“Görünür, Kremldə Azərbaycana göndəriləcək yeni səfirin müəyyənləşməsində ziddiyyətlər aradan qalxmayıb”.
Yenicag.az xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin səlahiyyətlərinin rəsmən başa çatmasından iki ay keçsə də, Moskva Bakıya göndərəcəyi yeni diplomatik nümayəndəsini müəyyənləşdirməyə tələsmir.
Doroxinin səlahiyyətlərinə xitam verilməsinə dair Rusiya prezidenti Vladimir Putinin sərəncamından sonra şimal qonşumuzun Azərbaycandakı yeni səfiri qismində Xarici İşlər Nazirliyinin departament rəhbəri Georgi Zuyevin adı hallansa da, bu təyinat rəsmiləşmədi.
Məlumata görə, rəsmi Bakı “ermənipərəst” olduğu bildirilən Zuyevin səfir təyinatına razılıq vermədiyi üçün Moskva onun namizədliyindən imtina etmək məcburiyyətində qaldı. Ancaq Zuyevin adının “dövriyyə”dən çıxması ilə Rusiyanın Azərbaycana səfir təyinatı da sanki arxa plana keçdi.
Bunun mümkün səbəbləri ilə bağlı Yenicag.az-a danışan Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə səfir təyinatının yubanmasında ciddi siyasi leytmotivlərin olduğunu düşünmür:
“Bəli, Doroxinin səlahiyyətlərinə rəsmi qaydada xitam verilməsindən təqribən iki ay vaxt keçib. Ancaq yeni səfir təyinatı baxımından bu müddət elə də çox deyil. İndi Rusiyada yəqin ki, Doroxinin yerinə təyin edilə biləcək namizədlər nəzərdən keçirilir. O namizədi seçmək, daha sonra isə Bakı ilə razılaşdırmaq lazımdır. Bu da yəqin ki hələ dörd-beş ay çəkər.
Düzdür, namizəd məsələsinə daha əvvəl də baxmaq olardı ki, Doroxin geri çağırılanda onun yerinə keçəcək diplomatın təqdimatı irəli sürülsün. Ancaq görünür, Kremldəki qrupların arasında bu məsələyə dair ziddiyyətlər olduğundan, məsələ hələ açıq qalıb. Başqa səbəb görmürəm. Həmçinin bu yubanmanı Rusiyanın Azərbaycana qarşı demarşı kimi qiymətləndirmirəm”.
Hacızadənin fikrincə, müasir dövrdə səfir vəzifəsi diplomatlar üçün öz cazibəsini xeyli itirib:
“Bilirsiz, səfirlərin əhəmiyyəti XIX əsrə qədər çox böyük idi. Öz dövlətlərinin maraqlarını qorumaq baxımından, onların üzərində böyük yük vardı. İşlədiyi ölkənin kralı ilə danışıb nəticələri öz hökmdarına çatdırmaq, məxfi proseslərin episentrində olmaq və sair.
Ancaq texnologiyanın son dərəcə inkişaf etməsi səfirlərin fəaliyyətinə də təsir göstərib. Məsələn, səfirlərin xəbəri də olmadan prezidentlər istədikləri vaxt rabitə qururlar və birbaşa müzakirə aparırlar. Ona görə də, bu gün əksər diplomatlar səfir təyin olunmaq istəmirlər. Bu da anlaşılandır”.
A.Zeynalov