!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ruhumla dilə gəldim... - Şəhid mayor Rasim Məmmədovun xatirəsinə

!Reklam – Yazi
(Şəhid Məmmədov Rasim Əbdül oğlunun dilindən…)
Nə gözəldir vətəni azad görmək. Cismimizlə toxunmasaq da ruhumuzla vətəni başdan-başa süzürük. Həyatı dərk edəndən mən vətənin sinəsini dağlı görmüşdüm. O qədər düşmənin vətənə təcavüz etdiyini eşitmişdim ki, artıq uşaq olmaqdan yorulmuşdum. Bir an öncə böyümək istəyirdim. Mən də vətənin keşiyini çəkən doğmalarım kimi vətənə keşik çəkmək üçün tələsirdim. 1990-cı illərdə düşmənin Sədərək rayonuna qarşı hərbi təcavüzü zamanı mən və mənim kimi bütün uşaqlar vətənin sinəsində sona çatan ömürlərə, arzulara şahid olduq. Mənim şahidi olduğum ən ağır mənzərə atamın kəm qalan cismi oldu. Bir övlad üçün atasını ölümün pəncəsində görməyin ağırlığını izah etmək mümkün olmasa da, mənim atdığım addımlar intiqamımın və arzularımın böyüklüyünün xəbərçisi idi.
Mən 1977-ci il mayın 20-də dünyaya göz açdığım zaman heç kim mənim şəhid olacağımı təsəvvür etməmişdi. Heç mən də bir qazi oğlu olacağımı təsəvvür etməmişdim. Ancaq həyat mənim alnıma qazi oğlu, atamın alnına isə şəhid atası olmağı yazıbmış. Bizim alın yazımıza yazılan qismət əslində vətən torpağına yazılıbmış. Bunu zaman dərk etdirdi.
Gəncliyim sanki qaranlıq bir otaqda keçdi. O dönəmin çətin həyat şərtləri hər kəs kimi mənim də həyatıma sirayət etmişdi. Bütün çətinliyə baxmayaraq evimizdə ata, ana nəfəsinin olmasından güc alırdım. Dörd qardaşın ikincisi olsam da sanki ailədə biraz daha artıq sevilirdim. Yəqin ki, ömrümün qısa olacağı atama, anama ayan olubmuş. Bilirəm onlar məndən doymadılar. Nə yalan deyim mən də ata, ana, qardaşlarımdan doymadım. 1994- cü ildə məktəbi bitirər bitirməz hər kəsdən daha çox sevdiyim vətənə oğul olmağa tələsdim. Bakı Ali Birləşmiş Komandirlər məktəbinə (indiki AAHM) qəbul olduğum gün sanki üzümə Qarabağın aydın səmaları açıldı. Bilirdim ki, bir gün o səmaları ruhumla yarıb pərvaz edəcəm. Özümü hərbi formada gördüyümdə atam Əbdül Məmmədovun kəm qalan cismini görürmüşəm kimi hiss edirdim. Biraz Rasim olurdum, biraz da Əbdül. Hər dəfə atam məni hərbi formada gördüyündə qəlbinin çırpıntısını uzqdan duyurdum. “Oğlum Mil təpə yüksəkliyində axan qanımın qisasını alacaq.” deyirdi qəhrəman atam. O cümlədən güvən, məsuliyyət, güc alırdım. Həyatda məni yaşadan amalımı atamın duyması mənim üçün ən ali hiss idi. Bilirdim ki, atam həmin qisas gününü necə gözləyir.
Artıq bir hərbçi kimi bir çox pillələri qalxmışdım. Leytenant, baş leytenant, kapitan, mayor və şəhid. Aldığım hər rütbənin sevincini mən, qürurunu atam yaşayırdı. Şəhadətin bircə addımlığından dönən qazi hərbçi oğlu ilə sanki öz arzularına çatırdı. Ən böyük arzu isə vətən torpağının hər qarışının azad olunması idi. Bu arzu ilə ötən illər onilliklərə dönmüşdü. Ancaq ötən illər nə atamın, nə də mənim ümidimizi öldürməmişdi. Bir gün mütləq atama o azadlıq müjdəsini çatdıracam deyirdim. Bilirdim ki, asan olmayacaq. Ancaq vətən həsrətindən daha çətin ola bilməzdi. Nə zamansa bu yoldan ya atam kimi qazi, ya da atamın şahid olduğu şəhid kimi dönəcəyimi bilirdim. Sonuncusu oldu.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ümidlər bir anda boy atıb vətəni ağuşuna aldı. Varlığı ürək bulandıran düşmən varlığımızdan qorxuya düşdü. Həmin zaman mən həm Rasim kimi, həm də qazi Əbdül kimi mübarizə apardım. Sanki İlahi bir qüvvə gəlmişdi mənə. Düşmən gözlərimdə bir toz dənəsi kimi görünürdü. Bu gücün sonunun zəfər olacağı heç kimə sirr deyildi. Elə düşünülən kimi də oldu. Azərbaycan ordusu illərdən sonra Aprel zəfəri adlı şanlı qələbəyə qan ilə imza atdı. O imzada mənim də qanım oldu. Aprelin 4-də Lələtəpə yüksəkliyinə bayrağımızın sancıldığının sevincini yaşadım. O sevinc cismən yaşadığım son sevinc oldu. O anın şahidi olduqdan sonra şəhadət zirvəsinə yol aldım. O zirvəyə yol alan şəhid karvanında yer almaq qürurverici idi. Son dəfə dünya gözü ilə gördüyüm bayrağa bürünən cənazəm aprelin 4-dən 5-nə keçən gecə Naxçıvan torpağına aparıldığında ruhumun ilk sarıldığı insan atam oldu. Tabutum önündə məğrur dayanan qazi atamın əslində daxilən yıxıldığını hiss edirdim. Oğul itirən atam, vətənin azadlığının sevincini yaşadığı üçün o an məğrur dayana bildi. Ancaq yaşamla olan bağı elə həmin gün çatladı. Qazi atam şəhid atası olmağa cəmi 25 gün tab edə bildi. Cənnətdə şəhid oğlunu tək qoymayan atam cənnətimin əbədi sakini oldu.
Mən yenə atamın kölgəsinə sığınmışam. Cənnətdə ruhunun kölgəsinə, dünyada isə məzarının kölgəsinə. Bizim qoşa məzarımızın kölgəsinə sığınanların həm həsrətlərini, həm də qürurlu duruşlarını duyuram. Ən çox anamın qarlı dağlara bənzəyən tellərini sinəm üstə hiss edirəm. Bir də cənnət qoxusunu duyuram. Qardaşlarımın məzarımla söhbətləşməsinə həm sevinirəm, həm üzülürəm. Onların həsrətimi çəkmələri hər sözlərindən, hər addımlarından bəllidir. Bilirəm, hər kəs kimi qardaşlarım da mənimlə qürur duyurlar. Adımı o qədər gözəl yaşadırlar ki, illər ötməsinə baxmayaraq xalqım məni unutmayıb. Kaş ki, qardaşlarım da bilərdilər ki, mən də onlarla qürur duyuram. Həsrətimlə böyüyən övladlarımın isə qoxularını ruhuma çəkdiyim zaman onların mənim qoxuma həsrət qalmalarına çox üzülürəm. Onların gözlərində atasızlığın izi həkk olunub. O həsrətli baxışlar məzar daşımla, şəkillərimlə çarpışanda ruhum sızlayır. Çünki mən onların qəlbindəki həsrəti duyuram. Bir də hər kəsdən qaçıb gecələrə sığınan yarımın hıçqırıq səslərini cənnətimdə duyuram. Bilirəm mənsiz qalan hər kəs mənsizliyin acısı ilə sızlayır. Ancaq mən heç bir doğmamı gözü yaşlı görmək istəmirəm. Çünki mən ölməmişəm. Ruhu əbədiyaşar olan şəhid hər iki dünyada sonsuzadək yaşayır.

ŞƏHİDLƏR ÖLMƏZ

Şəhidlər ölməzdir iki cahanda,
“Öldü” kəlməsini yaraşdırmayın.
Analar bətnində cana gətirər,
Allah bu vətənin müqəddəs payın.

Qəlbi vətən ilə döyünən şəhid,
Cismiylə çevrilib vətənə dönər.
Müqəddəs sayılan bayrağımıza,
Dünyadan köçəndə şəhid bürünər.

Allah elə uca məqam ayırıb,
Ruhumuz, cismimiz müqəddəsləşir.
Şəhidtək Allaha döndüyümüz an,
Bütün müqəddəslər bizlə görüşür.

Həmin an duyulmur heç bir yaranın,
Verdiyi nə ağrı, nə də ki, acı.
Biz vətən dərdini unutdururuq,
Oluruq vətənin məlhəm, əlacı.

Cənnətdə əbədi yaşayan kəsi,
Hər zaman yaşayan biritək anın.
Mənimtək oğullar vətən köksünə,
Axıdıb eşq ilə dövr edən qanın.

Son damla qanımla paklanan yurda,
Ruhumla hər zaman qucaq açıram.
Şəhid Rasim kimi ana vətənə,
Öz şəhid nurumla işıq saçıram.

www.yenicag.az

284
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv