!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurumların rəqəmsallaşması və maraq toqquşması: "Ciddi problemlər var"

!Reklam – Yazi

“Müşahidələr göstərir ki, bürokratçılığın aradan qaldırılmasında, daha çevik-effektiv qərarların qəbul edilməsində rəqəmsal hökumətin imkanları yetərli olmayıb”.

Yenicag.az xəbər verir ki, bunu ölkəmizdə aparılan rəqəmsallaşma və elektron hökumət quruculuğunun vətəndaş-hökumət münasibətləri və biznes sahəsinə mümkün təsirlərini dəyərləndirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, rəqəmsallaşma və elektron hökumət quruculuğun bürokratçılığı aradan qaldırması gözlənilirdi. Lakin bu sahədəki gözləntilər özünü elə də doğrultmayıb:

“Gözlənilirdi ki, dövlət sektorunda rəqəmsal transformasiya nəticəsində toplanan böyük datalar hesabına dövlət idarəetməsi üçün daha effektiv qərarlar veriləcək. Lakin müşahidələr göstərir ki, bürokratçılığın aradan qaldırılmasında, daha çevik-effektiv qərarların qəbul edilməsində rəqəmsal hökumətin imkanları yetərli olmayıb. Ayrı-ayrı dövlət qurumlarının öz daxilində uğurlar daha çoxdur, datalardan hətta kommersiya məqsədilə istifadə imkanları formalaşıb. Amma bütövlükdə dövlət aparatı və biznes, cəmiyyət üçün rəqəmsallaşma və data infrastrukturdan effektiv istifadədə problemlər var. Bəzi sahələrdə isə dövlət qurumları arasında inteqrasiya baş tutmadığından analoqu olmayan situasiya yaranıb, rəqəmsallaşma bürokratçılığı daha da artırıb. Bir dövlət qurumu digər dövlət qurumunun elektron, rəqəmsal məlumatını tanımadığından yeni bürokratik münasibətlər formalaşıb”.

Osman Gündüz bildirib ki, xeyli sayda dövlət qurumları dövlətin elektron sistemində mövcud olan sənədləri, elektron çıxarışları yenidən kağıza çap etmək və yenidən notarial təsdiq etməyi tələb edir. Hüquqi adı “elektron çıxarış” olan sənədin yenidən kağız formada çapını və notarial təsdiqini tələb etmək nonsensdir:

“Bu cür halların yaranmasının əsas səbəblərinən biri rəqəmsal hökumətə cavabdeh qurum olan Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) daha konseptual addımlar atmaq, bütöv qanunverici bazanı rəqəmsallaşma baxımından sadələşdirmək və inteqrasiyanı sona çatdırmaq əvəzinə çoxsaylı developerlər ordusu formalaşdırmağa, kommersiya layihələrinə üstünlük verir. Qurum əlavə çoxsaylı layihələrə, kənar məsələlərə də zaman və resurslar ayırır. Düşünürəm ki, prioritetlərin müəyyənləşməsində, sektora cavadehlik daşıyan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strateji planlaşmasında müəyyən çatışmazlıqlar var.

Prezidentin çıxışlarında qarşıya qoyulan vəzifələr, hökumətin strateji addımları və dünyada gedən proseslər baxımından rəqəmsal hökumət quruculuğu önə çəkilməliydi. Görünür, burada artıq maraq toqquşmaları yaranır. Oflayn mühitə cavabdeh dövlət qurumu həm də rəqəmsal mühitin, rəqəmsal hökumətin formalaşmasına cavabdehlik daşıyır. Bu məqsədlə resursların bölünməsini də özü reallaşdırır və nəticədə ciddi problemlər yaranır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi prioritet olaraq rəqəmsal hökumətin inkişafını önə çıxartmalı, dövlətə məxsus dataların inteqrasiyası və səmərəli istifadəsi üçün səyləri gücləndirməlidir”.

Gülşən Şərif

www.yenicag.az

441
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv