!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya bu savaşda nüvə silahına əl atarsa, o zaman Türkiyə də...” – ŞƏRH

!Reklam – Yazi

“Qərb müharibənin bitməsi üçün hərbi planda qəti addım atmadığı kimi, diplomatik təşəbbüslərə də mane olur”.

Bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin bir neçə gün əvvəl Türkiyəyə ünvanladığı tənqidlərin Ankaranın mövqeyinə mümkün təsirini dəyərləndirən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professor qeyd edib ki, Türkiyə öz siyasətini digər ölkələrin liderlərinin hansısa bəyanatları deyil, dövlət maraqları əsasında qurur:

“Öncə bunu nəzərə almaq lazımdır ki, Türkiyənin dövlət siyasəti bu və ya başqa situasiyaların təsiri ilə formalaşmır. O baxımdan, Zelenskinin səsləndirdiyi məlum fikirlərin Ankaranın öz siyasətinin müəyyən istiqamətlərinə yenidən baxması üçün səbəb ola bilməz. Daha açıq ifadə etsək, Türkiyə öz siyasətini nə Zelenski, nə Putin, nə də Baydenin fikirlərinə görə yox, dövlətin maraqlarına uyğun olaraq müəyyənləşdirir.

Digər tərəfdən, Zelenskinin Yunanıstanda dilə gətirdiyi məlum fikirləri, bəlkə də, bir vətəndaşın duyğusal yanaşması kimi başadüşüləndir. Amma söhbət bir dövlət başçısının başqa bir ölkə haqqında fikir söyləməsindən gedirsə, bu zaman diqqətli və məsuliyyətli olmaq lazımdır.

Türkiyə Ukrayna savaşının ilk günündən etibarən ortaya qəti mövqe qoyub və ona sadiqdir. Ankara savaşın dayandırılması üçün bu günə qədər davamlı təşəbbüslər göstərib və bu cəhdlər nəticə verməyə yaxın idi. Lakin Qərbin, NATO-nun bəzi üzvlərinin tövrləri bu prosesə maneə yaradır.

Əslində, savaşa qədər olan gərginliyin gedişini xatırlasaq, hadisələrin məhz bu yöndə inkişafına görə Qərbin, ABŞ-nin nə qədər məsuliyyət daşıdığını görərik. İş burasındadır ki, bəzi ölkələr istisna olmaqla Amerika, NATO Rusiyanın qonşu dövlətlərinin Moskvanın təcavüzündən qorumaq üçün vaxtında və effektli addım atmadı. Yalnız müharibə başlayandan sonra Ukraynaya hissə-hissə silah göndərməklə nəyəsə nail olmaq mümkün deyil.

Eyni zamanda, görünən budur ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ağırlığı da Moskvanı çəkindirmək üçün yetərli olmadı. Ümumiyyətlə, sanksiyaların bir dövləti çökdürmək üçün həlledici təsirə malik olmadığı İranın nümunəsində ortadadır. Ona görə də müharibənin bitirilməsi, Rusiyanın geri çəkilməsi üçün ya NATO hərbi müstəvidə hərəkətə keçməli, ya da diplomatik səylər gücləndirilməlidir. Ancaq Qərb birinci variantla razılaşmır, ikinci varianta isə mane olur.

Belə bir şəraitdə Türkiyənin öz siyasətinə sadiq qalması təbii və doğrudur. Əgər Rusiya bu savaşda nüvə silahına əl atarsa, o zaman, əlbəttə ki, Türkiyə də gərəkən çevikliklə lazım olanı edəcək”.

A.Zeynalov

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv