!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağın ümumi inkişaf tempinə UYĞUNLAŞDIRILMASI: Dövlət bu yöndə hansı addımları atır? - TƏHLİL

!Reklam – Yazi

Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra inkişafın və gücün təməli kimi məhz iqtisadiyyatın inkişaf etdirilməsi qarşıya hədəf qoyuldu. Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı olan Preziden İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi və regionun siyasi gücünə çevrilmək yolunda məqsədyönlü addımlar ataraq ölkənin beynəlxalq nüfuzunun artması fonunda bu niyyətin gerçəkləşdirilməsinə nail olub.

30 illik erməni işğalından azad olunan Qarabağ bunun bariz nümunələrindən biridir. Regionların sosial-iqtisadi inkişafı istiqamətində Qarabağın mühüm əhəmiyyət kəsb etməsinin əlavə izahata ehtiyacı yoxdur. “Böyük Qayıdış” planının icrası fonunda Qarabağın dirçəldilməsi, ölkə iqtisadiyyatına töhfə verməsi istiqamətində təşviq, kommunikasiya xəttlərinin çəkilməsi və sahibkarlar üçün hər bir şəraitin yaradılması Azərbaycanın gələcəyi üçün vacib addımlar sayılır.

Mövzu barəsində Yenicag.az-a fikirlərini bölüşən iqtisadçı Elman Sadıqlı bildirib ki, ümumilikdə götürsək, iqtisadi uğurun əsas təməli xarici investisiyanın cəlb edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır:

“İlk olaraq nəzərə almaq lazımdır ki, regionların iqtisadi inkişafı o ərazilərə cəlb edilən investisiyalardan, açılan yeni iş yerlərindən birbaşa asılıdır. Əgər sadalanan amillər reallaşdırılarsa, sabit iqtisadi mühit yaranacaq. Nəticədə isə regionlar öz dövriyyələrini təmin edəcək, iqtisadi inkişafa doğru atılan addımlarla sürətli yüksəliş baş verəcək. Belə olan təqdirdə isə artıq yeni iş yerləri açılacaq, həmçinin sosial rifah da yüksələcək.

Təbii olaraq əhali yerli özünüidarəetmə orqanları üçün səlahiyyətli şəxsləri seçməlidirlər. Onlar da il sonunda yaxud, altı aydan bir regionun iqtisadi inkişafı ilə bağlı dövlətə və ictimaiyyətə hesabat verməlidirlər. Əgər müsbət irəliləyiş yoxdursa, ya həmən şəxs işindan azad olunmalı, ya da barəsində müəyyən tədbirlər görülməlidir. Belə olduqda, səlahiyyətli şəxslər arasında məsuliyyət artacaq və rəqabət formalaşacaq. Yəni investisiyanın cəlb olunmasını təmin edəcək, iqtisadiyyatın inkişafına töhfə verən addımlar atacaq. Bir sözlə, investisiya uğrunda mübarizə olacaq.

Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı deyildikdə, yalnız dövlətin atdığı və ya atacağı addımlar göz önünə gətirilir. Lakin belə olmamalıdır. Dövlətin regionda iş yeri açması məfhumu sovetin dövründə qalıb. İnfrastruktur layihələr həyata keçirən, kommunikasiyanın əlçatanlığını təmin edən məhz dövlətimizdir. Bu şəraitdən necə istifadə etmək və görülməli olan digər işləri reallaşdırmaq isə həmin regionun səlahiyyətli şəxslərindən asılıdır”.

Bəhs olunan məsələ barəsində Yenicag.az-a danışan İqtisad üzrə fəlsəfə doktoru, Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Təbriz Yadigarov bildirib ki, müstəqilliyimizin bərpasından sonra ölkə iqtisadiyyatındakı ilkin gerilik, o mərhələdə atılan uğurlu addımlar və xüsusi diqqət indiki güclü iqtisadiyyatın formalaşmasına yol açıb:

“Mühüm beynəlxalq razılaşmalar fonunda Azərbaycan iqtisadiyyatı ildən-ilə gücləndi və nəticəsdə ölkəmiz hazırda regionun söz sahibinə və xarici investorların cazibə nöqtəsinə çevrilib. Müxtəlif xarici şirkətlər Azərbaycana gəldi, neft sənayesi inkişaf etdirildi, gələn gəlirlər isə digər sahələrin də inkişafına yönəldildi.

Ulu Öndərin ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətindəki siyasi kursu artıq öz bəhrəsini ən yüksək səviyyədə verir. Əlavə olaraq, regionların sosial-iqtisadi inkişafı da qarşıya qoyulan mühüm vəzifələrdən biri idi. Sahibkarlara vergi və digər sahələrdə edilən güzəştlər regionların iqtisadi inkişafına müsbət təsir göstərdi.

Dövlət proqramlarının tətbiq olunması, davamlı qayğı və diqqət regionlarda yeni iş yerlərinin açılmasına, sosial rifahın yüksəlməsinə zəmin formalaşdırdı. Sadalanan amillər fonunda regionların iqtisadi inkişafı ötən illərlə müqayisə 3 dəfə artıb, işsizlik səviyyəsi isə əhəmiyyətli dərəcədə azalıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfəri ilə işğaldan azad etdiyi Qarabağın da ölkənin iqtisadi inkişafında mühüm potensialı var. Həm turizm, həm təbii ehtiyatlar, həm də əkinə yararlı torpaq sahələri baxımından zəngin olan Qarabağın dirçəldilməsi yaxın perspektiv üçün dövlətin prioritet məsələsi sayılır. Bu məqsədlə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq vergi güzəştlərinin, sadələşdirilmiş gömrük rüsumlarının tətbiqi mühüm nəticələr verəcək”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv