Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rusiya çəkildi, Əsəd də gedəcəkmi? – Analiz

suriya abs rusiyaQabil Hüseynli: “Rusiyanın Suriyadan uzaqlaşması ilə Bəşər Əsəd rejiminin taleyini bir neçə günə həll edəcəklər”

Rusiya nəhayət Suriyada hərbi əməliyyatlara cəlb olunan qoşunlarını bu ölkədən çıxarmaq qərarına gəlib. Belə bir qərarı dünən Putin müdafiə naziri Sergey Şoyquya bildirib. Ona əsasən bu gündən başlayaraq rus hərbi qüvvələri tədricən Suriyadan çıxacaq. Düzdür, bu geri dönmə Suriyada  yerləşən rus hərbi bazalarına aid deyil. Bu bazalarda fəaliyyət əvvəlki tempdə davam edəcək. Xatırladaq ki, Moskva keçən ilin sentyabrın 30-dan başlayaraq Suriyada İŞİD qüvvələrini bombardman etməyə başladı. Bu  5 ay yarımda Rusiya hava qüvvələri Əsədə müxalif olan qüvvələrə 10 mindən artıq hava zərbələri endirib.  Həmin müddət ərzində Əsədə sadiq dəstələr ölkənin bəzi  ərazilərini nəzarətləri altına götürməyə nail oldu. Eyni zamanda, Kremlin Suriyada həyata keçirdiyi bu  avantüra Moskva ilə Ankara arasında münasibətlərin korlanması ilə nəticələndi. Son olaraq isə fevralın son günlərində Əsəd rejimi ilə İŞİD və Əl-Nüsrə cəbhəsi istisna olmaqla digər müxalif silahlı dəstələr arasında Vaşinqtonla Moskvanın dəstəyilə atəşkəs də elan edildi. Bu fonda da Rusiya hərbi qüvvələri Suriyanı tərk etmək qərarına gəlib. Hansı ki, Rusiyanın məhv etməyi qarşısına məqsəd qoyduğu İŞİD-i heç də tam olaraq aradan qaldırılmayıb. Bu qüvvələr hələ ölkənin müəyyən hissəsinə nəzarəti həyata keçirməkdə davam edirlər. Bu da o deməkdir ki, Kreml Suriyada açıqladığı məqsədinə heç də tam çatmadan oranı tərk edir.

Görəsən, məqsədə tam nail olmadan nədən Rusiya hərbi hissələri oranı tərk etmək qərarına gəldi? Moskvanın bu addımı Əsədin mövqeyini yenidən zəiflətməyəcəkmi?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, Rusiya artıq mövcud vəziyyəti real olaraq dəyərləndirməyə başladığından oranı tərk etməyi qərara alıb: “20-dən artıq müsəlman dövlətinin yaratdığı koalisiya artıq Suriya üzərinə hücum etməyə hazırlaşırdı. Bir tərəfdən, Vaşinqtonun özü də bu prosesə rəhbərlik etmək niyyətinə düşüb. Hazırda Rusiyanın əleyhinə işləyən ciddi faktor İŞİD faktorudur, ona görə də Moskva belə bir qərar verdi. Üstəlik Rusiyanın iqtisadi vəziyyəti də durmadan ağırlaşır. Bu fonda ölkənin öz daxilində də narazılıqlar yetişir. Düşünürəm ki, Rusiyanın oradan uzaqlaşması ilə Bəşər Əsəd rejiminin taleyini ona müxalif olan qüvvələr bir neçə günə həll edəcəklər. Ümumiyyətlə, Əsəd hakimiyyətdən getmədən Suriyada vəziyyət normallaşmayacaq. Burada müxtəlif qruplaşmalar arasında vəziyyət gərginləşə də bilər. Bu nöqteyi-nəzərdən Əsədin getməsi başlıca şərtdir”.

ELÇİN

www.yenicag.az

341