!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ boyda “DEKORASİYA” – Yurd həsrətini şou vasitəsinə çevirməyək - AKTUAL

!Reklam – Yazi

Deputat Cavanşir Feyziyevin “çirkli pullar” qalmaqalı, ardınca isə Milli Elmlər Akademiyasının (AMEA) istefa verən prezidenti Ramiz Mehdiyevin ətrafında cərəyan edən hadisələr səngiməmiş ölkə gündəmi müğənni Manaf Ağayevin işğaldan azad olunmuş Füzuliyə qanunsuz səfəri və həbs olayı ilə yüklənib.

Artıq ikinci gündür ki, media və sosial şəbəkələrdə müğənninin doğma yurdu Füzuliyə, az qala, kortej müşayiəti ilə gedişi, rayonda yeni istifadəyə verilmiş hava limanına nümayişkar “eniş”i, oradan yaydığı görüntülər, yekunda isə aldığı 15 sutkalıq həbs cəzası ölkənin ən aktual gündəm mövzuları səviyyəsində müzakirə edilməkdədir.

Təbii, məsələyə qanun prizmasından yanaşaraq işğaldan azad edilmiş ərazilərə səfərlərin xüsusi icazə əsasında gerçəkləşməsinin vacibliyini önə çəkənlər və müğənninin ata-baba torpaqlarına hətta icazəsiz belə getmək haqqının olduğunu düşünənlər yenə iki cəbhəyə bölünüblər.

Ümumiyyətlə, xüsusi nəzarət zonası sayılan işğaldan azad edilmiş ərazilərə Manaf Ağayevin öz korteji ilə yürüşü, çoxsaylı post və buraxılış məntəqələrindən maneəsiz keçib hava limanına yetişməsi isə başqa mövzudur. Yeri gəlmişkən, bu məsələ də hazırda araşdırılır.

Bu çərçivədə gedən müzakirələrdə verilən bir sual qırmızı xəttlə keçir: Axı insanlarımız niyə azad olunmuş bölgələrimizə getmək üçün xüsusi icazə almalı, ala bilmədikdə, cəzalandırılmalıdırlar? Sual məntiqsiz olmasa da, onun cavabı erməni işğalından qurtarılmış rayonlardakı mövcud vəziyyətdə aydın görünür.

Az qala, hər həftə həmin zonalarda vətəndaşlarımızın mina partlaması nəticəsində xəsarət almaları, hətta həlak olmalarına dair xəbərlə qarşılaşırıq. Bu isə o deməkdir ki, işğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlər o yola çıxanların həyatı üçün böyük risk yaradır.

Xüsusi icazə isə kiməsə sadəcə “yaşıl işıq” yandırmaq yox, səfərlə bağlı həyati riskin minimuma endirilməsi məqsədi daşıyır. Başqa nə səbəb ola bilər ki? Hər halda, indi obyektiv zərurətdən irəli gələn bu məcburi məhdudiyyət də zamanla aradan qaldırılacaq, səfər üçün icazə almağa ehtiyac qalmayacaq.

Bu barədə danışarkən daha bir nüansa diqqət yetirməmək olmur. Söhbət nədən gedir? 2020-ci il 10 noyabr üçtərəfli bəyanatı əsasında 44 günlük Vətən müharibəsi Azərbaycanın böyük qələbəsi ilə yekunlaşdıqdan sonra həmin ərazilərin ilk növbədə minalardan təmizlənməsi istiqamətində miqyaslı işlərə başlanıldı. Əhaliyə də qeyd olunan ərazilərə icazəsiz səfərlərin onların həyatı üçün böyük risk yaratdığı barədə dəfələrlə xəbərdarlıq edildi.

Amma nəyin şahidi olduq? Müharibənin yekunlaşmasından artıq 15 aydan çox vaxt keçsə də, bu xəbərdarlığa məhəl qoymayan, sonucda həyatını itirən və ya əlil olan yüzlərlə insanımız var. Onlar da vəziyyəti nəzərə alıb səbrli davransaydılar, nə canlarından olar, nə də bir xəsarət alardılar.

Digər tərəfdən, işğaldan azad olunan bölgələrə icazəsiz, o baxımdan da riskli səfərləri həyata keçirənlərin hamısı da olmasa, əksəriyyəti sanki yurd həsrətini atmaq deyil, ucuz göstəri naminə oralara gedirlər. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı nümunələr var. Yəni uzun illər həsrətində olduğumuz ərazilər, oraların təbiəti kimlərəsə sadəcə “effektli” paylaşımlar etməkdən ötrü dekorasiya xatirinə lazım imiş… Razılaşaq ki, elə Manaf Ağayevin paylaşdığı görüntülərdə də yurd həsrətindən çox, şou elementləri qabarıq görünməkdədir.

Bu qeyd olunanlar tək sıravi insanlara aid deyil. İşğaldan azad edilmiş ərazilərə səfərlər bir çox məmurlar üçün “yurdda məclis” şousu yaratmaq üçün vasitəyə çevrilib. Bunun ən bariz örnəyi isə təqribən bir il əvvəl adı davamlı olaraq qaranlıq məsələlərdə hallanan  “KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədovun davranışıdır.

O, ötən ilin fevralında erməni işğalından azad edilmiş Qubadlıda, həm də çoxsaylı əsgərlərimizin farağat dayandığı şəraitdə açıq havada zəngin məclis qurub sanki rayonun “gerçək sahibi”nin özü ilə patronunun olduğunu göstərməyə çalışaraq ölkəyə meydan oxumuşdu. Eyni zamanda, bəzi deputatlar da işğaldan azad edilmiş ərazilərdə qurduqları kef məclislərilə gündəmə gəlmişdilər. Bütün bunlar, əlbəttə ki, ciddi ictimai narazılıq doğurur.

Sözsüz ki, işğaldan azad edilmiş bölgələrimizi görməyə can atanların heç də hamısının niyyəti şou və ya hegemonluğunu nümayiş etdirmək deyil. Ancaq mövcud reallıq hələ ki səbrli olmağı, qaydalara əməl etməyin zəruriliyini göstərir. Məhdudiyyətlərin isə sonu gələcək. Yetər ki, heç birimizin Vətən sevgisi azalmasın.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

968
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv