!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qəssab" Dvornikovun təyini nəyi dəyişəcək? - "Rusiyanın geri çəkilmək fikri yoxdur" - Hərbi ekspert

!Reklam – Yazi

“Rusiyanın 10 ordusu döyüşlərə cəlb edilib. Bu döyüşləri Baş Qərargah rəisi idarə edirdi. Bu isə düzgün deyildi. İndi isə Putin döyüşləri idarə etmək üçün “qəssab” ləqəbli ordu generalı Aleksandr Dvornikovu gətirdi. Düzdür, Ukrayna Suriya deyil, ancaq Dvornikovun müasir müharibədən xəbəri var. Hər bir halda, ordu içərisində əvvəlki xaos olmayacaq. İndiki məqamda Dvornikovun gətirilməsi onu deməyə əsas verir ki, Rusiyanın geri çəkilmək fikri yoxdur”.

Bu fikirləri Ukrayna-Rusiya müharibəsinin yeni mərhələsi, baş verən proseslər və mümkün ssenarilər haqqında danışan hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov qeyd edib ki, Rusiya ordusu müharibənin iki fazasında da istəyinə çata bilmədi:

“Rusiya dörd istiqamətdə xüsusi əməliyyat adı altında Ukraynaya hücum etdi. Rusların planı maksimum 4 günə Kiyev daxil olmaqla böyük şəhərləri tutub, ümumilikdə, Ukraynanı nəzarət altına almaq idi. Bu baş vermədi. Hamının gözləntisinin əksinə olaraq Ukrayna rəhbərliyi, ordusu və xalqı çox böyük dirəniş göstərdi və hamını mat vəziyyətinə saldı. Xüsusən Qərb kəşfiyyatı bunun olacağını bilsə də, Ukraynanın belə dirəniş göstərəcəyindən əmin deyildi. Rus ordusu çox böyük itkilərə məruz qaldı. İlk günlərdə heç bir iri şəhəri tuta bilmədilər. Yalnız bir qədər sonra Ukrayna ordusunun taktiki geri çəkilməsi nəticəsində 200 minlik əhalisi olan Xerson şəhərini zəbt edə bildilər.

Bundan sonra müharibənin ikinci fazası başladı. İlk günlərdə, haradasa, əməliyyat tipli döyüşlər gedirdisə, ikinci mərhələdə ağır artilleriya və raketlərdən istifadə etməklə şəhərləri daha intensiv vurub, Ukrayna ordusunu və hakimiyyətini zəiflətməyi hədəflədilər. Bu da effekt vermədi. Artıq müharibənin 47 günü arxada qalıb. Gözləniləndən fərqli olaraq Ukrayna ordusu rusları geri çəkilməyə vadar etdi. Rus ordusunun böyük bir hissəsi Kiyevin 35 kilometrliyinə qədər gəlib çıxmışdı. Çalışırdılar ki, Kiyevi nəzarət altına alsınlar. Ancaq ruslar anladılar ki, Kiyevin alınması qeyri-mümkün olacaq. Alınsa da, qoşunlar tamamilə məhv olacaq. Elan etdilər ki, xoş məram göstərərək geri çəkilirlər, ancaq faktiki olaraq çarəsizlikdən geriyə çəkilməyə başladılar. Bəziləri buna ikinci mərhələ deyir, mənsə buna üçüncü mərhələ deyirəm.

Üçüncü mərhələdə isə Ukrayna ordusu daha dişli göründü. Qərb də buna baxaraq əvvəlcə müəyyən bəyanatlar, yumşaq sanksiyalar tətbiq edirdi. Qərb gördü ki, Ukrayna döyüşməkdə israrlıdır, Rusiyaya qarşı daha kəsin sanksiyalar tətbiq etməyə başladılar. Bununla yanaşı, müdafiə olunan tərəfə silahlar verməyə başladılar. Bu silahlar daha çox müdafiə xarakterli idi. Baxmayaraq, ilk günlər Ukraynanın bütün hava hücumundan müdafiə sistemləri sıradan çıxmışdı, Qərbin verdiyi müdafiə silahları ilə Rusiya aviasiyasının böyük hissəsi məhv edildi. Qərb görəndə ki, Ukrayna ordusu əks-hücuma keçə bilər, onda hücum silahları verməyə başladı. Zelenski bütün Qərb ölkələrinin qarşısında çıxış edərək silah tələb edirdi. Bunu ona görə edirdi ki, Qərbdə ölkə rəhbərləri hər şeyə qərar verə bilmir. Bunun üçün parlamentlərin qərarı lazımdır. Bir dollar belə harasa ayrılanda müəyyən institutların təsdiqi lazım olur.

Putin qüvvəsini Kiyev ətrafından çəkir, cənubdan, demək olar ki, çəkilib və əsas diqqətini şərqə ayırıb. 9 mayda elan etmək istəyir ki, Kiyev və digər istiqamətlərə bilərək hücum edib qüvvələri parçaladım və sonda istəyimə nail oldum”.

Hərbi ekspertin sözlərinə görə, müharibənin indiki mərhələsində assimmetrik döyüşlər aparmaq mümkün olmayacaq:

“Ukrayna tərəfi ilk günlərdən assimmetrik döyüşlər həyata keçirirdi, lakin bu, mümkün olmayacaq. İkinci Dünya Müharibəsindəki kimi mövqe döyüşləri baş verəcək. Xüsusən Slavyanski şəhəri ətrafında simmetrik döyüşlər gedəcək. Burada Ukrayna tərəfinin canlı qüvvə problemi yoxdur. Əgər müharibənin əvvəlində 200 min qoşun var idisə, hazırda muzdlularla və könüllülərlə birlikdə bu rəqəm 300 mindən çoxdur. Rusiyanın Ukraynaya 10 ordusundan cəlb olunmuş qüvvənin dörddə biri sıradan çıxıb.

Ukrayna ordusu üçün problem zirehli texnika və artilleriyanın çatışmazlığıdır. Ukraynaya bəzi ölkələr texnikalar verirlər. Əslində, bütün bu texnikaların verilməsinin səbəbi gözlənilən simmetrik müharibənin qarşısının alınmasına yönəlib. Putinə göstərmək istəyirlər ki, Ukrayna tərəfində çoxlu sayda texnika da var və sən bu müharibədən qalib çıxa bilməyəcəksən. Digər tərəfdən isə Kremldə proqressiv düşünənlərin sayı azalıb. Bu da döyüşlərin ola biləcəyi ehtimalını artırır. Bu döyüşlər isə Luqansk vilayatənin Slavyanski şəhəri ətrafında olacaq.

Rusiyanın Qara dənizdəki hərbi gəmiləri geri çəkilib. Bunun səbəbi odur ki, Böyük Britaniyadan Ukraynaya “Harpoon” döyüş raketləri verilib. Bu raketlər, əsasən, dənizdən müdafiəyə yönəlib. Raketin radiusu 50 kilometrə yaxındır və aerodinamik uçuşa malikdir. “Harpoon”un dağıdıcılıq gücü böyükdür. Ona görə də Rusiya gəmiləri Odessa və Mariupola yaxın gəlmirlər. Görünən budur ki, ruslar Slavyanski ətrafında qələbə qazanandan, qondarma qurumların inzibati ərazilərini tam bərpa etdikdən sonra cənub istiqamətində hücum olacaq . Cənubda hələ ki sakitlikdir, bir Mariupoldan başqa. Mariupolun saxlanılması ona xidmət edir ki, rusların, ən azı, 14 minlik qoşunu orada ilişib qalıb. Orada qalan rus qoşunları adi qoşunlar deyil. Orada Çeçen batalyonlarından başqa, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GRU) 22-ci briqadası da var. Rus ordusunun ən elit qüvvələri desant deyil, GRU-dur. Azovdakı dirəniş məhz buna hesablanıb.

Onu da bildirməkdə fayda var ki, səkkiz müharibə zonasının altısında Ukrayna ordusu qalib gəlib.

Rusiya müharibəyə qoşulub, qalanlardan təzə qüvvələr toplayaraq yeni döyüşlərə cəhd göstərir. Orada bir məqam var. Rusiya Slavyanski istiqamətinə texnika gətirir və onların içərisini ehtiyatdan çağırılmış hərbçilərlərlə doldurur. Onların da səviyyəsi ürəkləri azadlıq eşqi ilə yanan ukraynalılardan aşağıdır. Görünən odur ki, Putin va-banka gedir.

Peyğəmbərlik edib deyə bilmərəm ki, bu döyüşlər olacaq, yoxsa yox. Ancaq döyüşlərin ola biləcəyinə daha çox ehtimal var”.

Rusiya tərəfinin raketlərinin tükənməsinə gəldikdə isə Tərlan Eyvazov bunları deyib:

“Rusiya müharibənin əvvəlində yeni model raketlərdən istifadə edirdi. Bir müddət sonra isə köhnə raketlər atmağa başladı. Hiss olundu ki, rusların raketlərinin mərmiləri tükənmək üzrədir. Müşahidəçilər tapdılar ki, müdafiə naziri Sergey Şoyqunun 10 gündən çox yoxa çıxmasının səbəbi Çinə və Şimali Koreyaya gedərək raket və mərmi tədarük etməsi imiş. Deyilənə görə, müəyyən miqdarda ala bilib. Ancaq o raketlərlə Ukraynanın hərbi qüvvələrini tam sıradan çıxarmaq mümkün deyil. Şəhərləri yenidən vura, dağıda bilərlər. Rusların Xarkova və Kiyevə hücum edəcəyini güman etmirəm. Hücumlar o zaman ola bilər ki, şərq cəbhəsində simmetrik döyüşlər baş versin və Ukrayna tərəfi məğlub olsun.

Bundan başqa, İngiltərənin Baş naziri Boris Consonun da Kiyevə gəlməsi çox vacib idi. Son 200 ildə İngiltərə hansı tərəfdə olubsa, həmin tərəf müharibədə məğlub olmayıb.

Putin belə bir vəziyyətdə geri addım ata bilmir, çünki onu yıxacaqlar. İrəli getmək üçün isə güc azdır. Vəziyyət o həddə gəlib çatıb ki, Putinin mühafizəsini Federal Təhlükəsizlik Xidməti (FSB) yox, Müdafiə Nazirliyinin adamları təşkil edir. FSB-nin məlumatları düzgün çıxmadı və yenə də oyuna hərbçilər düşdü. Putinin FSB-yə güvəni itib”.

Buçadakı vəziyyətə gəldikdə isə hərbi ekspert baş verənləri belə izah edib:

“Rusiya guya Ukraynaya hücum etmişdi ki, xalqı faşizmdən azad etsin. İlk günlər rusların, həqiqətən, dinc əhali ilə işi yox idi. Hətta mağazlaradan nəsə alanda pulunu verirdilər. Buçadakı görüntülər müharibənin sindromudur. Məğlub olan əsgər həddindən ziyadə əzazil olur. Bundan əlavə, düşünürəm, Rusiya rəhbərliyi göstəriş verib ki, camaat tabe olmadıqları üçün cəzalandırılsınlar. Vəhşiliklər məhz bundan törənib”.

Səxavət Məmməd

www.yenicag.az

2811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv