!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qars - Naxçıvan dəmir yolu XƏTTİ: “Şərqlə Qərbi birləşdirə biləcək ən qısa yol”

!Reklam – Yazi

“Azərbaycan və Türkiyə hökumətləri layihənin iqtisadi və həm də siyasi əhəmiyyətini nəzərə alıb, onun reallaşdırılmasını mümkün qədər sürətləndirməyə cəhd göstərirlər”.

Bu sözləri Qars – Naxçıvan dəmir yolu xəttinin reallaşmasına münasibət bildirən İqtisad elmləri doktoru, professor Fikrət Yusifov Yenicag.az-a açıqlamasında qeyd edib.

O bildirib ki, Qars – Naxçıvan dəmir yolu layihəsi bölgədə və regionda yerləşən bütün ölkələrə iqtisadi divident gətirəcək:

“Azərbaycan və Türkiyə bu layihəni reallaşdırmağı artıq çoxdandır ki, hədəfləyib. Layihə ətrafında iki dövlət arasında 10 ildən çoxdur ki, müzakirələr aparılır. Hər iki qardaş ölkənin hökumətləri bu layihənin gələcək perspektivlərinə böyük önəm verir. Şərqlə Qərbi birləşdirə biləcək ən qısa dəmir yolunun çəkilməsi ilə Orta yolun bərpası, tək iki ölkənin deyil, regionun bütün ölkələrinin iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək. Dəhlizin açılması isə mütləq baş tutacaq. Ermənistanın bununla bağlı yersiz dirənişləri bu gün heç nəyi həll etmir. Ortada dəyəri yüz milyard dollarlarla ölçülən yüklərin Şərqdən Qərbə ən qısa quru yolu ilə daşınmasından gedir.

Daşımalarda yüklərin çatdırılması müddətinin azaldılması investorlara əlavə qazanc əldə etmək imkanları yaradır. Daha doğrusu daşıma müddətinin iki dəfə qısaldılması, əldə olunan mənfəətin də bu qədər artması deməkdir. Beləliklə, ortada bu qədər böyük maraqlardan söhbət gedərkən, Ermənistan qədər kiçik və iqtisadi cəhətdən cılız bir dövlətin Zəngəzur dəhlizinin açılmasına necə münasibət bəsləməsi heç nəyi həll etməyəcək. Dəhliz açılacaq. Çünkü ortada bir ildə quru yolla Şərqdən Qərbə 840 milyard dollardan çox məhsul ixrac edən Çinin və bu məhsulun çatdırıldığı Avropa İttifaqı ölkələrinin böyük maraqları dayanır.

Azərbaycan və Türkiyə hökumətləri layihənin iqtisadi və həm də siyasi əhəmiyyətini nəzərə alıb, onun reallaşdırılmasını mümkün qədər sürətləndirməyə cəhd göstərirlər.

Layihə ətrafında aparılan müzakirələrin birinci mərhələsi 2020-ci ilin fevral ayının 25-də “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsi ilə bağlı Anlaşma Memorandumu”unun imzalanması ilə başa çatdı.

Bunun ardınca, cari ilin sentyabar ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində, Naxçıvanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar. Bu layihənin reallaşdırılması istiqamətində növbəti, üçüncü addım isə iki qardaş ölkə arasında yaxın vaxtlarda müvafiq müqavilənin imzalanması ilə atılacaq.

Ermənistan bir dövlət kimi varlığını qoruyub saxlamaq istəyirsə, bölgədə böyük güclərin də maraqlarına uyğun reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizi layihəsini nəinki dəstəkləməli, hətta ona öz xilası kimi baxmalıdır. Ən azından ona görə ki, böyük həcmdə yüklərin bu dəhliz vasitəsilə daşınması Ermənistan büdcəsinə, onun yatıb yuxuda görə bilməyəcəyi milyardlarla dollar gəlirin gətirilməsini təmin edə bilər. Azərbaycan bu yolun nə qədər maraqlı ola biləcəyini hələ 10 il bundan öncə, Çinin dövlət rəhbəri “Bir kəmər, bir yol” layihəsini 2013-cü ildə elan edən kimi dəyərləndirdi.

Çin Xalq Respublikasının sədri Si Cinpin 2013-cü ilin sentyabr ayında “Bir kəmər, bir yol” layihəsini ortaya qoyduqdan sonra, bütün ölkələr içərisində bu layihəni ilk dəstəkləyən Azərbaycan oldu. Azərbaycan Prezidenti bu layihənin gələcəkdə ölkəmiz üçün nə demək olduğunu vaxtında uzaqgörənliklə dəyərləndirdi. Elə bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ilin dekabrında Çinə rəsmi səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında Memorandumu” imzalandı.

Bir sözlə, Qars-Naxçıvan dəmir yolu layihəsi Azərbaycanla Türkiyənin bölgədə reallaşdıracağı və regionda yerləşən bütün ölkələrə iqtisadi divident gətirəcək, böyük güclərin maraqlarını təmin edəcək dəyərli bir layihə olacaq”.

Yusif Səmədzadə

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv