!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qumarın müasirləşən ONLAYN KAZİNO OYUNLARI: "Ciddi araşdırmalar aparılmalı və qadağan edilməlidir" - Mütəxəssis

!Reklam – Yazi

Bir neçə gün öncə hakerlər populyar onlayn kazinodan azərbaycanlı oyunçuların məlumatlarını oğurlayıb. Kiber cinayətkarlar müştərilərin maliyyə məlumatlarını, ünvanlarını, doğum tarixlərini, telefon nömrələrini və digər məlumatlarını əldə edə bilib. Daha sonra məlumatları satışa qoyub və kriptovalyutada fidyə istəyiblər.

Mövzu ilə bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, əksər ölkələr kimi, Azərbaycanda da onlayn kazinoların qadağan olunmasına ehtiyac var, bunun üçün müəyyən tədbirlər görülməlidir:

“Sosial şəbəkələrdə onlayn kazino oyunlarının sayı kəskin şəkildə artıb. Azərbaycanda da onlayn kazinoya maraq gündən-günə artmaqdadır. Sosial şəbəkələrdə kazino oyunları barədə reklamlar qarşımıza çıxır. Həmçinin mobil tətbiqlərdən istifadə edərkən də bu hala çox rast gəlinir. Əslində sosial şəbəkələrdə qanunsuz belə oyunların reklam edilməsi qadağandır. Sosial şəbəkələr bunu müəyyən etdikdən sonra oyunların reklamını ləğv edirlər. Amma dələduzlar kazino oyunlarını burada saxta adlarla yenidən reklam etdirməyi həyata keçirə bilirlər.

Dələduzlar istifadəçiləri aldatmaq üçün müxtəlif yollara əl atırlar. Məsələn, reklamda minlərlə insanın bu oyunda qalib olduğu yazılır. İstifadəçi də həmin reklama daxil olduqda onu mərc və ya qumar oyunları olan sayta yönləndirir. Etibarlı kazino oyunlarının lisenziyası olur. Bunu onların öz səhifələrində görə bilərik. Kiber cinayətkarlar onlayn kazinodan istifadə edən müştərilərin fərdi və bank məlumatlarını əldə edib qara bazarda satışa çıxardırlar. Buna görə onlayn kazino oyunları oynayarkən təhlükəsizlik qaydalarına riayət etmək riskləri minimuma endirmək deməkdir”.

IT mütəxəssisi qeyd edib ki, onlayn kazino saytlarından qeydiyyatdan keçərkən dayanıqlı şifrə təyin etmək lazımdır. Dayanıqlı şifrənin tərkibində böyük, kiçik hərf, rəqəm və simvol olmalıdır:

“Çalışmaq lazımdır ki, başqa platformalarda istifadə edilən şifrə burada da istifadə olunmasın. Eyni zamanda şəxsi məlumatları qorumaq üçün onlayn kazino saytları Sertifikat Orqanı tərəfindən verilən rəsmi təsdiq edilmiş sertifikata malik olmalıdır. İkincisi saxta linklərə, reklamlara aldanmayın. Saxta onlayn kazino saytları ödəniş metodu kimi bank kartı məlumatlarını daxil etməyi istəyə bilər. Bu məlumatları əldə etdikdə kartınızı ələ keçirə bilərlər və ya balansınızdan xeyli miqdarda pul çəkə bilərlər. Bu kimi halların qabağını almaq üçün istifadə edəcəyiniz kazino oyunlarını və saytlarını əvvəlcədən ətraflı araşdırmalısınız”.

Gülşən Şərif

www.yenicag.az

2026
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv