Reklam

Reklam

Prezident İlham Əliyevin İran səfəri zamanı əsas diqqətçəkən bir məqam oldu. İranın dövlət başçısı Həsən Ruhani çıxışında ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bircə cümlə işlətdi: “Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq”.

Qarabağ probleminə bir daha səthi yanaşmasını ortaya qoyan Ruhaninin bu fikirləri Azərbaycan ictimaiyyətinin də diqqətindən yayınmadı. Rəsmi Tehran bir daha tənqid hədəfi oldu. Ölkəmizlə əlaqələrin daim vacibliyindən danışan bir dövlətin Azərbaycandan bütün sahələrdə qat-qat aşağı səviyyədə dayanan Ermənistandan vaz keçə bilməməsi ciddi müzakirə obyektinə çevrilib. Müsəlman ölkəsi olaraq müsəlman dövlətin deyil, xristian ölkənin yanında duran Tehran sərt şəkildə qınanır.

YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, Azərbaycan hər bir ölkə ilə dost münasibətləri qurur: “Azərbaycanın əsas siyasəti bir-birinə hörmətlə yanaşmaq, bir-birinin daxili işinə qarışmamaq və regionda sabitliyə nail olmaqdır. İran isə bölgədə və dünyada hansı siyasəti yürüdürsə, bu, onun daxili işidir. Biz ona qarışmırıq. O başqa məsələdir ki, bizim İrandan müsəlman ölkəsi olaraq, tarixi bağlılığımız olan bir dövlət kimi umacaqlarımız daha çoxdur. Bu mənada çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsinin sürətli həllinə öz töhfəsini versin, köməkliyini göstərsin. Amma nədənsə İran öz imkanlarından istifadə etmir. Hətta son dövrlərə qədər Ermənistanla daha sıx əlaqə saxlayırdılar, nəinki Azərbaycanla. Bir sıra məqamları açıqlamaq istəmirəm. Amma hesab edirəm ki, bölgədə Azərbaycanın iştirakı ilə elə proseslər gedir ki, gec-tez biz bu məsələdə də dəyişikliyə nail olacağıq. Burada söhbət Azərbaycanın yaratdığı yeni formatdan gedir. Hörmətli Həsən Ruhani Azərbaycanda oldu, çox mühüm sazişlər imzalandı. Bir millət vəkili olaraq, mənim İrandan gileylənməyə haqqım yoxdur. Çünki İranla əməkdaşlığımız, əlaqələrimiz çox genişdir.

Daim çalışmışıq ki, İranla əlaqələrimiz qalsın, bu dövlətə qarşı hər hansı bir kampaniyanın aparılmasına imkan verməyək. Biz bilirik ki, İranın imkanları daha çoxdur və çox istərdik ki, İran bu imkanından daha çox Qarabağ probleminin həllində istifadə etsin. Açığı, bədbin deyiləm. Çünki Qarabağ münaqişəsindən keçən müddət ərzində o qədər nikbin vədlər, proqnozlar görmüşük ki, amma onun heç biri real addımla nəticələnməyib. Bizim üçün ən vacib olan konkret addımların atılmasıdır. Amerikaya yeni rəhbərlik gəlib. İran və regiona münasibətinin necə olacağı hələ tam məlum deyil. Perspektivdə məsələlər daha çoxdur. Çox istərdik ki, bunlar həll olunmamışdan əvvəl İran Azərbaycan və Ermənistanı tərəzinin gözlərinə qoysun, görsün hansı daha çox əhəmiyyətli ölkədir, hansının region üçün əhəmiyyəti yüksəkdir. Hansı dövlətin regiona sülh, yaxud müharibə gətirdiyinə də bir baxsın. Əməkdaşlıq düşünürəm ki, İran dövlətinə daha çox fayda verər. Müqayisələr olarsa, bu, daha çox xeyrimizə həllini tapacaq”.

Siyasi şərhçi Sahib Kərimli hesab edir ki, İranın Qarabağla bağlı mövqeyi Ermənistandan daha çox özünə xidmət edir: “Trampın ABŞ prezidenti seçilməsi yeni şərtlər formalaşdırıb. İlham Əliyev siyasi manevrlər edir və bu normaldır. İran qədim dövlət ənənəsi olan, dövlət naminə bütün həssasiyyətini qurban verən qonşu ölkədir. Ermənistanla da qonşudur, hər iki ölkəyə münasibətlərini çıxarlarına uyğun müəyyən edir. Qarabağ münaqişəsindəki mövqeyi də ermənilərdən çox özünə xidmət edir. Azərbaycan hakimiyyəti diplomatik münasibətləri gücləndirməklə, dialoqu qorumağı bacarmalıdır. Prezidentin İran səfəri bu mənada önəmlidir. Proseslərin gedişində məlum olacaq ki, regionla bağlı hansı dəyişikliklər olacaq. Azərbaycan coğrafi və siyasi mövqeyinin regiona təsirləri müxtəlif səbəblərdən artır. ABŞ-ın İran siyasətinin təsirləri ilə regionda yeni və gözlənilməz şərtlər də formalaşa bilər. İran müxtəlif vasitələrlə regionda təsirlərini gücləndirəcək. Daha çox siyasi təsirlər yaratmaq imkanları olan region ölkəsi Azərbaycandır. Hakimiyyət cəmiyyətlə işləməli, sekulyar müxalifəti sıradan çıxarmaq prosesini durdurmalıdır ki, teokratik sistemin siyasi təsirlərinə maksimum az məruz qalsın”.(musavat.com)

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 68
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."