!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağda həyatın tam bərpa edilməsi: “Böyük Qayıdış” necə həyata keçirilir?

!Reklam – Yazi

Turan Rzayev: “Prezident İlham Əliyevin Füzuli səfəri zamanı yenidənqurma işlərinin yüksək səviyyədə təşkilini bütün dünya gördü”;

Aydın Hüseynov: “Azərbaycanın hazırda prioritet gördüyü əsas məsələlərdən biri otuz il dədə-baba yurduna həsrət qalan soydaşların öz evlərinə qayıtmasıdır”.

44 gün davam edən Vətən müharibəsinin üzərindən 3 il kimi qısa bir müddət keçməsinə baxmayaraq, Azərbaycanın qəhrəman oğullarının qanı və canı bahasına işğaldan azad etdiyi ərazilərdə əhalinin məskunlaşması işində böyük irəliləyişlər müşahidə olunur. Ötən vaxt ərzində işğaldan azad edilən ərazilərdə 30 ildə erməni vandalizminin nəticəsi kimi ortaya çıxan böyük dağıntıların, yerlə bir edilmiş kəndlərin bərpası istiqamətində dövlət proqramı uğurla icra edilir və həyatın yenidən canlandırılması üçün maksimum performans sərgilənir.

Son olaraq prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bu məsələyə diqqət çəkərək insanların rahat yaşaması üçün dövlətin hər şeyi edəcəyini vurğulayıb:

“Onu da bildirməliyəm ki, biz bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetiririk. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. Şəhərin özünəməxsus məşğulluq imkanları var. Əlbəttə ki, kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara kömək göstərəcək – texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə. Özünüməşğulluq proqramı icra ediləcək ki, burada həyat qaynasın. Əminəm ki, müəyyən müddətdən sonra Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək. Çünki bizim iqtisadiyyatımızın, bax, buradan qalxması ümumi inkişafa da böyük töhfə olacaqdır”.

Mövzu haqqında fikirlərini səsləndirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlət siyasətinin qarşısında duran əsas hədəflərindən biri “Böyük Qayıdış”ın gerçəkləşməsidir:

“Qarabağın bərpa prosesi istiqamətində kifayət qədər böyük işlər görülüb. Yeni qəsəbələr, kəndlər salınıb. Hətta bir çox kəndlərin yenidən qurulduğunun belə şahidi olmuşuq.

Bu proseslər fonunda artıq Qarabağda həyat geri qayıtdı. Laçına köçü xüsusi qiymətləndirə bilərik. Prezident İlham Əliyevin Füzuli səfəri zamanı yenidənqurma işlərinin yüksək səviyyədə təşkilini bütün dünya gördü. Tez tez Qarabağa xarici media orqanlarının, diplomatların, siyasi şəxslərin səfərlərinin gerçəkləşdirdiyinin şahidi oluruq. Bu addımların əsas məqsədi görülən işlərin dünya ictimaiyyətinə çatdırılmasıdır. Azərbaycan Qarabağda yalnız quruculuq-bərpa işləri həyata keçirmir, həm də görülən işlərin real kadrlarını ictimaiyyətə təqdim edir.

Qarabağ yaxın perspektivdə daha sürətlə inkişaf edəcək. Yaxın gələcəkdə xüsusilə Şuşa və Xankəndiyə qayıdışın da şahidi olacağıq. Qarşıda bizi gözləyən ən vacib məsələlər bərpa prosesinin, “Böyük Qayıdış” siyasəti və onun yekunu, habelə Qarabağda həyatın tam olaraq bərpa edilməsidir.

Qarabağ Azərbaycanın böyük ölçüdə həm kənd təsərrüfatının sənaye, həm turizm mərkəzi olacaq. Azərbaycanın Avropa bazarına çıxaracağı yaşıl enerjinin əsas istehsal ediləcəyi məkan məhz Qarabağ və Şərqi Zəngəzur regionları olacaqdır”.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Aydın Hüseynov deyib ki, Azərbaycan artıq bütün ərazilərdə suverenliyini bərpa edib:

“İşğaldan azad edilən torpaqlarda çox keçmədən artıq bərpa-quruculuq işləri görülməyə başlandı. Kommunikasiya xətləri, yollar, tarixi abidələrin restavrasiyası və sair, bir sözlə dövlət proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə konkret fəaliyyətə start verildi.

Azərbaycanın hazırda prioritet gördüyü əsas məsələlərdən biri otuz il dədə-baba yurduna həsrət qalan soydaşların öz evlərinə qayıtmasıdır. Bu istiqamətdə prezident İlham Əliyevin sərəncamı ilə dövlətimiz “Böyük Qayıdış” proqramı hazırladı. Proqram çərçivəsində vətəndaşların işğaldan azad olunan ərazilərə qısa vaxt ərzində qaytıması üçün hər bir hal nəzərə alınıb.

Artıq Laçın, Zəngilan və Füzulidə həyat geri qayıdıb. Qarabağda məskunlaşmanın artması ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Yaxın perspektivdə Azərbaycanın iqtisadiyyatında, sənayesində, turizmində daha sürətli inkişafın şahidi olacağıq. Bunun üçün həm potensial, həm də dövlət proqramları var.

Əlavə olaraq, Azərbaycanın hər qarışı kimi Qarabağda da xüsusi strateji əhəmiyyət daşıyan faydalı qazıntı yataqları var. Faydalı resursların istehsalı, bərpa-quruculuq işlərinin görülməsi – bir sözlə Qarabağda həyatın geri qayıtması üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Əlavə olaraq, xarici investisiyaların qoyulması, Qarabağda cəlb edilməsi, həmçinin yerli sahibkarların daha yaxşı fəaliyyətinin təmin olunması üçün qanunla tənzimlənən bir sıra güzəştlər nəzərdə tutulub.
Qarabağda insanların məskunlaşması, məşğulluğu, təhlükəsizliyi üçün hər bir şeyin dövlətimiz tərəfindən nəzərə alındığını və işlərin daha sürətlə həyata keçirildiyini qeyd etmək xüsusilə çox vacibdir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

529
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv