Reklam: High Technic
hightechnic

Qəşəm Nəcəfzadə: "Arif Rəhimzadənin yanlışlığı darıxmaqdır"

Millət vəkili Arif Rəhimzadə həmişə atını birbaşa sürüb, onun həyatında sağa – sola dönmək olmayıb. Düz yolla irəliləmək onun qismətidir. Məntiqləri həmişə aydın başa düşülüb. Uzaq-yaxın illərdən başlayaraq, hər zaman vahid bir ideya istiqamətdə hərəkət edib. Çoxları onun çıxışlarını, hər hansı bir məsələdə: “Arif Rəhimzadə nə deyə bilər ?” – məntiqini əzbərdən bilir.

Bəs xalqın əzbər bildiyi hörmətli millət vəkilimiz nədən böyük bir yanlışlığa yol versin? “Biz türk deyilik” ifadəsini dilə gətirsin? Bəlkə millət vəkili yeni yaradıcılığa başlayır. Yaradıcılıq adamı həm sevdirir, həm də qalmaqala sürükləyir. Mən bədii yaradıcılıq demirəm. Məsələn, Aqil Abbasın “soğan” söhbəti, Hadı Rəcəblinin “müəllim və pensiya ilə bağlı” təklifləri, Bahar Muradovanın “yorğan” məsələsi, Hüseynbala Mirələmovun “az yeyib arıqlamaq kimi” tövsiyələri millət vəkillərinin işdən sonra yeni yaradıcılığı kimi başa düşülür. Sanki yorulmuş millət vəkilləri belə danışmaqla bir az istirahət edirlər. Yəni burada stresə antistres qalib gəlir. Qanun layihələrinin müzakirəsindən sonra vəkillərə bir az dinclik lazımdır, ya yox? Millət vəkilləri bu “dincliyi” xalqın başa düşdüyü dillə və ən çox məşğul olduğu problemlərlə ifadə edəndə xalq onları yaxşı anlayır. Məsələn, soğan və onun ən möhtəşəm qafiyyəsi olan yorğan əsl xalqın malıdır. Yəni qanun layihələrində xalqın xeyrinə bir çimdik duz qədər bir məsələ varsa, bu tərəfdə onun sinonimi yorğan və soğan ola bilər. Əlbəttə, bunlar adi detallardır. Amma hörmətli millət vəkilimiz Arif müəllim daha da fərqlənmək üçün rahat olmayan, amma çox orijinal bir yol seçib:

“Biz türk deyilik”. Hələ özü bu məsələylə bağlı bir neçə dəfə izahat, düzəliş versə də, yenə yanlışlıq aradan qalxa bilmir. Çünki arqument kökündən səhvdir, ona nə qədər bəzək-düzəkli izah versən də heç bir xeyri yoxdur. Demək, çıxan can və ox geri qayıtmır. Yorğan və soğan, deyənlər: Aqil Abbas, Hadı Rəcəbli və Hüseynbala Mirələmov bu söhbətin yanında asanca unuduldu. Hətta bu söhbət böyrü üstə qoyulan görkəmli şair Mikayıl Müşfiqin problemini də yaddan çıxartdı.

Arif Rahimzadə heç belə yanlışlıq edən deyildi və nəyə görə ön cəbhədə vəziyyətin gərginləşdiyi bir zamanda belə bir mövqe ortaya qoysun? Başa düşürəm ki, millət vəkili rahat həyatdan bərk darıxır. Həmişə uzun müddət stabil çıxış edən bəzi insanlar ömrünün müəyyən bir yaşında darıxmağa başlayırlar. Darıxanda da qeyri-adi bir söz deyib, gündəmə gəlirlər. Sonra da yaratdıqları problemin aradan qaldırılması üçün həyatlarını sərf edirlər. Debata gedirlər, mübahisələrə girişirlər, müsahibə verirlər və beləliklə, darıxmaq sindromu tədricən aradan götürülür.

Amma gərək hörmətli millət vəkilimiz bu cür darıxmasın. Millətin adı ilə oyun oynayıb, ağrı-acılarını sakitləşdirməsin, bir -iki nəfərə acığı tutubsa, belə sözlər deməsin.

Ermənilər bizə “türk” deyir, Cənubi Azərbaycanda 30 min soydaşımız türk milləti kimi bütün dünyada tanınır. Hətta farslar da onlara “türk” deyir. 1930- cu illərdə pasportumuza millətimizin adı “türk” yazılıb. Hamı bizə “türk” deyir. Ancaq tək bir nəfər, Arif Rəhimzadə “türk” demir. Görən niyə deməsin? Gətirdiyi dəlillərin heç bir əsası yoxdur. Məhəmməd Füzuli, Səməd Vurğun, Hüseyn Cavid millətimizin adını “türk” deyərkən, nədən Arif Rəhimzadə demək istəməsin? Axı səbəb nə?

Məncə, Arif Rəhimzadə çox darıxır. Amma gərək belə darıxmasın. Ola bilsin ki, bu günlərdə yenə hansısa millət vəkili darıxdığından güclü bir yanlışlıq üzərində düşünməkdədir. Xahiş edirəm onu tapın, məşğuliyyət üçün ona bir iş verin, qoy başı qarışsın, darıxıb XALQI əsəbiləşdirməsin.

Yeniçağ.az

www.yenicag.az

148