Bu gün Quba şəhərində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “QHT-KİV münasibətləri: yeni tələblər və əməkdaşlıq modelləri” mövzusunda konfrans keçirilir.
Yenicag.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin rəsmisi Vüsal Quliyev, QHT Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, media kapitanları, QHT rəhbərləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Vüsal Quliyev KİV-lərlə QHT-lərin bir-biriləri ilə əməkdaşlığa maraqlı olmasının vacibliyini vurğuladı.
Tədbirin ilk məruzəçisi, Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud QHT-KİV münasibətlərindəki problem və inkişaf meyillərindən danışdı. QHT-lərin media ilə əlaqələrindəki nöqsanlara da diqqət çəkən məruzəçi “QHT-lər tədbirlərini sensasiyaya qaçmadan hadisəyə çevirməyə nail olmalıdırlar. Media o zaman həmin təşkilatlarla əməkdaşlığa daha da maraqlı olacaq”.
Daha sonra çıxış edən Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu KİV ilə QHT-lərin bir-birinə yaxın institut olduqlarına diqqət çəkdi. “Hansı QHT normal işləyərsə, onun fəaliyyətinə heç bir korporativ maraq gözlənilmədən dəstək verilib. Eyni zamanda bu gün sosial şəbəkələr QHT-lər üçün ciddi təbliğat vasitəsinə çevrilib. Bu vasitə də ciddi şəkildə dəyərləndirilməlidir”.
Konfrans iştirakçıların çıxışları ilə davam edir.