Bu gün Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün püşkatma mərasimi keçirilir.
Yenicag.az xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən tədbiri çıxış sözü ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıb.
Musayev çıxışında yeni mövsümdə klublarımıza uğurlar arzulayıb. Bundan başqa PFL başqanı klublarımızın Avropa Liqasındakı uğursuz çıxışından da söz açıb:
“Hamımız üçün xeyirli olsun. Çempionatın sonu yaxşı keçsə də, nəticələrdən razı qalmadım. Bizim klublar fikirləşmirlər ki, Avroliqaya bir ay qalmış hazırlaşmaq olmaz. Qışdan hazırlaşsaydılar, daha yaxşı olardı. Çünki yeni gələn futbolçular bir-birini yaxşı başa düşməlidir. Komandalarımızın zəif çıxışının səbəbi odur ki, yayda dəyişikliklər çox oldu. İnanırıq ki, “Qarabağ” öz qələbələri ilə reytinqimizi yüksəldəcək. Çalışırıq, çempionatda haqq-ədalət olsun. Fikrimcə, ötən il ciddi problem olmadı. Bu ilin də belə keçməsini arzulayırıq. Birinci divizionda maliyyə problemləri olduğundan, əvəzedicilər də aşağı dəstədə çıxış edəcək. Ola bilsin, bu bəzilərinin xoşuna gəlməsin. İnanıram ki, builki sistem də özünü doğruldacaq. Gənc futbolçulara yer verməliyik, bu, bizim borcumuzdur”.
Xatırladaq ki, PFL qarşıdakı çempionatın avqustun 11-də başlayacağını açıqlayıb.
Emin Səfərov