Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

“Rusiya Ermənistandakı laboratoriyadan niyə danışmır?” – İlham İsmayıldan Giorqadzenin iddialarına reaksiya

“Hətta rusların özləri də etiraf edirlər ki, bizi həmin laboratoriyalara buraxmırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstanın keçmiş kəşfiyyat rəisi, hazırda Rusiyada yaşayan İqor Giorqadzenin bəzi postsovet ölkələrində ABŞ-ın gizli laboratoriyalarının fəaliyyət göstərməsi haqda iddialarına münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

Rusiyanın “RT” telekanalına geniş müsahibə verən Giorqadze ABŞ-ın 2011-ci ildə Luqar adına Mərkəzdə insanlar üzərində təcrübələrin aparıldığı və bakterioloji silahın sınaqdan keçirildiyi laboratoriyasının rəsmən fəaliyyətə başladığını bildirib. Onun sözlərinə görə, yaranma tarixi 2011-ci il göstərilsə də, həmin laboratoriyada sınaqlara əslində, 2004-cü ildən başlanılıb.

Giorqadze iddia edib ki, onun əlinə rəsmi olaraq müalicə məqsədləri üçün yaradılmış qurumun fəaliyyətini ifşa edən 100 min səhifəlik sənədlər toplusu keçib.

Həmin sənədlərdə Giorqadze və köməkçiləri bir gün içində 24 nəfərin ölümü barədə məlumatlar aşkarlayıblar. Eyni zamanda, qadağan edilmiş silahlara patentlər tapılıb ki, bunların arasında bioloji aktiv materialın yerləşdirilə biləcəyi sursat da var. Keçmiş nazir analoji laboratoriyaların Azərbaycan, Qazaxıstan və bəzi başqa dövlətlərdə də mövcud olduğunu iddia edib.

Bununla belə, Giorqadzenin mənfi reputasiyası və ən əsası, onun vəzifədən getdikdən sonra Rusiyada məskunlaşması, bu fikirləri isə Kremlin xarici auditoriya üçün nəzərdə tutulan başlıca təbliğat ruporu sayılan “RT” telekanalında səsləndirməsi ortaya xeyli suallar çıxarır.

Bu barədə Yenicag.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, Giorqadzeyə efir imkanı yaradan Kremlin başlıca məqsədi qlobal rəqibi olan ABŞ-ı hədəfə götürməkdir:
“Bildiyiniz kimi, Giorqadze öz dövlətinə, Gürcüstana xəyanət edərək, gedib Rusiyaya sığınan bir adamdır. Rusiya isə sözün bütün mənalarında çalışır ki, hər bir məsələdə Amerikanı hədəfə götürərək, onu dünyadakı bütün bəlaların səbəbkarı qismində göstərsin.

Giorqadzenin dedikləri ilə bağlı və ona bənzər vəziyyəti Rusiya telekanalları hər gün müzakirə edirlər. Son olaraq, Ukraynada pravoslav kilsəsində yaranmış ikitirəliyi müzakirəyə çıxarıblar və bunun da arxasında yenə ABŞ-ın dayandığını bildirirlər.

İndi Giorqadzenin vasitəsilə “gizli laboratoriyalar” məsələsini gündəmə gətirməkdə məqsəd Gürcüstan və ya Azərbaycanı yox, məhz ABŞ-ı hədəfə gətirməkdir.

Çox qəribədir ki, Amerikanın belə bir laboratoriyası var və o da Ermənistandadır. Yəni özləri də bilirlər ki, Ermənistanda, o cümlədən də Ukraynada belə laboratoriyalar mövcuddur. Hətta rusların özləri də etiraf edirlər ki, bizi həmin laboratoriyalara buraxmırlar. Yaxşı, Rusiya niyə Ermənistandakı yox, ancaq Gürcüstan və Azərbaycandakı laboratoriyalardan danışır?

Biləsiz ki, Giorqadze və o tipli şəxslər tək deyil – məsələn, sabah Azərbaycandan Rusiyaya getmiş bir nəfər də çıxıb ölkəmizdə o cür laboratoriyaların olduğunu, orada “müxtəlif işlər” görüldüyünü iddia edə bilər.
Ancaq bir daha deyirəm, Rusiyanın bu iddialara meydan verməsinin əsas məqsədi Amerikanı şər qüvvələrin başında dayanan ölkə kimi tanıtmaqdır”.

A.Zeynalov

www.yenicag.az

3728
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM