!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarşımıza çıxanların qarşısına çıxma zamanı - Çingiz Özgür yazır

!Reklam – Yazi

Çox uzaq tarixə gedəsi deyiləm. Ağlımız kəsəndən, gözümüz görən, qulağımız eşidən, qısacası, şahidi olduğumuz bəzi tarixi hadisələrə nəzər yetirəcəm. Gəlin birlikdə xatırlayaq.20 yanvar 1990-cı il. Öz azadlığını, müstəqilliyini istəyən bir xalq bir anda qarşısında rus əsgərini gördü və faciə başladı. Ölkə paytaxtı səhəri qanlı görüntülərlə açdı. Onlarla şəhid, yüzlərlər yaralı. Nalə çəkən, ağlayan, fəryad qoparan insanlar. Dağılan şəhər görüntüləri, tanklar altında əzilən insan fotoları, qısacası, soyqırımı mənzərələri. Hər bir azərbaycanlının yaddaşında yer tutan, zaman-zaman yenilənən bu görüntülər, bütün bunlar qarşımızda rus əsgərini görməyimizlə bərabər baş verdi.

26 fevral 1992-ci il. Tarixi Azərbaycan şəhəri Xocalının azərbaycanlı əhalisi bir anda qarşısında ruslara məxsus, tərkibi tamamilə rus əsgərindən təşkil edilmiş 366 nömrəli motoatıcı polku gördü. Meşələrə səpələnmiş insanlar, qar üstünə axıdılmış qanlar, öldürülmüş yüzlərlə qadın, uşaq, qoca. Doğranmış meyitlər, xüsusi amansızlıqla öldürülmüş insanların qalıqları, qarnı yarılaraq bətnindəki uşaq doğranmış hamilələr. Bir gecədə, bir anda məhv olmuş yüzlərlə insan həyatı. Yenə soyqırımı. Yenə də o insanların qarşısında rus əsgərini görməsindən sonra baş vermişdi bütün bunlar. Beynimizin bir tərəfi hələ də “Xocalı” zarıyır, ürəyimiz hələ də xocalılara yanır…

Yaddaşımızı qurdalamaq belə lazım deyil, eləcə düşünün, onlarla hadisə, fakt düşəcək yadınıza. İstənilən tarix kitabını açsaq, xalqımızın başına gələn bəlaların ən böyük səbəbinin onlar olduğunu görəcəyik. Tarixdəki bütün bəlalarımız qarşımızda gördüyümüz rus əsgərindən sonra başımıza gəlib. Yaşadığımız bütün dərdlər onların qarşımıza çıxması ilə başlayıb. Zaman-zaman demişik, dilə gətirmişik. Zaman-zaman isə heç deyə də bilməmişik. Daha böyük faciələrə düçar olmayaq deyə susmuşuq, “dost” olmuşuq, “mehriban qonşu” olmuşuq. Amma xalq olaraq heç vaxt heç nəyi unutmamışıq. Dövlət səviyyəsində deyilməsə də, xalq səviyyəsində hər zaman danışılıb. Bəzənsə üstündən illər keçdikdən sonra dövlət adamlarımız, yüksək rütbəli hərbçilərimiz etiraf ediblər. Bilmişik ki, illər əvvəl yaşanan filan bəlanın da əsl baiskarı onlar imiş. O hadisədə də qarşımızda imiş rus əsgəri.

Bu yaxınlarda general Elbrus Orucovun müsahibəsi yayıldı. General 30 il sonra etiraf etdi ki, Şuşanı məhz rus hərbçiləri işğal edib. “May ayında Şuşanı Rusiya ordusu bombalayırdı”, – deyən Elbrus Orucov sonra daha da konkretləşdirir: “Şuşa Rusiya ordusunun Gürcüstandan Xankəndiyə gətirilmiş desant qüvvələrinin birbaşa rəhbərliyi ilə işğal olundu”. Bax belə. Bizdən müqəddəs Şuşamızı alan da onlar imiş. Şuşa faciəsinin də öncəsində qarşımızda rus ordusunu görmüşük, demək ki.

Daha bir fakt isə ən yüksək səviyyədə, rəhmətlik eks-prezident Əbülfəz Elçibəy tərəfindən deyilib. Hələ 2000-ci ildə. Ovaxtkı ANS kanalının “Ən yeni tarix” adlı verilişində. Əbülfəz bəy üzünü generallardan birinə tutaraq soruşur: “Siz Müdafiə Nazirliyənə məlumat vermişdiniz ki, biz Laçının üstündəyik, 2 kilometrliyindəyik, bu gün götürürük. Düzdür?” – General təsdiq cavabı verir və Bəy davam edir: “ Digər alay isə Şuşanın üstünə gəlmişdi, Şuşaya 15 kilometr məsafədə də onlar idi. Biz istəyirdik ki, həm Şuşanı götürək, həm də Laçını götürək”. Məhz bu anda məlumat gəlir: “Laçına rusların başçılıq elədiyi, rus korpusuna aid olan bir alay hücum elədi, biz onun qarşısını ala bilmədik. Biz Laçını götürə bilmirik…”

Demək ki, 1992-ci ildə, Laçının bir addımlığında, Şuşanın yaxınlığında olan Azərbaycan Ordusu qarşısında rus ordusunu görüb və dayanıb. Utanmalı bir şey yoxdur, hamı bilir. Onlar bizdən çoxdurlar, güclüdürlər, amansızdırlar. Onlar tək bizim yox, neçə-nəçə xalqın tarixində qara ləkə, dərddirlər. Onlar nə vaxt, kimin qarşısına çıxdılarsa, faciə gətirdilər özləri ilə.

Amma bu günlərdə, deyəsən, hər şey tərsinə dövr edir. Bu dəfə biz onların qarşısına çıxmışıq. Ağıllarına gəlməyən başlarına gəlib. Öncə əlində mikrofonu, dilində “Bura mənim torpağımdır!” nidası ilə gənc bir jurnalist dikəldi qarşılarına. Öz tarixi torpağına, evinə getmək üçün: “Çək, Fərmayıl, çək”, – dedi, yolu qabağına qatıb yeridi. Bir neçə məsləkdəşı ilə bilrikdə illərdir bizim qarşımıza çıxıb bizi bəlalara düçar edən rus əsgərinin qarşısına çıxdı bu gənc jurnalist.

Dünəndən isə sayca daha çox, daha yaxşı təşkil edilmiş formada rus əsgərinin qarşısındayıq! Şuşa yaxınlığında, Xankəndi yolunun üstündə dünəndən bəri çadır qurub etiraz edən qardaş- bacılarımız tarixin təkərini geri çevirən adamlardır. İllərlə qarşımıza çıxanların indi biz qarşısına çıxmışıq. Möhkəm olun, əziz həmvətənlər. Bu prosesin başlanması belə bizim qələbəmizdir. Və bitməsi də bizim qələbəmizlə olacaq!

Biz yaxşı bilirik, adına “sülhməramlı” da desən, hətta “sülh göyərçini” də desən, dəxli yoxdur. Bunlar elə onlardır. 20 yanvardakı qatillərdir, Xocalıdakı 366-cı alayın əsgərləridir, Şuşanı işğal edib erməniyə peşkəş edən xüsusi təyinatlı ordudur, Laçında bizim ordumuzun qarşısına çıxan alaydır. Rus həmin rusdur. Bircə fərq var, bu dəfə Azərbaycan xalqı rus ordusunun qarşısına çıxıb. Bu dəfə biz diqtə etməliyik. Biz onlara anlatmalıyıq, nə doğrudur, nə yanlış.

Bu gün olmasa belə, mütləq ki, yaxın günlərdə biz istəyənlər olacaq. Haqq əvvəl axır öz yerini tutmalı, xalq öz tarixi torpaqları üzrərində istədiyi və arzuladığı kimi yaşamalıdır.

Hə, ən sonda onu da deyim. Bilirəm, deyəcəksiniz ki, nə qəhrəmanlıq əşşi, təşkil edilmiş hadisədir. Mən də deyirəm ki, əgər elədirsə, lap yaxşı. Demək ki, dövlət olaraq, ölkə olaraq da rus ordusunun qarşısına çıxma gücündəyik. Demək ki, böyükdən kiçiyə, vəzifəlidən sıraviyə, hökumətdən müxalifətə kimi hər kəs eyni düşünür – bir daha qarşımıza çıxmasınlar deyə sonadək qarşılarında olmalıyıq! Bitməlidir, bitəcək də!

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv