!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Quzğunların gözü Cənubi Qafqazda: Azərbaycanla Ermənistanı savaşa sövq edən böyük güclər - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Cənubi Qafqaz müharibə ehtimalı yüksək regionlardan biri olaraq qalmaqda davam edir.

Hər nə qədər Azərbaycan və Ermənistan tərəfi sülhdən danışsa da, hər iki tərəf müharibə ehtimalını da gündəmdə saxlayır. Hətta Azərbaycan xarici işlər naziri müsahibələrindən birində qeyd edir ki, sülh müqaviləsi bağlansa da, müharibə ehtimalı qalacaq. Bunun səbəbləri, təbii ki, nə Azərbaycan, nə də Ermənistanla bağlıdır.

Biz bəzən yalnış olaraq müharibələrə dövlətlərarası müharibə kimi baxırıq. Məsələ ondadır ki, bütün münaqişlər region uğrunda gedir. Misal üçün, Rusiya-Ukrayna müharibəsi böyük bir region uğrunda gedir. O region ki, Ukraynasız Rusiyanın imperiya olması sual altında qalır. O region ki, bununla Avropaya təzyiq və təhdidlər daha real olur.

Cənubi Qafqaza gəldikdə, vəziyyət son dərəcə qarışıqdır. Məsələn, uzun müddət Cənubi Qafqaz Rusiyanın arxa bağçası idi. Regionun üç ölkəsi də Rusiyanın birbaşa təsir dairəsində idi. Ən azı bütün güc nazirlikləri Rusiya ilə razılaşdırılırdı. Bu oyunu ilk pozan Gürcüstan oldu, ardınca Ermənistan. Hər iki ölkə Qərb yönünü tutdu. Bu isə Rusiyada böyük qıcıq yaratdı. Azərbaycan isə fərqli yön seçdi. NATO ölkəsi olsa da, Rusiya ilə münasibətləri son dərəcə yaxşı olan Türkiyə də. Faktiki olaraq, region hansı ölkənin təsir dairəsindədir, heç kim bilmir. Misal üçün, Ermənistanda Rusiya hərbi bazaları var, ancaq Ermənistan Rusiyaya birbaşa qarşı çıxır, Fransa və ABŞ ilə daha çox əməkdaşlıq edir. Ehtimal olunur ki, Ermənistan arxada Rusiya ilə hələ də əməkdaşlıq içərisindədir. Ancaq Ermənistanda Avropanın mülki missiyası var, bundan əlavə, ABŞ ilə birgə hərbi təlimlər də keçirilir. Yaxın günlərdə isə ABŞ-nin təhlükəsizlik üzrə mütəxəssisləri ermənilərlə birgə tədbirlər keçirdi. Digər bir məsələ isə Avropanın mülki missiyasının hərbiləşdirilmə ehtimalı da yüksək olmasıdır. Gürcüstan isə başlı-başına müəammadır. Gürcüstanda baş nazirliyə əsas namizəd ABŞ ilə bu il ərzində iki hərbi təlimin keçiriləcəyini bəyan etdi. Dolayısı ilə deyə bilərik ki, regionda əsas söz sahibi kimdir, hələ ki bilinmir. Ən azı açıq mənbələrdən informasiyalar bunu deyir. Ona görə də regionda durulmaya ehtiyac var. Qısası nə Ermənistan, nə də Azərbaycan müharibə istəsə də, böyük güclərin diqtəsi ilə gərginlik hər an arta bilər.

Misal üçün ABŞ-nin Ermənistandakı səfirliyi səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Göyçə bölgəsi, Basarkeçərin şərqi, Zəngəzur bölgəsi, Gorusun şərqi və Qafanın cənubuna getməməyə çağırıb. Düzdür, nədənsə bunu Azərbaycanda bəzi ekspertlər İranla bağladılar. Məsələ ondadır ki, əllərində çubuq xəritə üzərindən xariqələr yaradanların xəritələrdən anlayışı olsaydı, görərdilər ki, adı keçən istiqamətlər məhz Azərbaycan sərhədidir. Bundan əlavə, ABŞ-nin tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlayıb. Bu xəritəyə əsasən, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimal olunur. Yəni region ölkələri hər nə qədər sülhdən danışsa da, böyük güclər buna ehtimal vermir. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında axırıncı sülh danışığı yarım il əvvəl baş tutub. Yəni ən az ehtimal olunan bir məsələyə çevrilib.

Bundan əvvəlki yazılarımda da qeyd etmişəm. Əgər yenidən müharibə olacaqsa və Cənubi Qafqazda ikinci münaqişə ocağı olacaqsa, bu, Azərbaycan yox, Ermənistan ərazisində olacaq. Zəngəzur dəhlizinin, belə desək, danışıqla yox, güc yolu ilə açılma ehtimalı yüksəkdir. Bunun heç Azərbaycan və Ermənistanla da əlaqəsi yoxdur. Məsələn 10 noyabr bəyanatında Rusiya dəhlizdə özünün təmsil olunacağını qeyd etmişdi. Ancaq bununla, ilk növbədə Fransa razılaşmır. ABŞ də bunun əleyhdarlarından biridir. Yəni danışıqlar yolu ilə bu dəhlizin açılması imkansız görünür.

Əslində, Rusiya 2022-ci ilin sentyabr ayındakı sərhəd toqquşmasında Azərbaycanın Ermənistan ərazisinə daxil olmasını istəyirdi. Sadəcə olaraq Azərbaycan tərəfi lazım olan yerdə dayana bildi. Ancaq bu dəfə gərginlik artarsa və silahlı münaqişə başlayarsa, Azərbaycan tərəfinin dayanma ehtimalı çox aşağı görünür.

Hesab edirəm ki, bu dəfə Cənubi Qafqazda müharibə olsa, Gürcüstan da bundan kənar qala bilməyəcək. Deyənlər olacaq ki, ABŞ ilə hərbi təlimlər keçiriləcək, buna Rusiya risk etməz. Xatırlatmaqda fayda var. Azərbaycan ötən ilin sentyabrında antiterror əməliyyatını Ermənistanda ABŞ ilə hərbi təlimlər bitər-bitməz etmişdi. Yəni artıq kimin kiminlə təlim, tədbir keçirməsinin heç bir mənası yoxdur. Hazırda beynəlxalq hüquq, beynəlxalq münasibətlər və bunun əsas tənzimləyicisi, ən çox ABŞ-niin yararlandığı BMT belə işləksiz bir quruma çevrilib.

Nəinki dünyada, elə regionumuzda nizamın gəlməsi üçün müharibənin olma ehtimalı yüksəkdir.

www.yenicag.az

2034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv