!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin Yaxın Şərqdə NÖVBƏTİ SƏHVİ: “Əlində avtomat, əynində dama-dama ətək olan husilər...”

!Reklam – Yazi

“Bədbəxt husilər nə bilir ki, hansı gəmi İsrailindir, hansı gəmi başqa ölkənin?”

Bu fikirləri ABŞ və Qərb koalisiyası qüvvələrinin Yəmənə hərbi zərbələr endirməsini və münaqişənin miqyasının genişlənməsi ehtimalını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.Zərdüşt Əlizadə bildirib ki, Yaxın Şərqdə münaqişənin miqyasının genişlənməsi çox təhlükəli perspektiv vəd edir:

“Üç il Yəməndə yaşamışam, o ölkəni qarış-qarış gəzmişəm, yerli xalqla çox yaxından tanışam. Yəmənə qarşı Səudiyyə Ərəbistanının hərbi təcavüzü başlayanda dedim ki, onları ağır məğlubiyyət gözləyir. Belə də oldu. Husilər Yəmən şiələridir, onların İran şiələrindən fərqləri var. 800 il həmin şiələr Yəmənin imamları, rəhbərləri olublar. 1960-cı illərdə millətçilər Yəməndə imamı devirdilər, millətçi dövlət qurdular.

Oljas Süleymenovun sözüdür, millətçilərin qələbəsi millətin faciəsidir. Harada millətçilər hakimiyyətdə olubsa, millətin başına daş salıblar. O cümlədən, Yəmən millətçiləri də Yəmən xalqının başına daş saldı. Husilərin əl-Hausi adlı bir rəhbəri vardı. Bundan sonra özlərinə husi deməyə başladılar. Necə ki HƏMAS-ın briqadaları “İzzədin Qəssam” adınadır, Qərb də başladı Yəmən şiələrini husi adlandırmağa.

Husilər hakimiyyətə gələndən sonra Səudiyyə Ərəbistanı koalisiya qurdu və Yəmənə hücum elədi. Onda dedim ki, məğlub olacaqlar. Ərəb rəhbərləri bir-biriləri ilə çəkişirlər, ancaq millətə biganədirlər. Ərəb qara camaatı özlərini vahid millət hesab edir, Fələstini doğma torpaq sayırlar. Necə ki Kəlbəcər bizim torpaq idi, elə adam var Kəlbəcəri görməmişdi, ancaq doğma torpağı sayırdı. Ərəblər üçün də Fələstini elədir.

Onlar İsraili sevmirlər. Qəzza zolağında müharibə başlayanda, İsrailə nifrətləri lap artdı. Ərəblər arasında qara kütlənin hakimiyyəti ələ aldığı ölkə Yəməndir. Digərlərində əmrlər, şeyxlər, krallar öz keflərindədir. Yeganə olaraq, husilər başladılar İsraili vurmağa. Belə olduqda, ABŞ məsələyə qarışdı. Bundan sonra husilər bildirdi ki, Qırmızı dənizdə İsrailə gedən gəmiləri vuracağıq.

Bədbəxt husilər nə bilir ki, hansı gəmi İsrailindir, hansı gəmi başqa ölkənin? Ona görə də, bütün gəmiləri ucdantutma vurmağa başladılar. Gəmilər məcbur olub Afrika ətrafı ilə hərəkət etdilər. Nəticədə bir çox məhsulların qiyməti artdı, dünya iqtisadiyyatına ciddi ziyan dəydi.

Onda da ABŞ-la İngiltərə dedi ki, husiləri vuracağıq. Husi kimdir axı? Əlində avtomat, əynində dama-dama ətək olan döyüşçüdür. Dağlarda yaşayırlar. Onları sıradan çıxarmaq üçün gərək 10 milyon raket atasan. Müharibənin miqyası genişlənir. Bu toqquşmaya başqa dövlətlər də qarışa bilər. Bu, Qərbin növbəti səhvidir”.

Səxavət Məmməd

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv