

ACF-nin baş katibi Elman Babanlı jurnalistlərin suallarını cavablandırarkən uşaqbazlıqda günahlandırıldığı üçün ölkəsində məhkəmə problemi yaşayan, millimizin keçmiş baş məşqçisi Peter Zeyzenbaxer məsələsinə də toxunub. O, keçmiş məşqçi ilə münasibətlərinin Olimpiya oyunlarından sonra kəsildiyini deyib. Hətta E. Babanlı İslam Həmrəylik Oyunlarından sonra bu məsələyə daha dəqiq münasibət bildiriləcəyini deyib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirində 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb.
Taekvondo yığması isə Hollandiyanın Eindhoven şəhərindəki “Dutch Open” beynəlxalq turnirini 10 medalla başa vurub.

Aygün İlqarqızı
Yeniçağ.az

Fotolar: Cəmalə Əlizadə

www.yenicag.az

118