Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qarabağa dönüş” yalnız poema deyil, həm də tarixə ibrətamiz səyahətdir

İlk cəhd ondan gəlməliydi və gəldi də. Böyük şairimiz Sabir Rüstəmxanlıdan. O Sabir Rüstəmxanlıdan ki, “Ömür kitabı” ilə nə üçün ömür sürməli olduğumuzu bizə ustalıqla anlatmış, insanımızın milli mənlik şüurunu riqqətə gətimişdi.

O zaman hesab edirdim ki, hətta başqa bədii, elmi-publisistik əsərlər yazılmasaydı da, tək bircə “Ömür kitabı” əsəri milli istiqlal hərəkatımızı rövnəqləndirmək üçün kifayət idi. Bu gün isə o qənaətdəyəm ki, bundan sonra hər hansı digər poeziya nümunələri yazılmasa belə, Vətən müharibəsi ilə bağlı bir çox mətləblərin mahiyyətini anlamaq üçün Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poemasını oxumaq bəs edər.

Bütövlükdə söz sənəti prizmasından yanaşsaq, “Qarabağa dönüş” ədəbiyyatımızın Vətən müharibəsinə son dərəcə böyük ərməğanıdır. Müəllif bu əsəri ilə həm də ədəbiyyatımızın digər istiqamətləri üçün məsuliyyət həddini müəyyənləşdirir. Yəni milli davamız barədə ədəbi-bədii ruhda yazılacaq nümunələr onun yaratdığı qədər möhtəşəm olmalıdır.

“Qarabağa dönüş” yalnız poema deyil, həm də tarixə ibrətamiz səyahətdir. Sabir Rüstəmxanlı qələmində bu səyahət ağrılarımızı dilə gətirir, bu ağrı get-gedə şiddətlənərək müqavimət hissi ilə əvəzlənir. Şair ağrıya bələddir, onu iliyinədək içinə çəkib. Yəni özünün də bildirdiyi kimi, Bakının, Təbrizin, Ərdəbilin yana-yana dayanmısını, Arazın xəcalət çəkməsini hamımızdan çox duyub. Bu baxımdan “Qarabağa dönüş”dəki girişi uzaq tarixlə yaxın tarix arasındakı bağlantı adlandırmaq da mümkündür və xalqın müqavimət hissi də həmin zaman kəsiyində formalaşaraq pik nöqtəsinə çatır.

Budur, o müqavimət hissinin boğulmasına göstərilən cəhd:

Gəldi Sovet ordusu, dişinə vursun bizi,
Tanklar, toplar, mərmilər bükmədi dizimi.

Bəli, müqavimət, dirəniş hissimizi qırmağa çalışanlar hadisələrin sonrakı davamını erməni avanturasında gördülər. Gördülər və Qarabağı bizdən qopardılar. Otuz ilə yaxın davam edən həsrət, nisgil dövrü başlandı. Bu, elə bir dövr idi ki, onu sıxılaraq yaşadıq. Hər dəfə qaçqın və məcburi köçkünlərimizin məskən saldıqları çadır şəhərciklərinə baxanda utandıq, Xocalı dəhşətinə cavab verə bilmədiyimizi görüb xəcalət təri tökdük. O şəhərciklərdə neçə-neçə ürəyimiz tab gətirmədi. Buna dözmək deyilirsə, dözdük.
Dözərək öz anımızı gözlədik və o anın yetişəcəyinə inandıq.

“Qarabağa dönüş” Vətən müharibəsinin xalqımız üçün misilsiz yaşantısıdır. Əlbəttə, müharibə faciədir, ağrıdır, dərddir. 44 gün müddətində bunları yaşadıq. Amma müharibə həm də dəhşətli romantikadır. Sabir Rüstəmxanlı qələmi Vətən sevgisini ölümsüzləşdirən romantikanın əyninə sanki dərin yaşantı geyimi toxuyur. O geyim əsgər libasıdır. Yaşantının ilhamverici qüvvəsi Azərbaycan əsgəridir. O əsgər ki, müharibə müddətində xalq onunla oldu. Harda onu gördüsə, ayaq saxladı, bağrına basdı. Xalq əsgərə hər cür qayğını göstərdi, onu düşünərək yuxuya getdi, səhəri onun çəkmələrinin səsinə açdı və tələsdi. Müəllif də xalqın əsgərlə bağlı narahatlığını göstərmək üçün tələsir. Tələsdiyi üçün əsgəri də tələsdirir:

Tələs igid əsgərim, havalar soyuqlaşır.
Təpələr çallaşmaqda bir azdan qış gələcək.

Sabir Rüstəmxanlı yaradıcılığında ikiyə bölünmüş Vətən həsrəti dərd dilləntisidir, yara acısıdır. Vətən müharibəsi günlərində Arazın bu tayı kimi, o tayı da dilləndi. Dərd acısını unutmaq üçün zəfərə təşnə oldu. Biz Azərbaycanı bütöv gördük. Biz Vətəni bu qədər bütöv görməmişdik:

Əl edir Qarabağa qaradağlı qardaşlar,
Qırx milyon insanıyla ora da bir Vətəndir.
Nə sərhəd çəkilməklə millətim ayrılacaq,
Nə birləşmək arzusu, nə də sevgi bitəndir.

“Qarabağa dönüş” düşmənə qarşı amansızdır. Bu amansızlıq isə tarixdəki acı dərslərimizdən qaynaqlanır. Ermənilərin zaman-zaman başımıza açdıqları oyunları sadalayan Sabir Rüstəmxanlı “döyüşə yolladığı əsgəri” hər şeydən öncə tarixlə silahlandırır, onu ideoloji cəhətdən yetkin insan kimi təsvir edir. Müəllifin düşmənə amansızlıq çağırışı kin və nifrət deyil, əslində, düşüncə süzgəcindən keçmiş nəticə, bitkin qənaət kimi meydana çıxır. Biz 30 ilə yaxın müddətdə dünyaya torpaqlarımızın iyirmi faizinin Ermənistan tərəfindən işğal olunduğunu anlatmaq istədik. Lakin gördük ki, torpağımıza qəsb olunması dünya üçün əhəmiyyətsizdir. Gördük ki, beynəlxalq aləm XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımına münasibətdə etinasızdır, biganədir, ona layiqli qiymətini verib erməni vəhşiliyini qınamır. Buna görə də “Xocalı uşaqlarına” əmr verdik:

Əsgərin silahı yox, əmrin özü silahdır.
Əmrin özü qanaddır, qaldırır uçurumdan.
Düşmən gözünü açır, görür bir körpə ruhu,
30 yaşa dolaraq gəlibdir Xocalıdan.

Müharibə günlərində Azərbaycan ictimaiyyəti cəbhə xəbərləri ilə yanaşı, gözünü dünyaya dikmişdi. Xalqımız əsəbləri tarıma çəkilmiş halda hansısa əcnəbi siyasinin çıxışındakı bizə zidd məqamları izləyir və durumun necə olacağını düşünürdü. Narahatlıq dolu fikirlər yetərincəydi. Xalqa rahatlıq və əminlik verən isə o idi: Prezident, Ali Baş Komandan cənab İlham Əliyev.

Dövlətimizin başçısı müharibə dövründə xarici mediaya 30-dan çox müsahibə verdi. Həmin müsahibələrdə savaşın ilk günlərində əleyhimizə olan informasiya axını önlənir, həqiqətlər ifadə olunur, haqqımız həm peşəkarlıqla, həm də qətiyyət və prinsipiallıqla dilə gətirilirdi. Və əlbəttə ki, qələbə tvitləri.

Sabir Rüstəmxanlı Prezident İlham Əliyevin müharibə dövründə paylaşdığı tvitlərini ümumxalq gözləntisi kimi təqdim etməkdə çox haqlıdır. Görəsən, bu gün neçə kənd, şəhər, qəsəbə düşməndən azad ediləcək?.. Şair həm də o tvitlərə ictimai məzmun qazandırır, onları Zəfər tariximizin müjdə simvolu kimi əbədiləşdirir. Tvitlər həm də dünyada mövcud olan ermənipərəstliyə, ədalətsizliyə qarşı sipər məzmunu qazanır:

Ax dünya, qəddar dünya, əsiridir yalanın,
Başını əzib keçmir bu zəhərli ilanın,
Köhnə Səlib havası dolaşdıqca başında
Neçə ölkə səf tutur yenə din savaşında.
Tanrı da əsir düşüb siyasətə, sirr deyil.
O, özü bir olsa da, elçiləri bir deyil.
Şükür, yıxıb dağıdır bu çürüyən bütləri
Qanımdan qanad taxan qələbə tvitləri.

…Və nəhayət, Şuşa zəfəri. “Qarabağa dönüş”də, fikrimcə, ən mühüm hissə Şuşa ilə bağlıdır. Şairin Şuşa təsviri üçün Üzeyir Hacıbəyov və Bülbülün yada salınması xarakterikdir. Azərbaycan əsgəri bu dahilərin yurdunu düşmən tapdağından qurtarmaq üçün qol çırmayır. Deməli:

Şuşa – Bülbülün səsi, Şuşa – səsin bülbülü,
Sözün İsa bulağı, muğamın zənguləsi.
Bəstəkar yetirməsə bundan sonra min il də
Min il diri qalacaq Üzeyir bəyin səsi.
Və Azərbaycan əsgəri:
Qalaya girməlidir, hava kimi ruh kimi,
Tankın, topun üstünə boş əllə getməlidir.
Qonşusunun yurduna soxulmağın sonunu
Otuz il qanmayana bu gün öyrətməlidir…

Sabir Rüstəmxanlı qələmində Şuşanın işğaldan azad edilməsi İstanbulun fəthi qədər möhtəşəmdir. Sultan Mehmed İstanbulu fəth edərkən hansı əzab-əziyyətə qatlaşmışdısa, çətinliklərə sinə gərmişdisə, Azərbaycan əsgərinin Şuşa fəthində də eyni ruh var. Poemanın həmin hissələrini oxuduqca insanı cənginə almış həyəcan hissi artır. Bir anlıq müharibənin artıq bitdiyini, nikbin sonun yaşandığını unudur, sözün sehrinə düşürsən. Görəsən, sərt sıldırımlarla, qayalarla Şuşaya doğru irəliləyən əsgər məqsədinə çatacaqmı? Bəs yaralı yoldaşı, onun aqibəti necə olacaq? Şair elə o əsgərin öz dilindən yaralı yoldaşına səslənməsi ilə suallara cavab tapır:

Qollarımı boynuma bərk-bərk dola, buraxma,
Səni qaldıracağam bu daşlar buz olsa da!
Yaran da sağalacaq, Şuşanın havasından,
Bir yerdə gedəcəyik bu yol sonsuz olsa da!..

Hesab edirəm ki, poemadakı bir çox misralar Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin dilindən marş kimi də səslənə bilər. Bu misralarda qəhrəmanlıqla vətənsevərlik, şeirlə ülviyyət bir-birini tam şəkildə tamamlayır, ruh yüksəkliyi, döyüş əzmi və dirəniş aşılayır.

“Qarabağa dönüş”də müqəddəs Zəfərə aparan yol incəliklərinədək təsvir olunduğu kimi, Zəfər sevinci, onun gətirdiyi qürur hissi də göstərilir. Otuz illik həsrətə 44 gün ərzində son qoyan Vətən həm fəxr duyur, həm şəhidlərinin yasını tutur, həm də viranə qalmış yurd yerlərinə tamaşa edərək dərindən köks ötürür. Bu anlamda aşağıdakı sətirlərin tayı-bərabərinin olmadığı qənaətindəyəm:

Allahın hökmü ilə yazılmışdı bu yazı,
Millətimin zilləti axır çatmışdı sona.
30 illik həsrətin alınmışdı qisası,
Bir milyon göz baxırdı öz viranə yurduna!

Viranə qalmış yurd yerləri üçün acı çəkən müəllif nikbindir, sabaha son dərəcə ümüdlüdür. Bax, məhəbbət atəşli romantika elə bu ümüddədir:

“Yar-yarını istəsə!” – dağlardan bir qız səsi,
Əbədi bir gəncliklə sevgisini oxuyar.
Yenə hər gün Turşsuda bir Koroğlu nərəsi,
Yenə qızlar xalçada Nigar eşqi toxuyar.

“Bir vaxt Nuru paşa da gəldi qardaş hayına” deyən şair tarixin keşməkeşlərində qanad çalaraq türk toplumunun vəhdətindən söz açır. O, bu vəhdəti Türküstan adlandırmaqla nəhəng ideoloji istiqamət üçün yaradılmalı olan ədəbi bazaya son dərəcə müstəsna töhfə verir. Deməli, Sabir Rüstəmxanlı üçün Qarabağ zəfəri həm də böyük Turan ideyasının gerçəkləşməsi yolundakı keçilməsi vacib olan mərhələdir. Bu, elə bir mərhələdir ki, onda böyüyərək Turan olma da var, Turan deyəndə qorxub nifrət əkənlərin ümidini qırma da!

Və haqq davamızın dəstəkçilərinə ehtiram dolu təşəkkür nəğməsini xatırladan misralar:

Ey qoca Azərbaycan! Haqq nazilir, üzülmür,
Sənin zəfər gününə yazıram yeni dastan.
İki bitməz nəğməsi olmalı bu dastanın:
Birincisi Türkiyə, ikincisi Pakistan.

“Qarabağ dastanı. 30 ilin həsrəti – 44 günün zəfəri” toplusunda da yer almış “Qarabağa dönüş” poeması Xalq şairi Sabir Rüstəmxanlının sənət dünyasının təntənəsidir. Poemanı oxuduqca şairin daxili aləmini hiss edirsən. Hiss edirsən ki, o, qələbəyə, zəfərə köklənmək üçün sanki darıxmışdı. Sanki sözü fitili çəkilməsi mümkün olmayan bomba kimi saxlamışdı. Görəsən, o, qələbə ruhlu sözü neçə il içində saxlayıb? Hər halda bu müddət 30 ildən daha çoxdur. Fikrimcə, Sabir müəllim “Qarabağa dönüş”lə o bombanı partlatdı. Bu partlayışdan faydalanan isə təkcə ədəbiyyatmız və xalqımız deyil, bütövlükdə türk dünyasıdır.

Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının sədri

www.yenicag.az

238
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100