!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya təkcə "Baykonur" yox, bütün iqtisadi resurslar üzərindən şantaja keçəcək..." - ŞƏRH

!Reklam – Yazi

“Heç kim ehtimal edə bilməz ki, Rusiya postsovet ölkələrindən hansısa birinə müdaxilə etməyəcək. Rusiya artıq bilir ki, bunu edir və heç bir dünya gücü onu dayandıra bilmir. Rusiya təkcə “Baykonur” yox, bütün iqtisadi resurslar üzərindən şantaja keçəcək ki, onu orbitinə qaytarsın”.

Bunu Qazaxıstan Prezidenti Qasım Cömərd Tokayevin Donetsk və Luqanskın müstəqilliyini tanımayacaqlarını deməsindən sonra Rusiya Prezidenti Vladimir Putinin bu ölkəni təhdid etməsi və baş verən prosesləri şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyevin sözlərinə görə, Rusiya öncə iqtisadi cəhətdən Qazaxıstanı sıxmağa başlayacaq, əgər bu, effektiv nəticə verməsə, hərbi müdaxilə mümkün ola bilər:

“Rusiya-Ukrayna müharibəsi dünya ölkələrini iki cəbhəyə ayırıb. Rusiya istənilən halda Ukraynaya müdaxiləsini kimin dəstəkləyib, kimin dəstəkləməyəcəyinə tam əmin olmaq istəyir. Bu əminliyi də istəyir ki, ölkə rəhbərlərinin dilindən eşitsin, xüsusən də media qarşısında. Birinci nümunə olaraq da bu, Qazaxıstanın üzərində sınandı. Təbii ki, məlum görüşə gələnə qədər Qazaxıstan hakimiyyəti Rusiya yönümlü, Kreml rəhbərliyinin mövqeyinə uyğun çıxışlar edəcəyi kimi görsənirdi. Ancaq müsahibənin gedişatında provokativ suallar qarşısında Tokayev mövqeyini bildirməli idi. Tokayev Ukrayna-Rusiya müharibəsinə münasibətini birbaşa ortaya qoydu ki, gələcəkdə Donetsk və Luqanskın müstəqilliyini tanımayacaqlar. Bu o demək idi ki, Rusiyanın Ukraynaya hərbi-siyasi müdaxiləsi ilə razı deyil. Həmçinin Qazaxıstanın Rusiya ilə eyni gəmidə üzmədiyini açıq dilə gətirdi. Qazaxıstan dolayısı ilə Rusiyaya bildirdi ki, onun dostu deyil. Təbii ki, Kreml Putinin simasında bütün dünyaya yaımlanacaq çıxışı həzm edəcək deyildi. Tokayev də, əslində, siyasi gediş edərək bütün dünyaya, NATO-ya bildirdi ki, Ukraynada sizin xətti dəstəkləyirəm, gələcəkdə özümü sizin sıranızda görmək istəyirəm. Rusiya buna güzəştə gedər? Bu, müzakirə olunacaq məsələdir. Dünəndən Qazaxıstan neftinin artıq Rusiyanın karbohidrogen daşıyan boruları ilə daşınmasına qadağa qoydular. Düzdür, bunun adını başqa şey qoydular. Ancaq bu, ilk addım idi.

Rusiya “Mənim etdiyimi dəstəklə” demək üçün, ilk növbədə, iqtisadi addımlar atacaq. Qazaxıstanın siyasi hakimiyyəti Rusiyadan tam müstəqil halda deyil ki, Rusiya ondan ehtiyatlansın. Rusiya Qazaxıstana, birinci, iqtisadi rıçaqlarla, “5-ci kolon” vasitəsilə təzyiqlər edəcək. Bu o vaxta qədər davam edəcək ki, siyasi rəhbərliyin fikri istədikləri yöndə dəyişsin. Əgər dəyişməsə, Rusiya Ukraynaya qarşı atdığı addımı istənilən postsovet ökəsinə qarşı ata bilər. Çünki bütün dünyanın Rusiya Ukraynaya hərbi müdaxilə etməz deyə proqnozlaşdırdığı bir mühitdə Ukraynaya hücum etdi. Buna görə də heç kim ehtimal edə bilməz ki, Rusiya postsovet ölkələrindən hansısa birinə müdaxilə etməyəcək. Rusiya artıq bilir ki, bunu edir və heç bir dünya gücü onu dayandıra bilmir. Rusiya təkcə “Baykonur” yox, bütün iqtisadi resurslar üzərindən şantaja keçəcək ki, onu orbitinə qaytarsın. Bunu göstəriş olaraq da tələb edəcək. Bütün dünya görəcək ki, Qazaxıstan Rusiyanın orbitinə qayıtdı, yoxsa yox. Çünki Qazaxıstan Tokayevin dili ilə bütün dünyanın gözü qarşısında məlum açıqlamanı verib. Bu həm də digər postsovet ölkələrinə dərs olmaq üçün edilcək.

Qazaxıstan hərbi cəhətdən hazırlaşacaqmı, resursu imkan verəcəkmi Rusiya qarşısında dayansın, bundan əlavə, Rusiya iki cəbhədə maraqlı olacaqmı döyüşməyə? Bunlar çox önəmlidir. Düşünürəm ki, Rusiya iki cəbhədə döyüşməyə maraqlı olmaz. Çünki itkilər həddindən artıq çoxdur, iqtisadi resurslar həddindən artıq çox sərf olunub. Rusiya ikinci cəbhəni indi açmaz.

Hərbi böhranlar başlamazdan öncə siyasi böhran başlamalıdır. Siyasi böhranlar istənilən nəticəni verməyəndə hərbi böhran mərhələsinə çevrilir. Biz, əslində, indi Rusiya Qazaxıstan münasibətlərinin siyasi böhran mərhələsinə keçəcəyini izləməliyik, əgər bu baş versə, onun nəticəsini görməliyik. Bu mərhələyə keçmədən hərbi böhran mərhələsini proqnozlaşdırmaq doğru deyil”.

Səxavət Məmməd

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv