!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qarabağ” “Linkoln”la QARŞI-QARŞIYA: “Bütün kartları açmaq olmaz” - PROQNOZ

!Reklam – Yazi

Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” Cəbəllütariqin “Linkoln” komandasına qarşı cavab oyununa çıxacaq.

Bu axşam baş tutacaq oyununu dəyərləndirən idman jurnalisti Sənan Şəfizadə “Qarabağ”ın inamlı qələbə qazanacağını bildirib:

“Hər mövsümün ilk oyunu çətin olur. Ona görə də səfərdəki çıxışına görə “Qarabağ”ın ümumi hazırlığına qiymət verməyin əleyhinəyəm.

Gəlin illər əvvəl komandanın oyununa nəzər salaq. Qurban Qurbanov elə bir sistem qurur ki, ilk oyunlarda “Qarabağ” tam olaraq hazır vəziyyətdə olmur. Amma oyunlar artdıqca yavaş-yavaş komanda pik həddinə çatır. Əsasən də biz bunu ya pley-off, ya da qrupun ilk matçında görə bilərik. Çünki ilk oyunlarda komanda tam ideal vəziyyətdə olsa, sonrakı oyunlarda çox ciddi problemlərlə üzləşə bilər. Yəni “Qarabağ” istirahətdən yeni qayıdıb və 100%-lik formanı yığmaq üçün addım-addım irəli gedəcək.

Məncə, “Qarabağ” səfərdə maksimum gücündən istifadə etmək istəmədi. Çünki birinci oyun idi və rəqibi tanımaq lazım idi. İkincisi isə, bütün kartları açmaq olmaz. Bilirik ki, bu gün komandaya böyük diqqət var. Bu mənada “Qarabağ”ın axşam “Linkoln”la baş tutacaq görüşündən çox yaxşı oyun nümayiş etdirəcəyini və inamlı qələbə qazanacağını gözləyirəm.

“Qarabağ”ın heyətində ciddi dəyişiklik edilməyəcəyini və Qurban müəllimin bu oyunda bütün kartları açmayacağını düşünürəm. Çünki buna ehtiyac yoxdur. Əldə olan heyətlə rəqibi adlamaq mümkündür”.

Digər idman jurnalisti Mehman Süleymanov isə bu görüşdə sensasiyanın baş verməyəcəyini və “Köhlən atlar”ın rahat qələbə qazanacağını deyib:

“”Qarabağ”ın bu dəfə rahat qələbə qazanacağını düşünürəm. Bu da avrokuboklarda komandanın Bakı Olimpiya Stadionunda ilk qalibiyyəti kimi tarixə düşəcək. Heyətdə çox az dəyişiklik gözləyirəm. Sadəcə, hazır olsa, yeni transferə, yəqin ki, az da olsa, şans veriləcək. “Linkoln” qol vurmağa məcburdur. Çünki hesabda geridədir. Lakin irəli atılsa, “Qarabağ” onu cəzalandıracaq.

Fikrimcə, sensasiya baş verməyəcək və “Qarabağ”ı Polşa “Rakuv”uyla ikinci təsnifat mərhələsi matçlarında görəcəyik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Qarabağ” iki matçın cəmində “Linkoln” səddini aşarsa, 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə qarşılaşacaq.

Sadiq Cavadov

www.yenicag.az

921
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv