Kamran Quliyevin “Sumqayıt”ın prezidenti postundan ayrılaraq “Neftçi”yə keçməsindən sonra boş qalan kresloya 3 namizəd var.
Yenicag.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov qurumun illik hesabatı ilə bağlı keçirilən konfransdan sonra jurnalistlərin suallarını cavablandırarkən məlumat verib.
O, namizədlərdən birinin AFFA-nın baş seleksiyaçı, milli komandaların meneceri Riyad Rəfiyevin olduğunu bildirib. Onun sözlərinə görə, Rəfiyev artıq “Sumqayıt”dan təklif alıb. Bundan başqa Məmmədov AFFA-nın əvvəlki əməkdaşlarından və hazırkı rəsmilərindən birinə də təklif gəldiyini açıqlayıb.
Qeyd edək ki, Riyad Rəfiyev “Neftçi”nin mərhum prezidenti Rasim Rəfiyevin oğludur.