!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Rusiya telekanalları Azərbaycana nifrət qusur, kabel şəbəkələri isə o kanalları bizə pulla satırlar” – ETİRAZ

!Reklam – Yazi

“Dövlətin Fərrux kəndi ilə bağlı olduğu kimi bu istiqamətdə də çevik və effektli addımlar atması çox arzuediləndir”.

Bu fikirləri Rusiyada Azərbaycanın bir sıra saytlarının bloklanması və ölkəmiz əleyhinə səsləndirilən yolverilməz fikirlərə tutarlı qarşılıq verilməsinin vacibliyini önə çəkən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Rusiya telekanallarının böyük əksəriyyəti Azərbaycan əleyhinə təbliğatla məşğuldur:

“Öncə onu deyim ki, Rusiyada Azərbaycan saytlarının bloklanması mətbuat məsələsi olduğu üçün bununla bağlı ilk reaksiyalar media cameəsindən gəldi. Dünən də Mətbuat Şurasının sədri qurumun adından Rusiya Jurnalistlər Birliyinə müraciət etdi və qarşı tərəf də buna cavab verərək iki ölkənin mediası arasında sıx əməkdaşlığın tərəfdarı olduğunu bildirdi.

Amma, təbii ki, bütün bunlar yetərli deyil, Fikrimcə, Azərbaycan mediasını bloklayan bir ölkə ilə dövlət səviyyəsində danışıqlar aparılmalıdır. Xatırladım ki, 44 günlük müharibə zamanı Rusiya mediası, telekanalları Azərbaycan əleyhinə intensiv təbliğat aparsalar da, biz onların heç birini bloklamadıq.

Ümumiyyətlə, Rusiya telekanallarının böyük əksəriyyəti Azərbaycan əleyhinə təbliğatla məşğuldur. Ən təəssüf doğuran hal isə budur ki, həmin kanallar Azərbaycanda, əsasən də, kabel şəbəkələri vasitəsilə çox rahatlıqla yayımlanır. O kabel şəbəkələrinin sahiblərində az da olsa, milli təəssübkeşlik varsa, yayım paketindən Rusiya telekanallarını çıxarmalıdırlar.

Dövlət bu məsələ ilə ciddi məşğul olmalıdır. Baxın Rusiya telekanalları Azərbaycana kin, nifrət qusur, bizim kabel şəbəkələri isə o kanalları Azərbaycan tamaşaçısına pulla satırlar, onları zorla evimizə soxurlar. Təəssüf ki, bir çox vətəndaşlarımız da o təbliğatın təsiri altına düşür. Eyni zamanda, Rusiyalı deputatlar, o ölkənin ekspert cameəsinin üzvləri də, az qala, hər çıxışılarında Azərbaycana təhdid püskürməkdən çəkinmirlər.

Hesab edirəm ki, Azərbaycan dövləti bu məsələnin tənzimlənməsi üçün artıq konkret addımlar atmalıdır. Məsələn, Azərbaycan əleyhinə davamlı təbliğat aparan Simonyanın “Sputnik”i ölkədən getməlidir. Axı biz niyə onlara burada ofis verərək fəaliyyət göstərmələrinə şərait yaradırıq? Eyni zamanda, Rusiyanın telekanalları da buradakı kabel yayım zərflərindən çıxarılmalıdır.

Təsəvvür edin ki, bu gün kabel yayım zərflərində Ukraynanın bir telekanalı belə yoxdur. Bu isə o deməkdir ki, belə vəziyyətdə vətəndaşların bir çoxu bilməyərəkdən Rusiya telekanallarının çirkin təbliğatına alət olur. Qeyd etdiyim məqam Azərbaycan dövləti üçün də təhlükəlidir. Ona görə də, dövlətin Fərrux kəndi ilə bağlı olduğu kimi bu istiqamətdə də çevik və effektli addımlar atması çox arzuediləndir”.

A.Zeynalov

www.yenicag.az

545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv