!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubadlı ziyalılarından Prezidentə MÜRACİƏT - İşğaldan azad edilmiş rayonun hansı problemləri var?

!Reklam – Yazi

Qubadlı rayonunun bir qrup sakini və ziyalıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edilib.

Yenicag.az xəbər verir ki, müraciətdə Qubadlı rayonunda son zamanlar yaranmış bir sıra problemlər önə çəkilib.

Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Bir neçə gündən sonra sizin komandanlığınız altında 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı torpaqlarımızın azad olunması uğrunda başlanan və müzəffər Ordumuzun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin bir ili tamam olacaq.

Ötən müddət ərzində Sizin rəhbərliyiniz altında erməni vandallarının işğalından azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin sürətli bərpası məqsədilə yolların çəkilməsi, tunellərin, körpülərin, aeroportların və yaşayış məntəqələrinin tikintilərinə başlanması digər rayonların əhalisi kimi, qubadlıların da yaxın illərdə öz ata-baba yurdlarına qayıdacaqlarına inamlarını artırır.

44 günlük Vətən müharibəsi zamanı dünyanın ermənipərəst dövlətlərinin fasiləsiz basqılarına tutarlı cavablarınız, əksər Qərb dövlətlərin ikili xarici siyasət yeritməsi, işğalçı ilə işğala məruz qalanı eyniləşdirmək siyasəti, bir çox hallarda öz torpaqlarını işğaldan azad etmək üçün haqlı mücadilə aparan Azərbaycanı deyil, təcavüzkar Ermənistanı açıq şəkildə dəstəkləmələrinə baxmayaraq, Sizin rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusu düşməni məğlub edib torpaqlarımızın azad olunmasına nail oldu.

Hazırda Qarabağda Rusiyanın “sülhməramlı” qüvvələrinin himayəsinə sığınan erməni tör-töküntülərinə hansısa statusun verilməsi tələbilə Azərbaycan Respublikasına beynəlxalq təzyiqlər artmaqdadır. Bu asan olmayan diplomatik cəbhədə də qalıb gələrək, ərazi bütövlüyümüzü hüquqi müstəvidə həllinə nail olacağınıza ümid edirik və inanırıq!

Cənab Prezident!

44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycanda başlanan haqqında bəhs etdiyimiz böyük işlərin fonunda bizi ciddi narahat edən bəzi problemləri Sizin nəzərinizə çatdırmaq istəyirik. Belə ki, torpaqlarımız azad edildikdən sonra 2021-ci ilin iyun-iyul aylarında Qubadlı rayonu ərazisində böyük sahələri əhatə edən yanğınlar baş vermişdir. Yanğınların davamlılığı və əhatə etdiyi böyük ərazilər bu yanğınların məqsədyönlü şəkildə törədildiyi şübhələrini yaradır. Qubadlı rayonunun böyük ərazilərində flora və faunanın məhv edilməsi ilə nəticələnən bu yanğınların səbəblərinin araşdırılması və təqsirkarların aşkarlanıb məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti dövlət orqanlarına lazımi göstərişlər verməyinizi xahiş edirik.

Məlumat üçün bildiririk ki, Qubadlı rayonu ərazisi düşmən işğalından azad edildikdən sonra burada yüzlərlə yaşayış üçün yararlı evlər mövcud idi. Hazırda bu evlər bütövlükdə sökülərək dağıdılmışdır. Yol tikintisinin planlaşdırılması və icrası zamanı Həkəri çayı boyu kəndlərdə işğala qədər əhalinin yasadıqları evlər və bir çox yerlərdə qəbiristanlıqlar yol xəttinin keçdiyi ərazilərə salınaraq dağıdılmışdır. Baxmayaraq ki, həmin ərazilərdə yolların salınması üçün alternativ variantlar hər zaman mümkün olmuşdur. İşğal səbəbindən bu yerləri tərk etmiş insanların ata-baba yurdlarının (qalıqlarının) dağıdılmasına nə ad vermək olar? Azərbaycan insanını müqəddəs saydığı yaşayış yerləri və qəbiristanlıqların dağıdılaraq, yolların salınması başa düşülən deyil.

Cənab Prezident!

Sosial şəbəkələrdə Qubadlı rayonunun bərpa planının xəritə üzərində işlənmiş sxemi yayılmışdır. Qubadlıda 1993-cü ildə rayonun işğalınadək mövcud olan 93 kənddən rayon mərkəzi və daha 24 birləşdirilmiş kəndlərdən ibarət yaşayış məntəqələrini bərpası nəzərdə tutulur. Sözsüz ki, daha böyük yaşayış məntəqələrində tikinti və idarəçılık az məsrəf tələb edir. Burada normal təhsili, tibb xidməti, nəqliyyat, digər kommunikasiya sahələrini və təchizat işini qurmaq daha az maliyyə vəsaiti tələb edir. Geriyə, öz ata-baba yurdlarına qayıtmaq istəyən əhalinin mütləq əksəriyyəti isə başqa daha yaxşı şərait vəd edən qayıdış variantını belə, məqbul hesab etmirlər . Haqlı olaraq düşünürlər ki, bu hal bütün Azərbaycan rayonlarında olduğu kimi, keçmiş kolxoz – kooperativ mülkiyyəti olan əkinə yararlı və örüş pay torpaqlarından məhrum olmaq riskini yaradır.

Cənab Prezident!

Qubadlı rayonu ərazisindəki əkinə yararlı və heyvandarlıq fəaliyyəti üçün əlverişli olan torpaqların digər özəl təsərrüfat vahidlərinə istifadəyə verilməsi bir illik müqavilə ilə məhdudlaşdırılmalı və bu müqavilədə tərəf kimi Qubadlı rayonunun mövcud İcra hakimiyyətinin yerlərdəki nümayəndələri olmalıdır.

Cənab Prezident!

Öz el-obasından 30 ilə yaxın köçkün düşmüş həmvətənlərimizin hansı məşəqqətlərdən keçdiyini, fiziki və mənəvi terrora məruz qalmalarını və hansı məhrumiyyətlərə dözdüklərini yaxşı bilirsiniz. İşğala qədərki dövrdə 80-90 (ayrı-ayrı hallarda 100 və daha artıq) il ömür yaşayan insanlar arasında indi 70 yaşı olanlara rast gəlmək nadir hadisədir. Qubadlı rayonunun əksər kəndlərində son 3 ildə dünyaya körpə uşaqların gəlməsi qeydə alınmır. Yaxın illərdə Qubadlını tanıyan qubadlıların sayı kəskin azalacaqdır.

Hər yerdə olduğu kimi, Qubadlıda da əhali tarixin və təbiətin sınaqlarından çıxmış yaşayış üçün ən əlverişlı yerlərdə məskən salmışlar. Qubadlı rayonunun əksər kəndləri içməli süyü olan bulaqların, heyvandarlıq üçün əlverişli otlaqları (örüşlər) suvarılan və dəmyə əkin sahələrinə daha yaxın, dağların cənub yamaclarında əkinçılık, bağçılıq üçün yararlı olmayan kənar təhlükələrdən müdafiə olunmaq imkanı əlverişli yerlərdə məskən salıblar. Qubadlı əhalisinin mütləq əksəriyyəti öz ata-baba yurdlarına qayıdıb, oranı bərpa edib, ömürlərinin qalan hissəsini Qubadlıda yaşamaq və işləmək arzusundadırlar. Hesab edirik ki, yeni müasir ağıllı kəndlərə yanaşı, kəndləri mümkün qədər öz yerində bərpa etmək lazımdır. Əhalısı geriyə – öz ata-baba yurdlarına dönmək arzusunu bildirən nəinki kiçik kəndlər, hətta, fermer təsərrüfatı yaratmaq istəyən tək bir ailəyə aid evi belə tikmək və bərpa etmək lazımdır. Müasir yolları, distant təhsil, beş-on kilometr məsafədə yerləşən tibbi xidmət və internet imkanları olan şəraitdə normal yaşayış qurmağın elə də çətin olmayacağına əminik və belə də olacağına inanırıq.

Hazırda Qubadlı rayon mərkəzinin və yenidən tikiləcək digər yaşayış məntəqələrinin əkinə yararlı, suvarılan münbit torpaq sahələrində salınmasının planlaşdırılması haqqında söhbətlər eşidilməkdədir. Qubadlı rayonu ərazisi kəskin fərqlənən relyefə malık olmadığı üçün xüsusilə də Qubadlı rayon mərkəzini Bərgüşadın hər iki sahili boyunca Yazı düzü ilə Qubadlı qəsəbəsi arasındakı ərazidə yeni məhəllələrin salınması mümkündür. Hesab edirik ki, yeni tikinti və bərpa işlərinin planlaşdırılan zaman kənd təsərrüfatı üçün yararlı olan torpaqların qorunmasına xüsusi diqqət verilməsi vacibdir.

Cənab Prezident!

Hazırda Ermənistanla sərhədlərimizin bərpası istiqamətində işlər aparılır. Qeyd etmək lazımdır ki, bu sahədə də ciddi narahatlıq doğuran məqamlar mövcuddur. Vətən müharibəsində qalib tərəf olmağımıza baxmayaraq, Ermənistan ilə sərhədin Qubadlı rayonu ərazisinə düşən hissəsində sərhəd xətti bizim ziyanımıza olaraq dəyişdirilmişdir.

Əliquluuşağı və Davudlu kəndlərinə aid əkin və örüş sahələrinin bir hissəsi ermənilərin nəzarətindədir. Ziyanımıza olan bu dəyişikliklər “Google Earth” proqramında NASA və digər kosmik agentliklərin yerləşdirdikləri şəkil və xəritələrdə də Ermənistan ilə sərhəd xəttinin dəyişdirilməsi Azərbaycanın Respublikasının ərazi itkisinə səbəb olmuşdur. Gələcəkdə Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası zamanı bu vəziyyətin diqqətə alınması vacibdir.

Cənab Prezident!

Artıq, qeyd olunduğu kimi, Qubadlı rayonu ərazisində təsərrüfat fəaliyyətinə başlanılmışdır. Əhalinin işğaldan azad olunmuş ərazilərə gedib-gəlməsi məsələsində də müəyyən problemlər zaman – zaman sosial şəbəkə və müstəqil medialarda səslənməkdədir. Qubadlı rayonu ərazisi düşmənlə uzunmüddətli təmas xəttində olmaması səbəbindən burada eşalonlaşdırılmış müdafiə xətləri yaradılmaması səbəbindən partlayan mühəndis maneələri (minalanmış sahələr) nisbətən az əraziləri əhatə edir. Bu səbəbdən əksər kəndlərdə mina təhlükəsi yoxdur. Bu kəndlərdə ləngimədən mühəndis kəşfiyyatı aparıb, təhlükəsiz ərazi elan etmək mümkündür və həmin kəndlərdə yerli əhalının iştirakı ilə su xətlərini bərpa etmək, həyətyanı sahələri hasarlamaq, meyvə ağacları əkmək, hətta kiçik inşaatçılar şəhərciyi salmaq mümkündür. Təhlükəsizliyi müəyyən olunmuş kəndlərin qəbiristanlıqların da dəfnə icazələrin verilməsi də yaxşı bir addım olardı.

Cənab Prezident!

Yekunda bizi narahat edən törədilmiş yanğınlar, sökülərək dağıdılan evlər, yolların çəkilişində yol verilən ciddi nöqsanlar və haqqında danışdığımız digər problemlərin araşdırılması və həlli üçün tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına lazımı göstərişlər verməyinizi xahiş edirik”.

www.yenicag.az

850
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv