!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

QHT-media əməkdaşlığı – Problemlər və çıxış yolları

!Reklam – Yazi

Vətəndaş cəmiyyətinin əsas institutlarından sayılan QHT və kütləvi informasiya vasitələrinin qarşılıqı əlaqələri, əməkdaşlığı daim actual mövzulardan biri olaraq qalmaqdadır. İctimai maraqların müdafiəçiləri olan bu institutlar eyni məqsədə xidmət etməklə həm cəmiyyəti maarifləndirir, həm də informasiya ilə təmin edir. QHT-lər tərəfindən insan haqlarının müdafiəsi, dövlət və ictimai maraqların qorunması istiqamətində aparılan işlər, həyata keçirilən tədbirlər mediada işıqlandırılmadan, müzakirələrə çıxarılmadan effektiv sayıla bilməz. Amma müşahidələr göstərir ki, bir sıra hallarda QHT-lərin fəaliyyətinə media lazım olan diqqəti ayırmır və ya QHT-lər mətbuatla əlaqələrini peşəkar səviyyədə qura bilmirlər. Bəs problem nədən qaynaqlanır və onun həlli istiqamətində hansı işlər görülməldir?

Bu sualla həm media, həm də QHT təmsilçilərinə müraciət etdik.

qurban yaquboglu

“Teleqraf.com” saytının redaktoru Qurban Yaquboğlu QHT-media əlaqələrindəki çatışmazlıqların obyektiv və subyektiv xarakter daşıdığını düşünür: “Azərbaycanda fəal QHT nümayəndələri daim mətbuatla sıx əlaqədədirlər. Onların çox elə vaxtilə mətbuatda təmsil olunublar. Redaksiyalar da müəyyən problemlər, mövzularla bağlı QHT rəhbərlərinə zəng vurur, fikirlərini öyrənir. Televiziya, radio, qəzet və saytlarda biz tez-tez QHT rəhbərlərini görə bilirik. Təbii ki, QHT rəhbərləri sualları cavablandırarkən həm də icra etdikləri layihələr barədədə məlumat verirlər, öz ideyalarını bölüşürlər. Bir sözlə, peşəkar QHT rəhbəri üçün media ilə əməkdaşlıq poblem deyil. Yəni mətbuat açıqlaması alınan şəxsin qarşısında onun rəhbərlik etdiyi QHT-nin adını yazır. Bunun özü də QHT-nin təbliğ olunması baxımından önəmlidir. Etiraf edək ki, Azərbaycanda elə QHT rəhbərləri var ki, onların nüfuzu təmsil etdikləri təşkilatın nüfuzunu üstələyir. Başqa sözlə ifadə etsək, həmin sədr olmasa, heç kəs o QHT-ni tanımayacaq, yada salmayacaq. Əslində bu belə olmalı deyil. QHT-nin nüfuzunun daha öndə olması lazımdır. Axı QHT-lər ictimai təşkilatdır və gəlir məqsədi olmadan fəaliyyət göstərirlər. Orada hər zaman sədr dəyişə bilər. Bir nəfərdən asılı olan QHT-nin ayaqda qalmaq imkanları olmur”.

Qurban Yaquboğlu bəzi QHT-lərin qapalı, gizlin fəaliyyət göstərməkdə maraqlı olduğunu bildirdi: “Xüsusilə də, böyük qrant udan QHT-lər layihələri barədə mətbuata məlumat vermək istəmirlər, layihələrin büdcəsini açıqlamırlar. Bu da onların fəaliyyətinə şübhəli yanaşmalara yol açır. Mən QHT-lərin jurnalistlərlə sıx əməkdaşlığının tərəfdarıyam. Redaksiyalar, jurnalistlər bu və ya digər formada layihələrə cəlb olunmalı, ondan faydalanmalıdırlar. Yaxşı olardı ki, QHT-lər icra etdikləri layihə üzrə jurnalistlər arasında təlimlər keçirsin, onları bilgiləndirsin. Bu, layihələrin lobbiçiliyi, təbliğatı baxımından önəmlidir”.

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Natəvan Abbaslı hesab edir ki, istənilən ölkədə həm media, həm də QHT-lər ictimai həyatın ən mühüm elementləri sırasındadır: “Bu baxımdan, onların funksiyalarında, ictimai həyatda oynadıqları rolda yetərincə uyğunluqlar var. Yəni media cəmiyyətin informasiya təminatında və maariflənməsində öndə olduğu kimi, QHT-lər də istər maarifçilik, istərsə də müxtəlif istiqamətlər üzrə ictimai fəallığın artırılmasında, bu və ya digər sahələrdə aktual problemlemləri qabartmaq, onların həlli yollarını ictimai müzakirəyə çıxarmaq və müəyyən səviyyədə buna nail olmaq yönündə ciddi işlər görürlər. Hər halda, haradasa bu iki seqmenti bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Əlamətdar haldır ki, son bir neçə ildə ölkədə həyata keçirilən köklü dəyişikliklər, islahatlar bu sahələrdən də yan keçməyib. Medianın İnkişafı Agentliyi (MEDİA) ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılması bu iki sferanın inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. MEDİA-nın mətbuat, QHT agentliyinin isə ictimai sektorun inkişafına və onların fəaliyyətində effektivliyi artırılmasına hədəflənmiş addımları özünü doğrultmaqdadır. Adlarını çəkdiyim hər iki qurumun ayrı-ayrılıqda media ilə QHT-lərin maliyyələşməsində tətbiq etdiyi yeni prinsiplər onların məsuliyyəti ilə yanaşı, fəaliyyətlərində keyfiyyətin artırılmasına da zəmin yaradıb. Əlbəttə, yaranmış şərait media ilə QHT-lər arasında əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud zəmini də gücləndirir. Fikrimcə, hər iki sektor bu imkanların doğru və səmərəli şəkildə dəyərləndirilməsinə çalışmalıdır”.

Natəvan Abbaslıya görə, kənar müşahidə əsasında media ilə QHT-lər arasındakı münasibətlərdə problemlərin olduğunu görmək asan deyil: “Ancaq bu tərəflər arasında əməkdaşlıq istənilən səviyyədə deyilsə, deməli problemlər və onların aradan qaldırılmasına cəhd göstərilməlidir. Mənə belə gəlir ki, indiki durumda (bundan əvvəl də) əsas problem medianın QHT-lərə informasiya dəstəyi vermələri, əgər verirlərsə, bunu hansı əsaslarla etmələrindədir. Bir sıra media orqanları hesab edirlər ki, QHT-lər hər hansı layihənin icrasına başlayıblarsa, bu fəaliyyətin işıqlandırılması üçün kommersiya şərtləri əsasında anlaşma əldə olunmalıdır. Yəni QHT-lərin məlumatları ödəniş əsasında yayımlanmalıdır. Lakin əksər QHT-lər layihədə bunun üçün büdcənin nəzərdə tutulmadığını bildirərək, ödəniş etmək imkanlarının olmadığını deyir. Bununla da narazılıqlar yaranır. QHT-lər hesab edirlər ki, gerçəkləşdirdikləri layihə ictimai maraqlar baxımından aktualdır və media buna informasiya dəstəyi verməlidir. Media rəhbərləri isə bildirirlər ki, icra etdiyiniz layihələrdə bütün detallar öz əksini tapdığı kimi, informasiya dəstəyinin şərtləri də orada göstərilməlidir. Mənim nəzərimdə media ilə QHT-lər arasındakı əsas problem bu məsələdən qaynaqlanır”.

QHT sədri düşünür ki, tərəflərin qeyd olunan mövqeyinə görə hansınınsa haqsız olduğunu iddia etmək çətindir: “Əminəm ki, bu məsələ öz həllini tapmayana qədər problem aktuallığını saxlayacaq. Başqa sözlə, QHT-lər öz məlumatlarını yalnız şəxsi münasibətləri olan media orqanları vasitəsilə ictimaiyyətə çatdıra biləcəklər. Ona görə də, burada “qızıl orta”nın tapılmasına ehtiiyac var. Bu nədən ibarət ola bilər? Məncə, problemin həlli konkret QHT-lərlə media orqanlarının birgə layihələr hazırlayıb icra etmələrində, həmçinin hazırlanan layihələrdə informasiya dəstəyi üçün müəyyən büdcənin nəzərədə tutulmasındadır. Tam səmimi deyirəm, bunun başqa həll yolu görünmür”.

Bu yazı “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəyə dəstəyi ilə həyata keçirdiyi “QHT – media əməkdaşlığının artırılması üzrə təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.

 

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv