“Qurbanovu əsəbiləşən və qışqırarkən görmək çətin məsələdir” – “Qarabağ”ın ispaniyalısı

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana İspaniya mətbuatına müsahibə verib.

Yenicag.az sizi həmin müsahibə ilə tanış edir:

– “Qarabağ”a keçidiniz necə alındı?

– Bura Səudiyyə Ərəbistanında qısa müddət çıxış etdikdən sonra gəldim. Əvvəllər mənim üçüm çox çətin idi. Çünki FİFA bir futbolçunun il ərzində 3 fərqli klubda oynamasına icazə vermədiyi üçün 6 ay gözləmək məcburiyyətində idim. Buna baxmayaraq, məşqçilər və komanda yoldaşlarımın sayəsində bu çətin dövrü geridə qoya bildim.

– “Qarabağ”ı necə xarakterizə edərdin?

– “Qarabağ” çox peşəkar klubdur. Yüksək səviyyəli infrastruktur və mütəxəssislər var. Məqsəd dəqiqdir – ən yüksək səviyyədə rəqabət aparmaq.

– Azərbaycanın fərqli mədəniyyətinə uyğunlaşa bilmisən?

– Azərbaycandan əvvəl Səudiyyə Ərəbistanında çıxış etdiyim üçün uyğunlaşmada problem yaşamadım. Çünki çox açıq və tez ünsiyyət quran adamam. Ona görə də hər zaman uyğunlaşma asan olub.

– İlk illər necə keçdi?

– İlk mövsümdə bombardir oldum və həm Premyer Liqada, həm də Azərbaycan kubokunda qalib olduq. Növbəti mövsümdə isə qarışıq hisslər yaşadım. “Qarabağ” yenə eyni qrafiklə mükafatlar əldə etsə də, ağır zədə aldım. Hazırda da zədəliyəm.

– “Qarabağ”ın 24 ildir təmsil etdiyi şəhərdə oynaya bilməməsi öz mənfi təsirini göstərir?

– Bütün ölkə avrokuboklarda “Qarabağ”a azarkeşlik edir. Hamı Azərbaycanın, xüsusən Qarabağın adının Avropada təmsil olunmasına çox sevinir. Qoy insanlar bilsinlər ki, bu regionda müharibə şəraiti hökm sürür.

– Ağdama getmək və klubun əvvəlki stadionunu ziyarət etmək imkanınız var?

– Xeyr, elə bir imkan yoxdur. Fikrimcə, hazırda ora çox təhlükəlidir və buna görə məsləhət görülmür.

– Orada baş verənlər xatırlanır?

– Əlbəttə. Bizdə elə oyunçular var ki, müharibə zamanı evlərini və ailə üzvlərini itiriblər. Onlar bizə yalnız özümüzdən ötrü deyil, bütün xalq üçün oynadığımızı xatırladırlar.

– “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycanda necə qarşılandı?

– Klub uzun illərdə ciddi bir nailiyyət əldə etmək üçün çalışırdı. Əlbəttə, bu, çətin tapşırıq idi. Lakin sonda ağır iş qrupa yüksəlməyimizlə mükafatlandırıldı. İnsanlar Azərbaycanın adının ÇL-də olacağından çox sevincli və qürurludurlar.

– Püşkatmanın nəticəsi barədə də fikirlərini bilmək maraqlı olardı…

– Top-komandalarla oynamaq təcrübəsindən bəhrələnməliyik. Oyunların çətin keçəcəyi aydındır. Lakin biz mübarizə aparacaq və müsbət imic formalaşdırmağa çalışacağıq.

– Digər ölkələrlə müqayisədə, Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?

– Çempionatda 8 komanda var, 4 dövrəli sistemlə oynayırıq. Bu, yeganə mənfi cəhətdir. Texniki cəhətdən səviyyə çoxlarını təəcübləndirə bilər. Çünki başqa klublar da avrokuboklarda müntəzəm çıxış edirlər.

– Bəs, komandanın baş məşqçisi Qurban Qurbanov barədə nə deyə bilərsən?

– Dəqiq ideyaları olan və futbolçuları yaxşı tanıyan məşqçidir. Daha əvvəl onun kimi oyunçular arasında bu qədər rəğbəti olan və tarazılığı qoruyan mütəxəssis görməmişdim. Onu əsəbiləşən və ya məşqçi skamiyasından qışqıran yerdə görmək çətin məsələdir. Hesab edirəm ki, Qurban Qurbanov və komandası uğura layiqdir. Buna uzun müddətdir gördükləri iş və sədaqətli xidmətləri ilə nail olublar.

Yenicag.az