Ermənistanda hakimiyyətin dəyişməsi, Dağlıq Qarabağ münaqişəsinin gələcək taleyi ermənilər qədər Azərbaycanın da maraq dairəsindədir.
İrəvanda mitinqlərin başlanığıcında Ermənistan hakimiyyəti Qarabağ cəbhəsində təxribatlara əl ataraq daxildəki qüvvələrin diqqətini müharibəyə yönləndirməyə cəhd etsə də, bu istəkləri nəticəsiz qalıb. Təbii ki, bu məsələdə Azərbaycan tərəfinin səbir nümayiş etdirməsi çox önəmli rol oynadı.
Hazırda bəzi ekspertlər iddia edir ki, hər an Qarabağda müharibə ola bilər. Genişmiqyaslı əməliyyatlar olmasa belə, lokal döyüşlərin olacağı bildirilir. Döyüşlərin başlamasında Rusiyanın da maraqlı olacağı deyilsə də, faktiki olaraq rəsmi Moskvanın başı digər vacib problemlərə qarışıb. Ona görə də, bu iddia o qədər də inandırıcı deyil.
Regionda müharibə iddiası ilə bağlı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a danışıb:
“Türk xalqı tarix boyu yıxılana balta çalmayıb. Qarışıqlıqdan həmişə ermənilər yararlanmağa çalışıblar. Onlar Azərbaycandakı qarışıqlıqdan yararlanaraq torpaqlarımızı işğal etdilər. Biz onlar deyilik, tarix boyu da belə olmamışıq. Hazırda ermənilər öz hüquqları uğrundan mübarizə aparır. Korrupsioner, faşist bir rejimdən qurtulmaq istəyir. Burada müsbət bir məsələ var ki, Xocalı və digər faciələrimizdə əli olan Sarkisyanın məsuliyyətə cəlb olunması üçün imkanlar yaranır”.
Rusiya tərəfinin Dağlıq Qarabağ müharibəsini alovlandırmaq iddiasına gəldikdə isə hərbi ekspert bildirib ki, bu mümkün deyil:
“Rusiya bu addımı atmış olsaydı, Sarkisyan hakimiyyətdə olanda edərdilər. Sərkisyan özü də bundan bir neçə dəfə istifadə etməyə cəhd etdi. Qarabağ cəbhəsində atəşkəsi pozub, diqqəti yayındırmaq istədi. Belə bir görüntünü Sərkisyana sadiq media qrumları yaymağa başladılar. Azərbaycan tərəfinin göstərdiyi səbr və təmkin təxribatı sovuşdurdu. Baş verənlər Ermənistanın daxili işidir. Vəziyyət Ermənistan xarici diasporunun və Rusiyanın qarşılıqlı anlaşması şəklində inkişaf edəcək.
Heç bir halda Azərbaycan ordusu hücuma keçməyəcək, vəziyyətin hansı məcrada inkişaf edəcəyini gözləyəcəyik. Biz bunu ölkə rəhbərliyinin atdığı addımlarda da gördük. İlham Əliyev Türkiyədə səfəri zamanı iki ölkə arasında strateji bağları daha da möhkəmləndirdi və göstərdi ki, Azərbaycan tərəfi öz işindədir”.
Tərlan Eyvazov Dağlıq Qarabağda müharibənin alovlanmasının Rusiyaya da sərf etmədiyini deyib:
“Rusiyanın başı iqtisadi problemlərə qarışıb. Qərb Rusiyaya qarşı embarqolar qoyub. Ona görə də, Qarabağda müharibənin başlaması Rusiyanın özü üçün başağrısı olar. Suriyada vəziyyət qarışıqdır, Ukrayna məsələsi hələ də gündəmdədir. Bu qədər problemin içində Rusiyanın Azərbaycanla Ermənistan arasındakı müharibənin alovlanmasına nə marağı var, nə də bu məsələyə ayırası vaxtı.
Rusiyaya əsas maraqlı məsələlərdən biri, Ermənistandakı hərbi bazalarına xələl gətirməyəcək hakimiyyəti formalaşdırması və fövqəl dövlət kimi maraqlarının təmin edilməsidir. Ancaq bütün bunlar Rusiyanın Ermənistana açıq hərbi müdaxiləsi anlamını vermir. Ermənistanın daxilində kifayət qədər qüvvələr var ki, aranı qarışdırımaqda maraqlıdırlar”.
Səxavət Məmməd