Qanunsuz heyvan kəsimi məntəqəsi aşkar edildi – FOTOLAR

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqlər həyata keçirir.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, Agentlik əməkdaşları Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reyd keçiriblər.

Reyd zamanı müəyyən edilib ki, həmin ünvanlarda fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirilir. Bununla əlaqədar olaraq qeyri-qanuni fəaliyyət göstərən kəsim yerlərində qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib. Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə göstəriş verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Agentlik bir daha vətəndaşları bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir, bu cür qanunsuz fəaliyyət göstərən, eyni zamanda qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı vətəndaş mövqeyini ortaya qoymağı, bu kimi hallarla əlaqədar AQTA-nın 1003-Çağrı Mərkəzinə məlumat verməyi xahiş edir.