Ramil Usubov gəncləri təbrik etdi

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 24-də Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Yenicag.az  bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən məlumata görə, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 518 iddiaçının arasından daha hazırlıqlı olan 348 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Namizədlər qarşısında çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cİlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tapşırıqlarını xatırladan nazir bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.