!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Azərbaycan arasında yeni bəyannamə: "Ölkəmizin itirəcəyi heç bir şey yoxdur"

!Reklam – Yazi

“Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir”.

Bu sözləri prezident İlham Əliyevin Rusiyaya səfəri və iki ölkə arasında imzalanması gözlənilən sənədin təsirlərinə münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a müsahibəsində deyib.

Müsahibəni oxuculara təqdim edirik:

– Yusif bəy, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Qarşılıqlı müttəfiqlik haqqında bəyannamə imzalayacaqlar. Bu bəyannamə hər iki ölkəyə nə verəcək?

– Bakı və Moskva arasındakı haqqında danışılan sənədin imzalanması ilə bağlı hazırlıq işləri hələ ötən il başlanmışdı və 2021-ci ilin 31 dekabrında Azərbaycan prezidenti İlham Əliyev xalqa ənənəvi müraciətində ölkəmizin Rusiya ilə əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyinin, miqyasının genişlənəcəyinin anonsunu vermişdi. Odur ki, Bakı-Moskva münasibətlərinin inkişafı yaxın aylarda təkan almış proses olmadığından, Kremldə aparılacaq danışıqlar da qeyri-adi təsir bağışlamamalıdır. Üstəlik, Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərini ehtiva edən anlaşmanın mətni, sənəd açıqlanmadığı halda onunla bağlı mühakimələr və təhlillər etmək, mövqe bəyan etmək tələskənlik olardı. İlkin məlumatlar onu göstərir ki, sənəd iki ölkə arasında ticari-iqtisadi münasibətləri və humanitar sahədə daha da dərinləşmiş münasibətləri ehtiva edir. Başqa sözlə, imzalanması gözlənilən sənəd heç bir halda Rusiyaya bu və digər formada üstünlük vermir. Azərbaycan ərazisində Rusiya üçün heç bir imtiyazları, güzəştləri ehtiva etmir və dolayısıyla Azərbaycanın əleyhinə hər hansı bir məsələni də özündə ehtiva etmir.

– Azərbaycan Qərb ölkələri ilə iqtisadi, siyasi və hərbi inteqrasiya prosesini də ardıcıl olaraq davam etdirir və bu sahədə mühüm addımlar atır. Sizcə, Azərbaycan balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirə bilirmi?

– Şərqi Avropanın qaz və neftlə təmin olunmasında səylərini bir an belə dayandırmayan, bu regiona nəql etdiyi enerji mənbələrinin həcmini artıran Azərbaycan NATO ilə də əlaqələrini gücləndirir. Azərbaycan Prezidenti İlham Əliyevə telefon danışığı zamanı NATO-nun Baş katibi Yens Stoltenberq də bu həqiqəti rəsmən dilə gətirib, Avropanın ən etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü bildirib. Prezident İlham Əliyev də Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini onun diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Moskva səfərindən bir gün əvvəl – fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi də Azərbaycanın regional və qlobal əməkdaşlıq sahəsində mövqeyini ortaya qoyur. Həmin görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin uğurla inkişaf etdiyi bildirilib və Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi önəm xüsusi olaraq vurğulanıb. Bütün bunlar onu göstərir ki, indiki dövrdə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirmək nə qədər çətin olsa da, ölkəmizin təhlükəsizliyi baxımından olduqca vacibdir və Prezident İlham Əliyev bu ağır və məsuliyyətli işi layiqincə yerinə yetirir.

– Ölkə başçısı İlham Əliyevin Moskva səfərinin hansısa ittifaqlara üzv olmaq məqsədi daşıdığına dair proqnozlar var. Bu proqnozlar nə dərəcədə doğrudur?

– Sözügedən proqnoz kökündən yanlışdır. Belə ki, ölkə başçısının səfərdən öncə Qərb ölkələri ilə əməkdaşlıq perspektivlərini gücləndirən xətt seçməsi və səfərə də məhz bu cür mesajlarla çıxması rəsmi Bakının balanslaşdırıcı xarici siyasət kursuna sadiq qaldığına və bu məsələdə güzəştə getməyəcəyinə dəlalət edir. Əslində Kremlin yaydığı məlumatlar da Rusiya ilə Azərbaycan arasındakı daha da gücləndiriləcək əməkdaşlıqların ticari-iqtisadi və humanitar sahədən kənara çıxmayacağından xəbər verir. Odur ki, bəyannamənin imzalanması ilə Azərbaycan olaraq itirəcəyimiz heç bir şey yoxdur.

Gülşən Şərif

www.yenicag.az

992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv