!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya üçün “Pirr qələbəsi” və Karfagenin AQİBƏTİ: “Qərb üçün bu məsələ Ukrayna ilə məhdudlaşmır” - ŞƏRH

!Reklam – Yazi

“Zamanla Ukraynanın silahlandırılması elə bir səviyyəyə çatar ki, Moskvanın hərbi təzyiq metodundan istifadəsi onun özü üçün ciddi risk yarada bilər”.

Bu fikirləri Rusiyanın mövcud aqressiv davranışları fonunda Qərbin 1938-ci ildə imzalanan və nasist Almaniyanı daha da şirnikləndirən Münhen razılaşması ərəfəsində sərgilədiyi mövqeni təkrarladığını qeyd edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun fikrincə, Ukrayna ətrafında gərginliyi şərtləndirən səbəblər elə vəziyyət yaradıb ki, artıq həll yolu çıxış variantı deyil və tərəflərdən birinin ciddi güzəştə getməsi orta perspektivdə müharibənin qarşısını ala bilər:

“Həqiqətən də, indi Qərblə Rusiya arasında artmaqda olan gərginlik 1938-ci il Münhen razılaşması ərəfəsindəki vəziyyəti xatırladır. O vaxt Böyük Britaniya başda olmaqla, Fransa və ABŞ Adolf Hitlerin tələblərinə güzəştə gedərək Çexoslavakiyanın bir vilayətinin Almaniyaya verilməsinə, həmçinin Polşa və Macarıstanın da ərazilər almasına razılıq verdilər. Münhen razılaşması dünya müharibəsinin qarşısını almaq üçün düşünülmüşdü, ancaq tam əksinə oldu.

Nəticədə Hitler gücləndi və daha da iddialı oldu. Görünür, hazırda Vaşinqton bu səhvi təkrarlamaq istəmir. Çünki bu yalnız Ukrayna deyil, həm də Çin-Tayvan, İran-Suriya, Liviya məsələsidir. Bayden isə Obamanın Suriyadakı zəifliyini göstərmək istəmir. Həmçinin kiçik Buşun da 2008-ci ildə Gürcüstanda məğlubiyyətinin əvəzini çıxmaq niyyəti var. Putin isə Stalinin Avropanı Şərqə və Qərbə bölünməsi konsepsiyasında israr edir. Düşünürəm ki, bu dəfə Kremlin şiddətlənən mübarizədən qalib çıxması ehtimalı azdır.

Ukraynanın Rusiyanın təzyiqi ilə imzaladığı Minsk sazişi 1998-ci ildə Qarabağ nizamlanması ilə əlaqədar Azərbaycana təklif edilən “Ümumi dövlət” prinsipinin bənzəridir. Minsk sazişinə görə, Donetsk və Luqansk vilayətləri Ukraynanın tərkibində xüsusi status almalıdır. Kiyev onlarla birbaşa danışıqlar aparmalı, Ukrayna fedarativ dövlətə çevrilməlidir. Zelenski Putinlə Minsk sazişinin korreksiya edilməsi ilə əlaqədar dil tapmaq istəsə də, Rusiya prezidenti sərt mövqe tutdu. ABŞ və Böyük Britaniya bu mövqeyə Ukraynaya silah tədarükünün artırılması ilə cavab verildi. Həmçinin ABŞ-nin Şərqi Avropada, o cümlədən, Qara və Aralıq dənizləri bölgəsində hərbi iştirakı genişləndirildi.

Rusiya əvvəlcə Ukrayna ilə sərhəddə ordu toplamağa başladı, bunun təsirli vasitə olmadığını gördükdə isə, ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı müraciət etdi. De-fakto Rusiyanın özünün müəyyən etdiyi “qırmızı xətt”lərinin tanınması şərtini irəli sürdü. ABŞ danışıqlarla bərabər, faktiki olaraq Rusiya əleyhinə koalisiya yaratdı, Ukraynanın silahlandırılmasını intensivləşdirdi, NATO-nu səfərbər etdi və Moskvaya qarşı mümkün qədər sərt sanksiyalar layihəsi hazırladı.

Tərəflərin bu cür sərt mövqelərini şərtləndirən ciddi amillər var. Bunlardan biri zaman amilidir. Zaman keçdikcə prezident Baydenin xarici siyasətlə bağlı ciddi qərarlar qəbul etmək imkanları zəifləyir. Bu, aralıq seçkilər, daxili siyasi vəziyyət, Çinlə rəqabət amili və NATO-dakı mərkəzdənqaçma meylləridir. Eyni zamanda, prezident Zelenskinin də müddəti daralır və ilhaq olunmuş bölgələrlə bağlı qərarların verilməsini gecikdirə bilmir. Ona həm Rusiya, həm də daxildən ciddi təzyiqlər var. Növbəti seçkilərdə Ukraynada Qərbyönümlü namizədin qalib gələcəyi də sual altındadır. İlhaq olunmuş ərazilərlə bağlı ən azı seçkilərə bir il qalmış qərarlar verilməlidir. Rusiya üçün də zaman amili hamısından vacibdir. Zamanla Ukraynanın silahlandırılması elə bir səviyyəyə çatar ki, Moskvanın hərbi təzyiq metodundan istifadəsi onun özü üçün ciddi risk yarada bilər.

Bundan başqa, Bayden həm fiziki ömrünün, həm də siyasi karyerasının zirvəsindədir və onun üçün perspektiv baxımdan çətin qərarlar vermək asandır. O da nəzərə alınmalıdır ki, bu qərarların verilməsi müddətinin uzadılması da risklər yaradır. Mövcud gərginlik bu səbəblər kombinasiyası ilə şərtlənir. Bu səbəblər elə vəziyyət yaradıb ki, arlıq həll yolu çıxış variantı deyil, tərəflərdən birinin ciddi güzəştə getməsi orta perspektivdə müharibənin qarşısını ala bilər.

Dünən Parisdə Minsk sazişi ilə əlaqədar Ukrayna, Fransa, Almaniya və Rusiya nümayəndələrinin danışıqları baş tutub. Görünən budur ki, ortada ciddi razılaşma yoxdur. İki həftə sonra danışıqlar yenidən davam etdiriləcək. Amma nəticə üçün tərəflərdən biri ciddi güzəştə getməlidir. Rusiya güzəştə getmək istəmir, Zelenski isə gedə bilməz. Ancaq yenə də seçim Moskvanındır və əgər belə davam etsə, Ukrayna separatçılara qarşı hərbi əməliyyatlara başlayacaq. Hələ ki, Baydenin dəstək vermək imkanı var, Ukrayna üçün bu fürsət qüvvədə qalır. Rusiyanın geri addım atmayacağı təqdirdə, hərbi əməliyyatlara başlamaq Zelenski üçün yeganə xilas yolu ola bilər. Rusiya üçün indiki şəraitdə kollektiv Qərbin qarşısında duruş gətirmək çətin görünür. Rusiya hərbdə qalib gələ bilər, amma bu, “Pirr qələbəsi” olacaq və rusları sonda Karfagenin taleyi gözləyə bilər”.

A.Zeynalov

www.yenicag.az

1409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv