Qarabağ üçün İtaliya şansı: “Buz” tərpənəcək?

“İtaliya ATƏT-ə sədrlik etdiyi müddətdə sözügedən təşkilat dondurulmuş münaqişələrin nizamlanması üzrə fəaliyyətini gücləndirəcək”.

Bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib.

Qeyd edək ki, bu günə qədər belə bəyanatları ATƏT-ə sədrlik edən digər dövlətlərin müxtəlif rəsmilərinin dilindən də dəfələrlə eşitmişik. Amma hələ də onların söylədikləri bu tip bəyanatlar elə bəyanat olaraq qalıb.

Görəsən, ATƏT-ə sədrliyə keçən İtaliya nəhayət deyilən fikirləri reallığa çevirməklə, məsələ ətrafında yaranan buzu sındıra biləcəkmi? Yoxsa o da əvvəlki ATƏT sədrləri kimi bu fikirləri sadəcə, görüntü xatirinə səsləndirib?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında bildirdi ki, İtaliya ATƏT-ə sədrlik etsə də, Dağlıq Qarabağ konfliktinin həllində əsas qüvvə deyil:

“İtaliya xarici işlər nazirinin ölkəsinin ATƏT sədrliyə keçməsindən sonra verdiyi həmin açıqlama Azərbaycan ictimaiyyətində nəhayət ki, bu il münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində müəyyən optimist fikirlərin yaranmasına əsas verir. Amma bütövlükdə problemin həlli üçün ciddi və təsiredici imkanların ATƏT-in Minsk qrupundakı Rusiyanın əlində olması da bir faktdır.

ATƏT-də, o cümlədən Minsk qrupunda qərarların konsensus yolu ilə qəbul olunduğu və burada təmsil olunan dövlətlərin münaqişəyə münasibətdə mövqeyinin bəlli olmasına baxmayaraq, konsensus yolu ilə problemin bu günə qədər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə bir əngəl olaraq qalmaqdadır. Məlum Lissabon sammitində problemin həlli istiqamətində konkret addım atıldı. Hər halda Ermənistan tərəfi ATƏT-in mövqeyini nəzərə almağa məcbur oldu. Lakin o zaman Ermənistanın məlum mövqeyi digər dövlətlərin mövqeyinə qarşı oldu. Bunun da əsas səbəbi ATƏT-də qəbul olunan qərarların icra edilməsinə nəzarət mexanizminin sıfıra bərabər olması ilə bağlıdır. Aydın məsələdir ki, problemin həlli üçün ATƏT-in Minsk qrupunda format dəyişməlidir. Ora Türkiyə kimi elə dövlətlər qəbul olunmalıdır ki, onların tutduğu mövqe dövlətlərin ərazi bütövlüyülə bağlı beynəlxalq prinsip və normalara cavab versin. ATƏT-in indiki formatı isə belədə problemin Azərbaycanın ərazi bütövlüyülə bağlı məsələdə optimist olmağa əsas vermir. Baxmayaraq ki, Vyana və Sankt-Peterburq görüşlərində tərəflər arasında razılaşmaya müəyyən meyillər oldu. O da var ki, həll prosesində Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi təkcə onun öz iradəsindən asılı olan məsələ deyil. Təəssüf ki, dünyada, ATƏT-in özündə də münaqişəyə münasibətdə ikili standartlar, xristian təəssübkeşliyi kimi mövqelər qalmaqdadır.

Bu mövqelərin qalması fonunda da problemin məhz bu il ərzində Azərbaycanın qanuni marağına uyğun şəkildə həll edilə biləcəyinə dair ciddi əsaslar yoxdur. Optimist fikir olaraq onu söyləyə bilərik ki, ATƏT və onun Minsk qrupu tərəfindən də Azərbaycan bölgənin lider dövləti olaraq qəbul olunur. Azərbaycanın İtaliya ilə münasibətləri, Avropa bazarına çıxartdığı neftin əsas hissəsinin məhz bu ölkə tərəfindən idxal edilməsi fonunda konfliktin həllində Romanın daha fəal mövqe sərgiləyəcəyi istisna deyil. Amma onu da unutmayaq ki, Rusiya lobbiçiliyi sayəsində bu ölkə parlamentindəki bəzi qüvvələr TAP və TANAP kimi qaz layihələrinin İtaliya ərazisindən keçməsinə qarşı çıxıblar. Onlar iddia edirlər ki, guya həmin kəmərlər sözügedən bölgədə ekoloji vəziyyətin pisləşməsinə gətirib çıxara bilər. Bunun özü onu göstərir ki, hətta İtaliya parlamentinə Moskvanın təsir imkanları varsa, yaxın perspektivdə Azərbaycanın ərazi bütövlüyülə bağlı optimist fikirlər səsləndirmək hələlik tezdir. Bütün hallarda danışıqlar davam etdirilməlidir. Onun alternativ yolu müharibədir. Azərbaycan bu yola da hazırdır. 2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan problemi hərbi yolla həll etmək iqtidarına malik dövlətdir. Beynəlxalq hüquq, BMT nizamnaməsinin 51-ci maddəsi də ölkəmizə işğal altında olan torpaqlarımızı hərbi yolla azad etməyə tam icazə verir.

Beynəlxalq birlik isə israrla tələb edir ki, Qarabağ problemi öz həllini danışıqlar yolu ilə tapmalıdır. Amma bunun üçün ilk növbədə ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlər Ermənistana təzyiqləri gücləndirməli, ona sanksiyalar tətbiq etməlidirlər. Avropa Birliyinin keçən ay qəbul etdiyi qətnamə bu mənada Azərbaycan diplomatiyasının daha bir uğuru kimi qəbul olunmalıdır. Yəni Ermənistana münasibətdə diplomatik sanksiyalar artdıqca, ona qarşı iqtisadi sanksiyaların ola biləcəyi gün də heç şübhəsiz ki uzaqda deyil”.

ELÇİN

COP29