!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsm əsərləri ehtiyatda olan zabitin gözü ilə: "Bəzi məsələlərdə hətta düşmənə qarşı da mülayimlik göstərirdim" - MÜSAHİBƏ

!Reklam – Yazi

İnsan peşəni deyil, peşə insanı seçir. Bu deyimlə yanaşsaq, peşənin seçdiyi insanlardan biri də Əfqanıstan və Qarabağ müharibələrinin veteranı, rəssam Tərlan Eyvazovdur. O, öz əsərləri ilə bir çox insanın qəlbini fəth edə bilib.

Hərbi sahə kimi ciddi və eyni zamanda incəsənət kimi həssas sahədə yer tutan ehtiyatda olan zabit Tərlan Eyvazovun Yenicag.az-a müsahibəsini təqdim edirik:

– Tərlan bəy, Qarabağ və Əfqanıstan müharibəsi iştirakçısı, ehtiyatda olan zabit kimi rəssamlığa maraq necə yarandı?

– Rəssamlığa marağım uşaqlığımdan yaranıb. Mən rəssam olanda Əfqanıstana gedəcəyimi bilmirdim. Sadəcə olaraq əsgərliyə gedəcəyimi bilirdim.

Odessa hərbi dairəsinin quru qoşunlarında xidmətə başladığımdan cəmi ay yarım sonra, 1979-cu ilin dekabrında Əfqanıstan müharibəsi başladı və 1980-ci il yanvar ayında Odessa hərbi dairəsindən Əfqanıstana göndərildim. Oradan gələndən sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin bədii qrafika fakültəsinə daxil oldum və 5 il təhsil aldıqdan sonra rəssam müəllim kimi fəaliyyətə başladım. Daha sonra da İkinci Qarabağ Savaşı başladı.

– Adətən incəsənət adamları həssas, hərbi sahədə olan insanlar isə soyuqqanlı olur. Bu balansı tənzimləyə bilirsiniz?

– Əfqanıstandan gələndən sonra yaşadığım stresi və öz sənətimə yaxın bağlılığı tələbəlik illərim aradan götürdü. Daha sonra Qarabağ məsələsi başladı və insanın yadına fırça, rəsm düşmürdü. Xocalı faciəsindən sonra hər bir kişinin öz namusunu qoruması məsələsi ortaya çıxmışdı. Həmin vaxtlarda hər şeyi atıb cəbhəyə getməli oldum. Həmin ərəfələrdə içimdə olan sərtlik mülayimliyimə qalib gəlmiş oldu. Lakin buna baxmayaraq, rəssamlıqda yenə də sərt tərəfdən yanaşa bilmirdim. Bəzi məsələlərdə hətta düşmənə qarşı da mülayimlik göstərirdim.

– Rəssam kimi tələbələriniz varmı?

– Uzun müddət başqa sahələrdə çalışdım. Artıq 4 ildir ki, pedaqoji fəaliyyətimə yenidən dönmüşəm və ali məktəblərin birində əvəzetmə yolu ilə tələbələrim var. Şəxsi şəkildə müraciət edən tələbələr olsa da, indiki məqamda buna vaxtım və həvəsim yoxdur.

– Çəkdiyiniz rəsmlərdə daha çox hansı mövzulara yer verirsiniz?

– Qarabağ Savaşından sonra 20 ildən artıq müddət işləyə bilmədim. Zamanla yenidən həvəs yarananda işləməyə başladım. Qrafika və rəngkarlıq sahəsində rəsmlər çəkirəm. Əsas istiqamətim müharibə mövzusu ilə bağlıdır. İstər kitab qrafikasında, istərsə digər qrafik sərhədlərdə, istərsə də tablolarda bu mövzuya daha çox müraciət edirəm. Bacardığım qədər çalışıram ki, insanlar həm də təsviri sənət yolu ilə müharibə haqqında məlumatlı olsunlar.

– Rəssam olmaq üçün istedad lazımdır, yoxsa hər kəs öyrənərək rəsm çəkə bilər?

– Rəssam olmaq üçün istedad mütləqdir. İstedadla yanaşı, həm də çalışmaq lazımdır. Adi şəkil çəkməyə həvəsi olan hər kəs öyrənə bilər. Allah vergisi olmadan mükəmməl rəssam, şair, bəstəkar olmaq isə qeyri-mümkündür.

Gülşən Şərif

www.yenicag.az

7877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv