!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəsmi Bakının effektli xarici siyasəti: Dünyada söz sahibinə çevrilən Azərbaycanın atmalı olduğu addımlar - TƏHLİL

!Reklam – Yazi

İlyas Hüseynov: “Azərbaycan elə bir regionda yerləşir ki, qonşu ölkələrlə yanaşı, həm də digər xarici dövlətlərlə münasibətlər qurması indiki zamanda çox vacibdir”.

Ramiz Alıyev: “Prezident İlham Əliyevin qətiyyətli iradəsi və siyasi təcrübəsi ilə Azərbaycan istər regionda, istərsə də beynəlxalq arenada gündən-günə güclənməkdədir”.

Dünyanın sürətlə qloballaşması fonunda respublikamızın müstəqil dövlət kimi gələcək dünya düzənində yeri, xarici siyasətinin xarakteri və qarşıya qoyduğu əsas məqsədlər müəyyən edilməli idi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra məhz Azərbaycanın xarici siyasətində, beynəlxalq miqyasda nüfuzunun artırılmasında misilsiz işlər görüb. Hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi Ulu Öndər tərəfindən müəyyənləşdirilmiş siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir.

Mövzu barəsində Yenicag.az-a açıqlama verən politoloq İlyas Hüseynov qeyd edib ki, Azərbaycanın elə bir regionda yerləşir ki, qonşu ölkələrlə yanaşı, həm də digər xarici dövlətlərlə münasibətlər qurması indiki zamanda çox vacibdir:

“Çünki biz erməni təbliğatının çoxvektorlu fəaliyyət göstərdiyini görürük. Onlar dünyanın müxtəlif ölkələrinə səpələnib uzun illərdir ölkəmiz və Türkiyəyə qarşı aktiv fəaliyyət göstərir. Erməni lobbist qrupları parlament və hökumət səviyyəsində, media strukturlarında, elm və təhsil sahəsində, demək olar, hər yərdə təmsil olunub. Bu səbəbdən Azərbaycan diasporu və xarici diplomatiyası fəal surətdə əlaqələrini genişləndirməlidir.

Dünyada universal təşkilat olan BMT TŞ-nin daimi üzvləri ilə yanaşı, qeyri-daimi üzvləri də müəyyən zaman kəsiyində önəmli mövqeyə sahib olub, vacib qərarların qəbul olunmasında iştirak edirlər. TŞ bir çox ekspertlərin fikrinə görə, effektiv deyil. Misal üçün Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında rol oynaya bilmədi. Dünyada digər problemlər – su, aclıq, iqlim kimi problemlərin həllində artıq TŞ demək olar iştirak etmir. İştirak etsə belə, sənədləri deklorativ xarakter daşıyır. Lakin istənilən halda beynəlxalq hüququn nizamlayıcı institutu sayılır. Burada qeyri-daimi üzvlər də iştirak etdiyinə görə Azərbaycan müxtəlif regionlarda təmsil olunan dövlətlərlə sıx münasibətlərini inkişaf etdirməlidir. Çünki elə dövlətlər ola bilər ki, onlar Azərbaycanın haqlı savaşında bizi müdafiə edə bilər.

Qoşulmama Hərəkatına üzv dövlətlər Vətən müharibəsində Azərbaycanın mövqeyini ədalətli şəkildə müdafiə etdilər. Azərbaycan bununla Vətən müharibəsinin gedişində çox mühüm siyasi üstünlük qazandı. Bu sınaqla biz yenidən üz-üzə qala bilərik. Ötən gecə BMT TŞ-də Qarabağda ermənilərin saxta blokadası ilə bağlı məsələ gündəmə gətirildi. Bu müzakirələrdə Azərbaycan diplomatiyasının ardıcıl və fəal işləməsi öz nəticəsini verdi. İndidən sonra da düşünürəm ki, regional və qlobal miqyasda Azərbaycan çoxtərəfli diplomatiyaya üstünlük verməlidir.

Multikulturalizm son dövrlər Azərbaycan üçün üstünlüklər qazandıran diplomatik gedişləri özündə birləşdirir. Vətən müharibəsindən öncə də Azərbaycan üçtərəfli və dördtərəfli möhkəm əlaqələr formalaşdırmışdı. Mərkəzi Asiya-Azərbaycan-Türkiyə, Pakistan-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Rusiya və bu kimi çoxgedişli kombinasiyaların nümunələrini daha çox saymaq olar. Əgər Azərbaycana uğur qazandırırsa, iqtisadi diplomatiyamıza gəlir gətirirsə və Azərbaycanın mövqeyini gücləndirirsə, niyə bu formatlardan imtina olunsun? Bu səbəbdən xarici siyasət dəyişkəndir, dinamikdir. Xarici siyasətdə daimi dostlar və düşmənlər yoxdur. Bu səbəbdən Azərbaycan bütün mümkün resurslardan öz xeyrinə istifadə etməlidir”.

Mövzu barəsində politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası 1993-cü ildən bu günə qədər bütün qonşu dövlətlər və eyni zamanda, dünya ölkələri ilə sıx münasibətlər qurmağa çalışıb:

“Təbii ki, buna nail də olub. Eyni zamanda, beynəlxalq təşkilatlarla çox yaxşı əməkdaşlıqlar edib. Məhz bunun nəticəsidir ki, Azərbaycanın daxili siyasəti ilə yanaşı xarici siyasəti də sürətlə inkişaf etməyə başladı. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət kursu bu gün prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Fikir versəniz, 2003-cü ildən bu günə qədər Azərbaycanın xarici siyasətində qətiyyətli addımların atıldığını, mehriban qonşuluq və eyni zamanda öz hüquqlarını müdafiə etmək gücünün daha da artdığını görərsiniz.

1993-cü ildən öncə Azərbaycan hakimiyyətindəki şəxslər xarici siyasəti elə tənzimləmişdi ki, xarici dövlətlər ya Azərbaycanla düşmən idi, ya da soyuq münasibət göstərirdi. Bu səbəbdən Azərbaycanın beynəlxalq təşkilatlarda və xarici ölkələrdə haqq səsi istədiyimiz səviyyədə eşidilmirdi. Bu səbəbdən lazım olan dəstəyi görmürdük. Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra beynəlxalq ictimaiyyətin Azərbaycanla bağlı fikirləri tamamilə dəyişdi. Xarici ölkələr və beynəlxalq təşkilatlarla çox yaxşı münasibətlər quruldu.

Vətən müharibəsindən sonra Azərbaycana qarşı xarici təzyiqlərin gücləndiyi müşahidə olunur. Bu da təbii ki, erməni lobbisinin dayaqları olan, Azərbacyana var gücü ilə zərbə vurmağa çalışan qüvvələrdir. Ancaq Azərbaycan hərbi sahədə qalib olduğu kimi xarici siyasətində də hər zaman qalibdir. Belə olduğu təqdirdə Azərbaycanın qarşısında tək Ermənistan yox, himayədarları da dayanıb.

Azərbaycanın beynəlxalq təşkilatlarda güclü nüfuzu var. Beynəlxalq təşkilatların Azərbaycanda tədbirləri keçirilir. Həmçinin Azərbaycan beynəlxalq təşkilatların fəal üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdə istər pandemiya zamanı, istərsə də sonra təbrilər təşkil edib. Bu konfranslar nəticəsində bir sıra problemlər öz həllini tapıb. Belə böyük təşkilata rəhbərlik etmək heç də asan iş deyil. Prezident İlham Əliyevin qətiyyətli iradəsi və siyasi təcrübəsi ilə Azərbaycan istər regionda, istərsə də beynəlxalq arenada gündən-günə güclənməkdədir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

1168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv