!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya ilə Avropanın milyardlıq AKTİVLƏR SAVAŞI: “Dondurulmuş vəsaitlərin Ukraynaya ötürülməsi...”

!Reklam – Yazi

“ABŞ kimi xarici sərmayədən daha az asılı olan bir ölkə üçün belə təkliflərlə çıxış etmək asandır”.

Bu fikirləri ABŞ və Avropa İttifaqının (Aİ) Rusiyanın Qərbdə bloklanmış qızıl-valyuta ehtiyatlarının Ukrayna üçün yardıma yönləndirilməsinə dair danışıqların başlamasına münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Yusif Bağırzadənin sözlərinə görə, Rusiya ilə Aİ arasındakı gərginlik artıq təhlükəli həddə çatır:

“ABŞ hakimiyyət orqanları Avropa İttifaqının 12-ci anti-Rusiya sanksiyalar zərfini qəbul etməsindən sonra dəniz məhsulları da daxil olmaqla, bir sıra malların Rusiyadan idxalına məhdudiyyətlər tətbiq edib. Həmçnin ABŞ prezidenti Co Bayden Rusiya hərbi-sənaye kompleksinə yardım edən maliyyə strukturlarına qarşı sanksiyaların tətbiqinə icazə verən fərman da imzalayıb.

Bununla paralel olaraq, Bayden adminstrasiyasının Rusiyanın bloklanmış qızıl-valyuta ehtiyatlarının Ukraynaya yardım üçün istifadə edilməsi ilə bağlı Avropa İttifaqındakı müttəfiqləri ilə danışıqlara başlaması haqqında da məlumatlar var. Belə ki, dondurulmuş vəsaitlərin böyük hissəsi məhz Avropa İttifaqı ölkələrinin payına düşür və söhbət təqribən 280 milyard dollar dəyərində aktivlərdən gedir.

ABŞ düşünür ki, Konqresin Kiyevə çoxmilyardlıq yardım zərfini təsdiqləməməsi səbəbindən yaranan çatışmazlığı Rusiya aktivləri hesabına doldurmaq mümkün olacaq. Onu da qeyd edim ki, bu məsələ ilk dəfə deyil qaldırılır və əvvəllər bir neçə dəfə müzakirə olunub. Lakin bir sıra səbəblərə görə, müzakirələr nəticəsiz qalıb.

Birincisi ona görə ki, Avropa İttifaqı qanunvericiliyində xarici dövlət və özəl vəsaitlərinin müsadirə edilməsi mexanizmi yoxdur. İkincisi isə Avropa yaxşı başa düşür ki, Rusiyanın nümayişkaranə şəkildə cəzalandırılması təhlükəli presedent kimi qəbul edilə bilər və bu da İttifaq ölkələrində saxlanılan xarici kapitalın çıxarılması ilə nəticələnər. Ayrı-ayrı ölkələr belə bir presedenti öz vəsaitləri üçün təhlükəli hesab edərək onları Avropa İttifaqı ölkələrinin banklarından çıxara bilərlər. Bu isə təbii olaraq Avropa iqtisadiyyatında neqativ tendensiyalara yol açar.

Təbii ki, ABŞ kimi xarici sərmayədən daha az asılı olan bir ölkə üçün belə təkliflərlə çıxış etmək asandır. Amma onun Avropa ölkələri tərəfindən realizəsi sadaladığım səbəblərə görə sadəcə, mümkünsüzdür. Odur ki, Avropa ölkələri yeni təkliflər üzərində baş sındırırlar. Bunlardan biri də dondurulmuş aktivlərin rəsmi olaraq Rusiyaya məxsusluğunu saxlamaqla, müvəqqəti olaraq Avropa İttifaqı tərəfindən investisiya edilməsi və əldə edilən gəlirlərin Ukraynaya yardım üçün yönləndirilməsi ilə bağlıdır.

Yəni Avropa həmin aktivləri bu və ya digər şəkildə investisiya edir, həmin vəsaitdən gəlirlər götürür və Rusiyanın vəsaitini deyil, yalnız həmin vəsaitdən əldə edilmiş gəliri Ukraynaya ötürür. Bu isə bir sıra beynəlxaq maliyyə qurumlarının hesablamalarına görə, ildə təqribən 3 milyard avro vəsait deməkdir.

Bu variant Rusiya aktivlərinin müsadirəsini nəzərdə tutmasa da, Moskva artıq belə hərəkətləri cavabsız qoymayacağını və onlara simmetrik qarşılıq verəcəyini bəyan edib. Rusiya maliyyə naziri belə bir qərarın qəbul ediləcəyi təqdirdə, bir sıra ABŞ və Avropa İttifaqı ölkələrinin Rusiyada dondurulmuş vəsaitlərinin də eyni şəkildə istifadə edilə biləcəyi ilə bağlı bəyanatla çıxış edib.

Belə vəsaitlərin həcmi isə 0,6 trilyon rubldan artıqdır. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə dondurulmuş Rusiya aktivlərinin müsadirəsinin təkcə münasibətlərin tamamilə kəsilməsinə deyil, hətta hərbi eskalasiya ilə nəticələnə biləcəyinə dair açıqlama verib. Göründüyü kimi, vəziyyət olduqca gərgindir və sadəcə, ABŞ-ın bunu istəməsi yetərli deyil. Avropa İttifaqı ölkələri bu cür qərarların qəbulunun özlərinə nə qədər ziyan vura biləcəyini yaxşı bildikləri üçün hər hansı qəti addım atmağa tələsmirlər”.

Səxavət Məmməd

www.yenicag.az

3845
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv