!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qaydalar yumşaldılsın, cəzalar sərtləşdirilsin” – Adil Qeybulladan YENİ TƏKLİFLƏR

!Reklam – Yazi

“Polis hər nüansa nəzarət edə bilməz, burada əsas nəzarətçi şüur və məsuliyyət olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri son günlər ölkədə koronavirusa yoluxanların bu infeksiyadan sağalanların sayını üstələməsinə münasibət bildirən professor Adil Qeybulla deyib.

Son göstəricilərin ciddi narahatlıq doğurduğunu qeyd edən Adil Qeybulla bildirib ki, pandemiya ilə mübarizənin gedişində mənfi dinamikanın yaranmasına insanların laqeydliyi təsir göstərir:

“SMS icazə tətbiq olunandan sonra da yaxın qohumlar, dostlar kütləvi də olmasa, görüşüblər, ev ziyafətləri təşkil ediblər. Hətta SMS icazəsi dövründə hamı maskalardan istifadə etməyib. Bakı kəndlərində, şəhərdəki bina məhəllələrində insanların müəyyən icazəsiz hərəkət azadlığına və bu zaman karantin qaydalarının pozulmasına göz yumulub.

Bina evlərində bayıra çıxan insanların liftdən istifadə zamanı lift düyməsinə, divarına, dəstəklərə toxunması, liftin içərisində birgə hərəkət zamanı ağız-burun aerozolundan yoluxma da nəzərdən qaçırılmamalıdır. Həmin proseslərdə yoluxmalar bu gün özünü göstərir.

Əlbəttə, insanların ünsiyyətə olan ehtiyacı başadüşüləndir, lakin bu karantin qaydalarının ciddi şəkildə pozulmasıdır. Bütün baş verənlər vətəndaş məsuliyyətinə bağlıdır. Polis hər nüansa nəzarət edə bilməz. Burada əsas nəzarətçi şüur və məsuliyyət olmalıdır”.

Adil Qeybulla qeyd edib ki, bu gün karantin qaydalarının yumşaldılması ilə insanların küçələrə axışması, baş verənləri sanki unutması, sosial məsafə gözləməməsi, maskadan istifadə etməməsi, şəxsi gigiyena qaydalarına əməl etməməsi əldə olunan nailiyyətləri heçə endirir, yeni reinfeksiya dalğasının əsasını qoyur:

“Yaranmış situasiyada bir neçə çıxış yolu mümkündür. Öncəliklə, karantin qaydalarını ləğv etmək, əvvəlki illərdəki respirator virus infeksiyalarına olan münasibəti sərgiləmək, hər şeyi taleyin ümidinə buraxmaq ola bilər. Bu halda total xəstələnmə baş verir, nəticədə hamı tibbi yardım ala bilmir, atipik pnevmoniya ilə ağırlaşan xəstələrin əksəriyyəti dünyasını dəyişir, sağalanların bir qismində əlillik yaranır.

Sonuncuların gələcəkdə, postpandemik dövrdə reabilitiasiyası, onlara ağ ciyər transplantasiyası məsələsi kimi problemlər ortaya çıxır. Bu zaman kollektiv immunitet formalaşır, virusun yaşamaq üçün məskəni (canlı hüceyrə) qalmadığından, yoxa çıxır. Nəzərə alaq ki, xəstələnib sağalan şəxsdə reinfeksiya təhlükəsi yoxdur. Lakin bu yol kütləvi tələfata aparan və milli təhlükəsizliyimizi təhdid edə biləcək yol olardı.

Digər yol karantin qaydalarını yenidən sərtləşdirmək, virus tamamilə yoxa çıxana qədər, yaxud vaksin tapılıb immunizasiya aparılana qədər sərt şəkildə davam etdirmək ola bilər. Nəzərə alaq ki, qarşıdan yay gəlir, istilər getdikcə artacaq. Proqnoza görə, bu il daha güclü və intensiv istilər gözlənilir. Belə istilərdə, xüsusilə yayda insanların uzun müddət sərt qaydalarla hərəkət azadlığının məhdudlaşdırılması, “evdəqal” rejimi xeyli problemli görünür.

Kütləvi depressiya, psixoloji sarsıntılar, istivurma halları arta bilər, xroniki xəstəliklərin kəskinləşməsi halları geniş xarakter ala bilər. Kondisionerlərin kütləvi istismarı bir tərəfdən elektrik problemi yarada bilər, digər tərəfdən kondisioner xəstəliyi arta bilər. Bununla yanaşı, sosial həyatı uzun müddət dondurmaq insanların yaşam şərtlərini pisləşdirə, ölkə iqtisadiyyatına sarsıdıcı zərbələr vura bilər. Düşünürəm ki, bu da effektiv yol hesab edilə bilməz.

Üçüncü yol isə karantin qaydalarını insanların hərəkət azadlıqları istiqamətində yumşaltmaq, lakin karantin şərtlərinə əməl edilməsinə sərt nəzarətin həyata keçirilməsi ola bilər. Bu zaman ticarət obyektlərinin, ərzaq mağazalarının, satış obyektlərinin, xidmət sahələrinin, bərbərxanaların fəaliyyətinə icazə verilir, lakin onların fəaliyyət qaydaları ilə bağlı xüsusi təlimatlar hazırlanır.

Vətəndaş məsuliyyəti artırılır, karantin qaydalarının pozulmasına administrativ və ictimai nəzarət gücləndirilir. Karantin qaydasını pozan hər kəs üçün ictimai qınağın artırılması, ictimai pressinqin gücləndirilməsi üçün mexanizmlər düşünülür. Elektron KİV-lər, media insanlara məsuliyyətli olmağın önəmi, karantin qaydalarının mahiyyəti və zərurəti haqda usanmadan təbliğati işini davam etdirir. Sonuncu ən optimal yol hesab edilə bilər”.

Gülşən Şərif

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv