!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ məsələsində araqarışdıran "VASİTƏÇİ"LƏR: "Azərbaycanın ərazi bütövlüyü alver mövzusu deyil" - SƏRT CAVAB

!Reklam – Yazi

“ABŞ, Rusiya, Fransa üçün ərazi bütövlüyü necə müqəddəsdirsə, Azərbaycan üçün də elədir”.

Bunu Qarabağın taleyini dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında dilə gətirib.

Zərdüşt Əlizadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü alver mövzusu deyil və bütün dünya bunu qəbul edir:

“Qarabağın taleyi ilə bağlı fərqli baxışlar var. Azərbaycanın baxışı bəllidir. Dövlət başçısının dili ilə deyirik ki, Qarabağ münaqişəsi yoxdur, həll olunub, biz heç bir xarici dövlətlə Qarabağla bağlı danışıqlara hazır deyilik, qəbul etmirik. Ermənistan bunu qəbul etməyə məcburdur.

Ancaq dünənə qədər vasitəçi olan dövlətlər Ermənistana deyir ki, razı olmasın və desin ki, “Qarabağ məsələsi var, tələb edirik Qarabağ məsələsi müzakirə mövzusu olsun”. Hər cəhətdən xaricdən asılı olan Ermənistan da məcburdur ki, bu təklifi qəbul etsin və israrla Azərbaycana desin ki, sülh müqaviləsi də imzalamağa hazıram, komunikasiya yollarının açılmasına da razıyam, ancaq Qarabağ məsələsi mütləq masa üstündə olmalıdır. Azərbaycan da açıq şəkildə deyir ki, bu olmayacaq.

Azərbaycan Ermənistanla yanaşı, sərtliklə, ancaq diplomatik dillə Rusiyaya da, Fransaya da, ABŞ-yə də deyir ki, Qarabağ müzakirə mövzusu deyil.

Nəzərə almaq lazımdır ki, üç dövlətin imkanları daha genişdir. Ona görə də çalışırlar ki, bu məsələni diplomatik gündəliyə salsınlar”.

Vardanyanın Moskvaya çağrılmasına gəldikdə isə politoloq bunları deyib:

“Rusiya Vardanyanı Qarabağa göndərmişdi ki, 1988-ci il vəziyyətini bərpa etsin. Vardanyan da 88-ci il bayatılarını oxuduqda, Azərbaycan dedi ki, sən heç kimsən, səni qəbul etmirik. Vardanyan özünü çox oda-közə vurdu, durmadan müsahibələr verdi. Anlamadı ki, müsahibələrlə dünyanı dəyişmək mümkün deyil. Axırda onu Moskvaya qaytardılar. Arayik Arutyunyana nə göstəriş verməklərini isə Qarabağa qayıdandan sonra deyəcəklərindən bəlli olacaq. Onların güvənəcəyi yer nə Rusiya, nə Fransa, nə də ABŞ olmalıdır. Onların tək güvənc yeri insan haqlarıdır. Onlar desələr ki, təhlükəsizliyimizə təminat istəyirik, Azərbaycan hökuməti onlarla razılaşacaq. Ancaq onlara bunu deməyə imkan vermirlər.

Azərbaycanın mövqeyi hələlik beynəlxalq hüquqa tam uyğundur. Azərbaycanın ötkəmliyi də, cəsarəti də bundan qaynaqlanır. Azərbaycanın ərazi bütövlüyü alver mövzusu deyil. Ona görə də heç bir dövlət buna qarşı çıxa bilmir”.

Səxavət Məmməd

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv