“Sözügedən layihənin həyata keçirilməsi ölkədə fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlıq əlaqələrinin genişləndirməsinə də şərait yaradacaq”.
Bu fikirləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “QHT-lərin I İnkişaf və Mübadilə proqramı” çərçivəsində təşkil etdiyi təlim haqqında danışan “Böyük Yol” Gənclər İctimai Birliyinin sədr müavini Tərlan Muxtarova Yenicag.az-a açıqlamasında səsləndirib.İB sədri bildirib ki, QHT təlimlərinin ənənəvi hal alması bu sektorun inkişafına təkan verəcək:
“QHT-lərin I İnkişaf və Mübadilə proqramı” QHT-lər arasında şəbəkələşmə yaratdı. QHT-lərə tədbir günündən sonuna qədər maraqlı təkliflər verildi, ideyalarla, yeniliklərlə, xarici donorlarla necə işləmək qaydaları haqqında ətraflı bilgi verildi. Həmçinin müəyyən layihənin qısa formada olsa belə, təqdim edilməsinə şərait yaradıldı, təkliflərimizi verdik.
Qeyd olunan bacarıqların öyrədilməsi ilə yanaşı, təlimlərdə praktiki tətbiqetmələrə üstünlük verildi. Bunun da QHT-lərin fəaliyyətinə təsiri böyük olacaq. Təlimçilər təcrübəli, bilgilərin çatdırılması prosesi isə professional idi. Təlimlərin sonunda hazırladığımız layihələrin təqdimatlarını etmək təcrübəmizi daha artırdı.
Sözügedən layihənin həyata keçirilməsi ölkədə fəaliyyət göstərən QHT-lər arasında əməkdaşlıq əlaqələrinin genişləndirməsinə də şərait yaradacaq. Müxtəlif sahələri təmsil edən QHT nümayəndələrilə bir arada olmaq, onlarla fərqli layihələr ətrafında fikir mübadiləsi aparmaq hərtərəfli inkişafa şərait yaratmaqla yanaşı, davamlı əməkdaşlığı da labüd qılır. Bu mənada, QHT təlimlərinin ənənəvi hal alması bu sektorun inkişafına təkan verəcək”.
Aqil Bəkir