“Qarabağ münaqişəsi ətrafında pat vəziyyəti yaranıb” – Rusiyalı hərbi ekspert

Hərbi ekspert, Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının dosenti Aleksandr Perenciyev Yenicag.ru-ya müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini və Qarabağ münaqişəsinin mümkün nizamlanmasına dair fikirlərini bölüşüb.

– Bakıya gələn Sergey Lavrovun bu səfəri ikitərəfli münasibətlərə necə təsir göstərəcək?

– Mən bu səfəri Rusiya xarici siyasət idarəsi başçısının rəsmi Moskva-Ankara-Tehran arasında aparılan siyasi danışıqlar prosesinin gedişi ilə Azərbaycanı məlumatlandırmaq və rəsmi Bakının bununla bağlı mövqeyini dəqiqləşdirmək niyyəti ilə əlaqələndirərdim. Bu səfər həm Rusiya ilə Türkiyə prezidentlərinin sonuncu Soçi görüşü, həm də fikrimcə, yüksəksəviyyəli Rusiya-Türkiyə-İran danışıqları ilə birbaşa əlaqədardır.

Yəni Rusiyanın İran və Türkiyə ilə apardığı danışıqlarda Azərbaycan iştirak etməsə də, burada Bakının mövqeyinin nəzərə alınmaması mümkün deyil. Burada “Şimal-Cənub” nəqliyyat dəhlizini misal göstərə bilərik. Mən 2016-cı ilin avqustunda baş tutmuş konfransda səsləndirdiyim ehtimalı təkrarlamaq istərdim ki, regional əməkdaşlıq çərçivəsində “3+1” formatı yarana bilər: “3”-lər Rusiya, Azərbaycan və İran, “1” isə Türkiyədir.

Hesab edirəm ki, mənim bu fikrim Rusiyanın bəzi tanınmış politoloqları tərəfindən tənqidlə qarşılansa da, bu ölkələrin rəhbərləri və xarici işlər nazirləri qeyd etdiyim formul çərçivəsində qarşılıqlı əməkdaşlığın zəruriliyi fikrinə yaxınlaşırlar. Lavrovun Bakıya indiki səfəri də bu fikrin təsdiqi sayıla bilər.

– Lavrovun gəlişinin əsas məqsədi Qarabağ münaqişəsinin nizamlanmasıdır. İndiki vəziyyətdə bu münaqişənin diplomatik yollarla həlli nə dərəcədə realdır?

– Qarabağ münaqişəsi və ermənilərin nəzarətində olan 7 rayonun məsələsi diplomatik addımlar olmadan həll edilə bilməz – hətta diplomatik səylər Bakının və bütövlükdə Azərbaycan xalqının istədiyi səviyyədə təsirli olmasa belə…

Eyni zamanda, münaqişə tərəfləri güzəştə getmədikləri üçün fikrimcə, bu ərazi münaqişəsinin yaxın dövrlərdə həll olunma perspektivi yoxdur.

Güzəştlər olmadığı üçün Dağlıq Qarabağ və ona bitişik 7 rayon məsələsi ətrafında pat vəziyyəti yaranıb. Münaqişənin hərbi yolla həlli yoxdur, diplomatik addımlar da hələ ki nəticə vermir. Heç olmasa, Minsk prosesi çərçivəsində konkret sənədlərin, “Yol xəritəsi”nin ictimai müzakirəsi başlamasa, vəziyyət belə də qalacaq.

– 2018-ci ildə regionda sabitliyin pozulacağını gözləyirsiz?

– Sabitliyin geniş miqyasda pozulmasını gözləmirəm. Ancaq xırda toqquşmalar, atışmalar sonrakı dövrdə də davam edəcək. Bunu başa düşmək üçün görkəmli mütəxəssis olmağa da ehtiyac yoxdur.

Qoşunları ayıran zolaq sükut yox, məhz atəş xəttidir. Bu başıbəlalı regionun mövcud vəziyyəti və yaxın gələcək üçün perspektivi belədir.

COP29