!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya prezidenti çıxılmaz vəziyyətdə: "Putin özünü tələyə salıb və vəziyyəti ağırdır" - ŞƏRH

!Reklam – Yazi

“Qərb Putinin ultimatumlarını yerinə yetirmədi, əslində, onu aşağıladı”.

Bu sözləri Ukrayna ətrafında cərəyan edən proseslər, müharibə ehtimallarının qalmasını şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a şərh edərkən deyib.

Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti hədəfləri böyütməklə, əslində, özünü tələyə salıb:

“Yüz minlik qoşunu sərhədə yığdı, Qərbdə də belə bir təəssürat yarandı ki, hücuma hazırlıq gedir. Sonra kəşfiyyat məlumatlarını yayımlayaraq 16 fevral tarixində Rusiyanın Ukraynaya hücum edəcəyini göstərdilər. Putin bir qədər lağlağı elədi. Elə göründü ki, Putin Qərbi məğlub etdi. Əslində, elə deyil. Putin özünü tələyə salıb və vəziyyəti ağırdır. Çünki hədəfləri böyüdüb. Nə irəli gedə bilir, nə də geriyə gedə bilir. İrəliyə gedə bilmir ona görə ki, müharibə başlasa, böyük itkiləri olacaq. Həm Putinin özü üçün, həm iqtisadi, həm də canlı itkilər. Geri addım ata bilmir ona görə ki, “Yüz minlik qoşunu niyə sərhədə yığmışdın?” sualı qarşısında qalacaq. Putin Rusiya müdafiə naziri Sergey Şoyquya qoşunların bir hissəsinin geri çəkilməsi barədə tapşırıq verib. Ancaq gələn xəbərlərə görə, Rusiya qoşunları geri çəkmir. Rotasiya prinsipi üzrə yerdəyişmə edilir”.

Rusiya Dövlət Dumasının “diktə” qərarına gəldikdə isə Elxan Şahinoğlu bunları deyib:

“Putin öncə Fransa Prezidenti, ardından isə Almaniya Baş naziri ilə görüşdü. Onlara bildirdi ki, gözləyə bilərik. Lavrova da tapşırıq verdi ki, danışıqları davam etdirsin. Ancaq Dövlət Duması qərar qəbul etdi və Putinə müraciət olundu ki, Donbas və Luqanskın tanınması mümkündür. Bir tərəfdən Putin əlində şirin fətir tutur, Qərbə deyir ki, müharibə başlamayacaq. Digər tərəfdən isə əlində qamçını saxlayır və deyir ki, separatçıları hər an tanıya bilərəm.

Separatçıların tanınması Rusiyanın Minsk razılaşmalarından çıxması deməkdir. Vəziyyət gərgin olaraq qalır. O ki qaldı Ukraynaya, Ukraynanın Böyük Britaniyadakı səfiri dedi ki, rəsmi Kiyevin NATO üzvlüyü hədəfdən yayına bilər. Sonra isə rəsmi Kiyev səfirin sözünə düzəliş etdi və bildirdi ki, belə bir fikirləri yoxdur. Putin sadəcə olaraq gözləmə mövqeyinə keçib. Putinin planı gündəmdədir. Plan da ondan ibarətdir ki, Donbas və Luqansk Rusiyaya birləşdirilsin. Artıq Duma onun əlinə bu kartı verdi. Faktiki olaraq Donbas Rusiyaya birləşdirilib. Oradakı iqtisadiyyatı Rusiya idarə edir, oradakı bütün vətəndaşlara Rusiya pasportu verilib. Bir tək rəsmi birləşdiriləşmə qalıb. Sadəcə Putinin planında o var ki, daha çox irəliləsin. Hesab edirəm ki, müharibə ehtimalı hələ azalmayıb”.

Səxavət Məmməd

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv