!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda artan gərginlik: "Azərbaycanın bufer zonası yaratmaq haqqıdır"

!Reklam – Yazi

“Azərbaycanın dövlət sərhədində bufer zonası yaratmaq haqqıdır”.

Bu fikri Qarabağda artan gərginlik fonunda antiterror və sülhə məcburetmə əməliyyatlarının keçirilmə ehtimalını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, Qarabağda terrorçular olduğu müddətdə antiterror əməliyyatlarının keçirilməsi həmişə gündəmdə olacaq:

“Qarabağda qanunsuz hərbi birləşmələr var. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazidə silahlı bölmələr var. 3 tərəfli bəyanatda onların tərkisilah edilməsi ilə bağlı bənd olsa da, bu yerinə yetirilməyib. Digər tərəfdən, mütəmadi olaraq Qarabağdakı terrorçular tərəfindən atəşkəsin pozulmasının şahidi oluruq. O birləşmələr nə qədər Azərbaycan ərazisindədirsə, hər zaman antiterror əməliyyatları keçirilə bilər. Hər bir ölkə öz daxilində antiterror əməliyyatı apara bilər.

Dövlət sərhədində atəşkəsdir. Dövlət sərhədinə yaxın yaşayış məntəqləri var. Dinc əhali orada yaşayır. Hər bir dövlətin sərhədə yaxın yaşayan vətəndaşlarının təhlükəsizliyini təmin etmək borcu var. Ona görə də atəşkəs dövlət sərhədində pozulursa, Azərbaycan dövlətinin haqqı var ki, o təhlükəni aradan qaldırmaq üçün dövlət sərhədində də antiterror əməliyyatı aparsın. Əməliyyat nəticəsində təhlükə yaradan mövqelər zərərsizləşdirilir, bu da müasir deyimdə bufer zonası adlanır. Əgər ehtiyac varsa, Azərbaycanın dövlət sərhədində bufer zonası yaratmaq haqqıdır.

Atəşkəs rejimi daimi ola bilməz. Azərbaycan tərəfinin atdığı addımlara baxanda görürük ki, Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Əgər sülh müqaviləsi imzalanarsa, atəşkəsdən söhbət getməyəcək. Ermənistan bundan imtina edirsə, Azərbaycanın haqqı var ki, sülhə məcburetmə əməliyyatını da keçirsin. Sülhün bərqərar edilməsi, sülh şəraitinin yaradılması, sərhədlərə yaxın yaşayış mənətəqlərinin təhlükəsizliyi üçün Azərbaycanı bu tip əməliyyatlar keçirməyə məcbur edə bilərlər”.

Səxavət Məmməd

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv