!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Qisas"ın Ermənistanda yaratdığı xof və Azərbaycanın atmalı olduğu addımlar - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Ağıllı düşünənədək dəli vurub çayı keçir.

Qarabağ ətrafında baş verənlər də təxminən belədir. Uzun illərdir Azərbaycan tərəfi düşünərək, hesablayaraq bir şeylər etməyə çalışırdı. Ancaq erməni tərəfi bir addımla, dəliliklə Azərbaycanın gündəmini müəyyən edirdi.

Müharibədən sonra da vəziyyət belə idi. Azərbaycan tərəfi öhdəliklərini yerinə yetirir, lakin qarşı tərəf hər fürsətdə məsələni uzatmağa çalışırdı. Nə yalan deyim, bunu bacarırdılar da.

Son olaraq Azərbaycan tərəfinin xüsusi əməliyyatı, “dəliliyi” hər şeyi alt-üst etdi. Buradakı “dəlilik” düşüncəsiz, ağılsız davranmaq anlamına gəlmir. Təbii ki, hər şey hesablanmışdı, amma bunu etmək üçün dəli cəsarəti lazım idi.

Xüsusi əməliyyatdan sonra açıq şəkildə görünən odur ki, belə də lazım imiş. Erməni cəmiyyətinin gündəmini Azərbaycan müəyyən edir. İllərlə Azərbaycanda “erməniyə işləmək”, “torpaqları satmaq” gündəmdə idi. İndi bunun eynisini Ermənistanda görürük. Dünənə qədər qəhrəman dedikləri insanları satqınçılıq və Azərbaycana işləməklə suçlayırlar.

Azərbaycanı həmişə hücum diplomatiyasına üstünlük verməməkdə ittiham edirdik. Lakin rəsmi Bakı son zamanlar hücum diplomatiyasına keçib. Düzdür, bunu informasiya müharibəsində görə bilmirik. Əslində. xüsusi əməliyyat qarşı tərəfdə elə ab-hava yaradıb ki, informasiya müharibəsindəki zəiflik arxa plana keçib. Ancaq bu o demək deyil ki, Azərbaycan yerində saymalıdır. Əməliyyatın yaratdığı effekt bir müddət sonra səngiyəcək.

Erməni tərəfində bəzi siyasətçilərin səsləndirdiyi “Laçını verməyəcəyik” fikri elə öz cəmiyyətləri tərəfindən də ciddiyə alınmır. Ona görə də Azərbaycanda kiminsə bu fikrə ciddi yanaşması gülməli olardı.

44 günlük müharibə və ondan sonra keçirilmiş 3 xüsusi əməliyyat onu deməyə əsas verir ki, qarşı tərəf ancaq bu dildən anlayır. Ona görə də zaman yetişdikcə bu tip əməliyyatları əskik etmək olmaz.

Hesab edirəm ki, Laçının boşaldılması ilə bağlı heç bir problem yaşanmayacaq. Erməni tərəfi, xüsusilə jurnalistlər Zabux kəndində yaşayan ermənilərin oradan köçürülməsi ilə bağlı dil-boğaza qoymurlar. İddialar var ki, həmin ailələrin bir hissəsi Qarabağda yerləşdirilə bilər. Azərbaycan tərəfinin bunu qəbul etməsi yolverilməzdir. Düzdür, ermənilər özləri də bu torpaqlara yaddır, ancaq onların 200 ilə yaxındır məskunlaşdığını nəzərə alsaq, onlara belə bir haqqın tanınması gerçəkçi olar. Məsələ ondadır ki, Laçın rayonunda, xüsusilə Zabux kəndində məskunlaşanlar bu torpaqlara daha yad ünsürlərdir. Çünki onların məskunlaşmasının tarixi maksimum 10-15 il ola, ya olmaya. Niyə yad deyirəm, çünki onlar milliyətcə erməni olsalar da, Suriyadan və Livandan köçürülüblər. Yəni onların hansısa haqq istəməsi nə hüquqi, nə də mənəvi cəhətdən düzgündür.

Laçındakı alternativ yol yekunlaşmaq üzrədir. Erməni tərəfi də artıq öz öhdələrinə düşən hissəni inşa etməyə başlayıblar. Yəni Laçının boşaldılması da artıq uzaq deyil.

Bundan sonra əsas baş sındırılacaq məsələ Zəngəzur dəhlizi ilə bağlıdır. Erməni tərəfi yenə də tikintini uzatmağa cəhd edəcək. Ancaq bu dəfə dirəniş göstərməsi o qədər də asan olmayacaq. Çünki Azərbaycan və Türkiyədən başqa dəhlizin açılmasında Rusiya da maraqlıdır. Rusiyanın bunda istəkli olması Azərbaycanın işlərini daha da asanlaşdırır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılması yönündə müsbət addımların olacağını demək olar. Sadəcə bu məsələdə Rusiyanın qarşısında ABŞ və Fransa durur. ABŞ onsuz da Çindən başlayıb Londonda bitməli olan yola qarşı idi. Fransa isə bu yoldan pay götürmək üçün dəridən-qabıqdan çıxır. Yəni Rusiya ABŞ və Fransa maneəsini Ermənistanda qısa zamanda aşa bilsə, proses tezliklə müqavilə ilə nəticələnəcək. Rusiya Azərbaycanın qara qaşına, ala gözünə vurulmayıb, sadəcə sanksiyalar məngənəsində sıxıldığı üçün üzünü Şərqə tutmağa məhkumdur. Düşünürəm ki, əgər Ukrayna müharibəsi olmasaydı, Rusiya Qarabağda baş verənlərə qətiyyən göz yummazdı, prosesi özü uzadardı. “Dövlətlərin dostu olmur, maraqları olur” deyimi bu məsələdə tam yerinə oturur.

Bundan sonrakı dönəm üçün Azərbaycan tərəfi Qarabağda məskunlaşmaya üstünlük verməlidir. Hətta əməliyyatlar keçirilən zaman əgər işlər dayandırılmırsa, hətta işğaldan azad edilmiş ərazilərə səfərlər əməliyyatlarla paralel davam edirsə, qoyun-quzu yaylaqda otlayıb, arılar çiçək-çiçək bal toplamağa davam edirsə, bu o deməkdir ki, təhlükəsizliklə bağlı Azərbaycan ən azı özünə arxayındır. Ona görə də əhalinin məskunlaşması ilə bağlı işlərə başlamaq lazımdır və vacibatdır.

www.yenicag.az

863
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv