!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qeydiyyata düşə bilməyən vətəndaşlar, çıxarış problemləri: "60 gün ərzində məlumat verməsəniz..." - AÇIQLAMA

!Reklam – Yazi

Son dövrlərdə əhalinin yaşayış yeri üzrə qeydiyyata düşmə məsələsi xeyli çətinləşib. Əvvəllər, müxtəlif polis idarələrinin inzibati binasını yaşayış yeri kimi təqdim etmək mümkün idisə, hal-hazırda vəziyyət tamam fərqlidir. Bildiyimiz kimi, ölkəmizdə kirayə yaşayan vətəndaşlar heç də az deyil. Lakin onların bəzilərinin nə qohumlarına, nə də ailəsinə məxsus daşınmaz əmlakı var. Eyni zamanda bəzi şəxslər digər regionlarda qeydiyyatda olduğu halda, başqa şəhərlərə işləmək və ya təhsil almaq üçün üz tutur.

Bəs, həmin vətəndaşlar nə etməlidir? Əgər bir insanın evi olduğu halda çıxarışı yoxdursa, o, rəsmi qeydiyyata düşmək üçün hansı addımı atmalıdır? Qeydiyyatı başqa rayonda olan insan illərlə Bakıda yaşasa, o qanun çərçivəsində necə məsuliyyət daşıyır?

Bütün bu məsələlərlə bağlı Yenicag.az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis idarələrində qeydiyyatı olan şəxslər yaşadığı evin müvafiq sənədi olmayanlardır:

“Əvvəllər belə hallarda müvəqqəti olaraq polis idarələrinin inzibatı binalarında qeydiyyata düşmək mümkün idi. Lakin araşdırmalarımız nəticəsində məlum oldu ki, bəzi vətəndaşların yaşadığı evlərin müvafiq sənədləri var, orada qeydiyyata düşə bilərlər. Bundan əlavə, onlar qohumlarının evində də qeydiyyatdan keçə bilərlər. Bütün bu halları nəzərə alaraq, həmin şəxslər inzibati binaların qeydiyyatından çıxardıldı”.

N. Əliyev onu da qeyd edib ki, bir vətəndaşın daimi qeydiyyatının olmasına baxmayaraq, həmin yaşayış yerindən başqa bir ərazidə 60 gündən artıq qalırsa, mütləq müvafiq orqanları xəbərdar etməlidir:

“Həmin şəxslər hal-hazırda yaşadığı ərazinin polis idarəsinə məlumat verərək, həmin bölgə üzrə qeydiyyata düşməlidir. Onu da deyim ki, belə hallarda həmin ərazi üzrə evin çıxarışının olub-olmaması önəmli deyil. Məsələn, vətəndaş Gəncədədir, amma qeydiyyatı Lənkərandadır, əgər vacib məsələ olsa, polis onu axtarsa, Lənkəranda axtaracaq, Gəncədə yox. İstənilən halda, qeydiyyat ünvanı dəyişirsə, aidiyyatı qurumlar mütləq xəbərdar olmalıdır. Əgər kimsə yaşayış yerindən fərqli ərazidə qalırsa və yaşadığı yer üzrə qeydiyyata düşmürsə, ilkin olaraq ona xəbərdarlıq edilir, daha sonra isə qanun çərçivəsində məsuliyyət daşıyır. Çünki bu vətəndaşın öz maraqları üçündür. Hər kəs qaydalara riayət etmək üçün can atmalıdır ki, sənədləşdirmə işləri zamanı problem yaşanmasın”.

Hüquqşunas ekspert Sahib Məmmədovun fikirlərinə görə, vətəndaşın evinin olmaması onun günahı deyil:

“Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı var. Həmin qərara əsasən, vətəndaşın faktiki yaşadığı yer üzrə qeydiyyatı təmin edilməlidir. Lakin problem odur ki, bəzən vətəndaşlar yaşadığı yer üzrə qeydiyyata düşə bilmirlər. Məsələn, qeyri-rəsmi şəkildə evini kirayə verən mülkiyyətçilər kirayəşini qeydiyyata salmaq istəmir. Çıxış yolu kimi təklif odur ki, vətəndaş qeydiyyata düşə bilmirsə, məhkəməyə müraciət edə bilər. Konstitusiya Məhkəməsinin qərarına istinad etməklə vətəndaşın qeydiyyatını bərpa etmək olar. Eyni zamanda hər hansısa bir şəxs başqa rayonda qeydiyyatda olmasına baxmayaraq fərqli ünvanda yaşayırsa, cərimə tətbiq oluna bilər. Cərimə məbləği sıravi vətəndaş üçün 30 manat, mülkiyyətçi üçün isə 500 manatdır”.

Şahanə Paşa

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv