!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya sülh prosesində niyə AKTİVLƏŞİB? - “Moskvada müqavilə imzalasaq...” - TƏHLİL

!Reklam – Yazi

“Əgər Moskvada sülh müqaviləsi imzalancaqsa, bu, 10 noyabr bəyanatı və atəşkəs razılaşmasından fərqli bir şey olmayacaq. Hər iki saziş Rusiya moderatorluğu ilə imzalanıb və hər iki sazişin gördüyümüz kimi heç bir müddəası nə Rusiya, nə də Ermənistan tərəfindən yerinə yetirilib”.

Bunu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ətrafında davam edən proseslərdən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, sülh müqaviləsinin imzalanması baş verəcək gələcək proseslərdən asılıdır:

“Təəssüf ki, birmənalı şəkildə sülh müqaviləsinin bu ilin sonuna, yaxud konkret olaraq hansı zaman aralığında imzalanacağını demək çətin məsələdir. Çünki regionda və geosiyasi müstəvidə siyasi proseslər çox sürətli şəkildə cərəyan edir. Bu dəyişikliklərdən asılı olaraq yeni tələblər, yeni iddialar formalaşır, yaxud da münaqişə aradan qaldırılır. Bu baxımdan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ancaq və ancaq baş verəcək proseslərin gedişatından asılıdır.

Bakı sülh müqaviləsinin tez bir vaxtda imzalamasında maraqlıdır. Buna bir sıra vacib səbəbləri var. Qarşıdakı illərdə Azərbaycanın daxili məsələlərə fokuslanması vacibdir. Çünki 2024-ci ildə parlament, 2025-ci ildə isə prezident seçkiləri baş tutacaq.

2025-ci ildə rus sülhməramlılarının Qarabağda fəaliyyət müddəti başa çatır. Rusiya isə Cənubi Qafqazda varlığını davam etdirmək üçün sülhməramlıların Qarabağda qalmasında maraqlıdır. Hətta rus kontingentinin fəaliyyət müddətinin uzadılması ilə bağlı ehtimallar belə var. Lakin bildiyimiz kimi Azərbaycan bunu istəmir və ən azından 2024-cü ilə qədər sülh müqaviləsinin imzalanmasına çalışır. Bu səbəbdən Vaşinqton, Brüssel və Moskvada keçirilən görüşlərdə aktivliyini göstərir.

Ümumilikdə Vaşinqton və Brüsseldə keçirilən görüşlərin daha konstruktiv olduğunu demək olar. Rusiya isə sülh müqaviləsinin bağlanmasını istəmir. Ümumiyyətlə, münaqişənin bitməsində maraqlı deyil. Ancaq Vaşinqton və Brüsselin sülhə daha yaxın bəyanatlar verdiyini nəzərə alsaq, Rusiyanın da son zamanlar proseslərdə aktivliyi artıb.

Rusiya proseslərdə fəaliyyətini artıraraq öz moderatorluğu və qayda-qanunları əsasında sülh müqaviləsinin imzalanması üçün tərəfləri tələsdirməyə çalışır. Təbii ki, bu, bizim maraqlarımıza uyğun deyil. Çünki Qərbdə aparılan danışıqlara paralel olaraq sülh müqaviləsinin imzalanması çox çətindir.

Ortada müzakirə edilməli – delimitasiya və demarkasiya, Zəngəzur dəhlizinin açılması kimi vacib məsələlər var. Bu məsələlər aktuallığını saxladığı müddətcə “tezbazar” sülh müqaviləsinin imzalanması yekun sülh olmayacaq. Və gələcəkdə proseslərin yenidən aktuallaşmasına, gərginləşməsinə səbəb ola bilər.

Rusiya indiki məqamda prosesləri 1988-ci il ssenarisinə qaytarmaq və problemli şəkildə üzərini örtməyə çalışır. Şimal qonşumuz sülh prosesində maraqlı deyil, sadəcə gələcəkdə prosesləri yenidən alovlandırmaq üçün sülh müqaviləsinə bənzəri bir şey imzalatmaq istəyir.

Əgər Moskvada sülh müqaviləsi imzalancaqsa, bu, 10 noyabr bəyanatı və atəşkəs razılaşmasından fərqli bir şey olmayacaq. Hər iki saziş Rusiya moderatorluğu ilə imzalanıb və hər iki sazişin gördüyümüz kimi heç bir müddəası nə Rusiya, nə də Ermənistan tərəfindən yerinə yetirilib”.

Nəsimi Ələsgərli

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv