!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Ruhumuzu arındıran, ürəyimizə hərarət gətirən Vahid Əziz SÖZÜ: Cəvahir Nehru yazır -FOTO/VİDEO

!Reklam – Yazi

Mənə yüz il ömür arzulamayın, 

Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa tay-tuşun, tayın,
Qurdla qiyamətə qalmaq deməkdir.
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim.

Qapı-pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.
Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm.
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.

Çox sevdiyim bu misraların poetik təsiri altında gəlib çatdım görüş yerinə – Bakı Kitab Mərkəzinə… Soyuq yanvar sazağında əllərim üşüsə də, ürəyimin isinəcəyinə əmin idim. Çünki yüzəyüz bilirdim ki, burada Xalq şairi Vahid Əziz varsa, deməli, onun həzin, həlim, bəzən də şaqraq dağ şəlaləsi kimi çoşan-çoşduran misralarının hərarəti ilə isinmək və əlbəttə, sözün sehrində itib-batmaq da var.

Nə gizlədim, çoxdandır belə söz məclislərindən uzaq olduğumdan, ruhum da ac idi. Dinlənməyə, bir neçə saatlıq da olsa, hüzura dalmağa məqam axtarırdı… Burada sözlə musiqi qol-boyun idi. Pianoçu Cəlal Səmədov, ud və tar alətində Sənan Rafaeloğlu, gənc estrada ifaçısı Rövşanə Kərimduxtun ifasında şairin sözlərinə bəstələnmiş, illərdir sevilən məşhur mahnılar da görüşə ayrıca bir rəng, gözəllik qatdı.

Şairin şeirlərini onun öz ifasında dinləməkdən xüsusi zövq aldı şeir gecəsinə toplaşanlar. Müxtəlfi illərin xatirəsini özündə daşıyan şəkillər də danışdı. Dilləndikcə, şairin uşaqlıq, gənclik xatirələri də göz önündə canlandı… Zəfər çalan qalib Azərbaycanın şairi olduğuna görə fəxr etməsindən, Ulu Öndər Heydər Əliyevlə bağlı ən əziz xatirələrindən, ilk gəncliyində poeziya aləminə gedən yolda üzünə qapı açan Rəsul Rzadan, vaxtilə yolunu kəsən bədxahlarından, atasının ona verdiyi öyüd-nəsihətlərdən, haqq dünyasına qovuşan sevimli Vaqif qardaşından danışdı…

Azərbaycan ədəbiyyatının inkişafı kontekstində milli nümunələrin təbliği, yaradıcılığın müasir tendensiyalardan söhbət açdı böyük şair. Ona ünvanlanan çoxsaylı sualları cavablandırdı. 3 saatdan artıq davam edən söz məclisində bir məqam diqqətimi xüsusilə çəkdi. Əksəriyyəti gənc şeir həvəskarlarından ibarət olan məclisdə hər kəs Vahid Əziz poeziyasının sehrinə necə düşmüşdüsə, digər tədbirlərdə alışdığımız kimi, nə telefonlarda qurdalanıb vaxt öldürmək istəyənlər vardı, nə saqqız çeynəyib görüşün bitməsinə səbirsizlənənlər, nə də tədbiri yarımçıq tərk edənlər…

Hər kəs sona qədər sözün sehri ilə tilsimlənmişdi. Hətta şairə növbət görüşün nə vaxt baş tutacağı ilə bağlı suallar da ünvanlayırdılar. Şairinsə cavabı belə oldu: “Siz çağırın, mən gəlim”. Beləcə, söz sözə, musiqi musiqiyə, misra misraya calandı… Vahid Əziz poeziyasının ziyasında zövqümüzün pası təmizləndi, ürəyimiz isindi. Tanrıya gedən yolun işığına qərq olub, bir neçə saatlıq da olsa, sözün, şeirin qüdrəti ilə ruhumuzla baş-başa qala bildik. Buna görə sizə bir təşəkkür borcumuz da var. Yazın, yaradın, yaxşı ki varsınız, varımızsınız, Vahid Əziz.

Qeyd edək ki, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilə Bakı Kitab Mərkəzində Xalq şairi Vahid Əzizlə baş tutan görüş 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub.

Cəvahir

Samir Məcidov

www.yenicag.az

760
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv