!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarşılıqsız sevgi, özgüvən əskikliyi, narsisizm: “Hər 10 insandan 3-ündə...” – ARAŞDIRMA

!Reklam – Yazi

Günümüzdə insanların böyük bir hissəsi narsisizmdən əziyyət çəkir. Əslində, cəmiyyətimizdəki fərdlərin çoxu bunun nə olduğunu bilmir. Yəni sözügedən psixoloji problemin simptomlarını yaşasa da, özündə olmasının fərqinə varmır.

Bəzən kimisə sevdiyimizi, dərin məhəbbət hissi bəslədiyimizi düşünürük. Qarşımızdakı şəxs isə bizə istədiyimiz qayğı və diqqəti göstərmir. Bu proses də insanlarda özgüvən əskikliyi yaradır.

Psixiatrların araşdırmasına görə, cəmiyyətdə hər 10 insanın 3-ündə eqo problemi var. Belə ki, insanlar öz mənfəətləri və eqosunu tətmin etmək naminə ətrafındakı digər şəxsləri özlərindən aşağı səviyyədə görürlər. Bu da narsisizm adlandırdığımız xəstəliyin ilk simptomlarıdır.

Bəs, narsisizm nədir? Narsisizmin günümüzdəki yeri nədir? Bu prosesi cəmiyyətimizdəki ailə-məişət problemləri ilə niyə əlaqələndirik?

Yenicag.az narsisizmin nə olduğunu və psixoloji aspektlərdən araşdırılmış məlumatları təqdim edir.

Narsisizm insanların həddindən artıq özünə “vurğun” olmasıdır. Bu problemi yaşayan insanlar demək olar ki, özlərindən başqa heç kəsi önəmsəmir, yalnız özünü sevir. Tibbdə bu xəstəlik “Narsistik şəxsiyyət pozuntuları” adlanır.

Ailə üzvlərimizin, dostlarımızın və ya ətrafımızdakı insanlardan hər hansı birinin narsist olduğunu necə bilmək olar?

İlkin olaraq, narsist insanlar həddindən ziyadə təkəbbürlü olur. Ən sıradan uğurlarını belə şişirdərək danışır. Bundan əlavə, onlar xüsusi və əvəzolunmaz biri olduğuna inanır, digərlərindən daha üstün münasibətə layiq olduğunu düşünür. Eyni zamanda narsist şəxslər başqa insanların uğurlarını qısqanır. Hətta onlar öz maraqları üçün hər kəsdən istifadə edə bilmə potensialına malikdir.

Narsist insanları dərman vasitələri ilə müalicə etmək mümkün deyil. Çünki onlar davranışlarının normal olduğuna inanır, bunun bir xəstəlik olduğunu qəbul etmirlər. Həmin şəxsləri yalnız təcrübəli psixoloq və ya psixiatr müxtəlif seanslarla müalicə edə bilər.

Bəzən ailədaxili münasibətlərdə də şahid oluruq ki, iki partnyordan biri digərinə çox kinli, özündən razı və vecsiz davranır. Belə hallarda boşanmaların sayı da artmağa başlayır.

Mütəxəssislərin fikirlərinə görə, narsisizm sosial şəbəkələr tərəfindən də insanlara aşılanır. Biz internetdə Hollivud ulduzlarının “qüsursuz” həyat tərzlərinə baxırıq, onlar kimi olmaq istəyirik. Bu da zamanla narsist düşüncələrin formalaşmasına gətirib çıxarır.

Şahanə Paşa

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv