Ötən gün Ramana qəsəbəsində yerləşən 198 saylı məktəbdə xoşagəlməz hadisə yaşanıb.
Yenicag.az xəbər verir ki, sinif otaqlarının birinin tavanı uçub. Xoşbəxtlikdən hadisə zamanı uşaqlar tənəffüsdə olub.
Məsələ burasındadır ki, 1937-ci ildə istifadəyə verilən məktəbin digər sinif otaqlarının da vəziyyəti acınacaqlı durumdadır. Buna baxmayaraq, nədənsə məsələyə biganə münasibət göstərilir.
Bu səbəbdən sözügedən məktəbin direktoru Şəlalə Nadirova ilə əlaqə saxladıq. Əməkdaşımızın suallarını cavablandıran xanım direktor məsələyə belə münasibət bildirdi:
“Bəli, məktəbimiz qəzalı vəziyyətdədir. Aidiyyatı qurumlara dəfələrlə müraciətlər etmişik, məktublarımız da cavablandırılıb. Məktəbimizin təmir olunması 2013-2016-cı ilin tədbirlər planına salınmışdı. Buna baxmayaraq, təmir olunmadı. İndi vəziyyəti yenidən yazıb, şəkillərlə birlikdə göndərəcəm”.
– Məktəbin qəzalı olduğunu bildiyiniz halda orada uşaqlara dərs keçmək nə dərəcədə doğrudur?
– Bildiyiniz kimi son zamanlar yağıntılar çox oldu. Bizdə də köhnə bina olduğu üçün nəmişlik yarandı. Gün çıxanda da quruma prosesi getdi. Şagirdlər də qaçır, hərəkət edir deyə, çatlar əmələ gəldi, belə bir hadisə baş verdi. Allah yaxşı ki, bizi sevir, bədbəxt hadisədən uzaq olduq.
– Bəs uşaqlar tənəffüsdə olmasaydı, necə? Hər şeyi Allahın ümidinə buraxmaq doğru deyil axı…
– Təhsil idarəsi bizə məlumat göndərib ki, tətil zamanı məktəb cari təmirə dayanacaq. Söhbət əsaslı təmirdən getmir. Mən yazılı formada İcra Hakimiyyətinə də müraciət etmişəm. Onlar da bildirdilər ki, məsələyə baxılacaq. Nə bilim, vallah, biz də yaxşı məktəbdə dərs keçmək istəyirik. Yəqin ki, durumun ciddiliyini nəzərə alacaqlar.
Emin Səfərov
Yenicag.az