!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiya-Ukrayna müharibəsinin ALTINCI GÜNÜ: - "Sahədə iki əsgər qarşılaşacaqsa..." - Təhlil

!Reklam – Yazi

Ukrayna-Rusiya müharibəsinin altıncı gününün təhlilinə keçməzdən öncə tərəflərin itkilərini diqqətinizə çatdırırıq.

Geridə qalan 6 gün ərzində Rusiyanın itkiləri aşağıdakı kimidir:

5710 əsgər, 29 təyyarə, 29 helikopter, 198 tank, 846-dan çox hərbi texnika, 24 ədəd reaktiv yaylım atəş sistemi, 60 ədəd yanacaq sisterni, 3 PUA, 2 qayıq və 305 ədəd avtomobil. Bu barədə məlumatı Ukrayna müdafiə nazirliyi yayıb.

Ukrayna tərəfinin itkiləri:

Rusiya ordusu Ukraynada əməliyyat başlayandan bəri 1502 hərbi obyekti məhv edib. Ukrayna Silahlı Qüvvələrinin 51 komanda məntəqəsi və 38 ədəd S-300 zenit-raket kompleksi, 1 ədəd “Buk M-1” və “Osa” zenit-raket kompleksləri, 51 RLS vurulub. 47 yerdə və 11 havada təyyarə, 472 tank və digər zirehli döyüş maşını, 62 reaktiv yaylım atəş sistemi, 206 səhra artilleriya qurğusu və minaatan, 336 xüsusi təyinatlı hərbi texnika, 46 pilotsuz uçuş aparatı məhv edilib. Bu barədə məlumatı isə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov verib.

Ukrayna-Rusiya müharibəsinin geridə qalan altıncı gününü və növbəti mərhələdə Rusiyanın atacağı addımları ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlayıb.

Elxan Şıxəliyev bildirib ki, mühribənin altıncı günü də Rusiya Silahlı Qüvvələrinin hücumları ilə yekunlaşdı, ancaq hərbi-siyasi hakimiyyət artıq müharibənin aparılması səviyyəsini yeni fazaya keçirdi:

“Müharibənin birinci-ikinci günü klassik variantda xüsusi təyinatlıların, kəşfiyyat bölmələrinin qeyri-hərbi təşkilatın hücumu ilə başladı və bu iflasa uğradı. Üçüncü, dördüncü günü quru qoşunları, artilleriya vasitələri ilə əməliyyatlarının uğurlu davam etməsi üçün dəstəklədilər. Əslində bu da Rusiyaya effekt vermədi. Dördüncü, beşinci günün sonunda siyasi-hərbi hakimiyyətə lazım idi ki, Ukrayna siyasi hakimiyyətinin devrilməsi üçün strateji hədəf olan Kiyev ələ keçirilsin. Siyasi hakimiyyət strateji hədəflər ələ keçirilmədiyi üçün yeni fazaya keçdi. Artıq raketlər vasitəsi ilə, xüsusilə aperativ-taktiki raketlərin müharibəyə daxil edilməsi ilə Rusiyanın strateji qüvvələrinin müharibəyə daxil edilməsi ilə nəticələndi. Strateji raket qoşunları adətən müharibələrin ilkin mərhələlərində istifadə olunmamalıdır. Bu o deməkdir ki, Rusiya siyasi hakimiyyəti tələsir. Rusiya strateji raketlərlə Ukraynanı bombalamaqla Ukrayna siyasi və hərbi beyin mərkəzlərində təslimçilik ab-havasını erkən alışdırmaq istəyir. Taktiki raketlərin vurduğu zərbələr həm hərbi, həm də mülki itkilərə səbəb olur. Rusiya siyasi hakimiyyəti bu addımı atmaqla Ukraynanı təslimçiliyə tez gətirmək niyyəti güdür. Görünən odur ki, Rusiyanın bu addımı da istədiyi effekti vermir.

Bu mərhələ Rusiyanın Ukrayna üzərində psixoloji əməliyyatı idi. Bunun qarşılığında Ukrayna siyasi hakimiyyətinin siyasi iradəsinin sınması ilə nəticələnməli idi. Məsələ ondadır ki, bu baş vermir. Bu baş vermədiyi üçün Rusiya siyasi hakimiyyəti aqressivliyini növbəti mərhələyə çıxarmaq üçün bunun həcmini artıracaq. Rusiya ballistik raketləri, vakuum raketləri, operativ-taktiki raketlərindən önümüzdəki günlərdə maksimum istifadə etməyə çalışacaq”.

Hərbi ekspertin sözlərinə görə, beynəlxalq aləmdə Rusiyaya qarşı nə etmək edilə bilərdisə, edilib:

“Beynəlxalq aləm Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı əlində nə varsa, istifadə etdiyi üçün Rusiya bu fobiyanı, qorxunu yendi. Rusiya bu sanksiyaların nəticəsini qısa zamanda yox, uzun vədədə görəcək. Rusiya maksimum sanksiyalarla rastlaşdı deyə, biraz əli gücləndi. Rusiya bundan sonra strateji raketlərdən istifadə tempini birqədər də artıracaq. Artıq mülki əhalinin ölməsi, infrasturukturun dağılması Rusiya üçün önəm kəsb etmir.

Ukraynanın bunun qarşılığında necə dayanacağına gəldikdə isə, müdafiə tərəfinə birbaşa dəstək verə bilməyən NATO ölkələləri ora kifayət qədər qeyri-nizami hərb, yəni könüllülər cəlb edir. Bu icazəli şəkildə həyata keçirilir. Avropa ölkələrinin artıq beşi bunu qəbul edib. Nə qədər döyüş təcrübəsi olan könüllülər varsa, onlar artıq Ukraynadadırlar. Bu artıq müdafiə olunan tərəfin şəxsi heyət səviyyəsində gücünü artırır. Əgər sahədə iki əsgər qarşılaşacaqsa, Ukrayna güclü olacaq. Digər bir məsələ Ukraynanın ən zəif hissəsi hava hücumundan müdafiə sahəsi idi. Bu boşluğu qapatmaq üçün NATO ölkələri Ukraynanı “Stinger” silahları ilə təchiz etməyə başladı. “Stinger” silahları aviasiya vasitələrinə qarşı müasir texnologiyalarla dəstəklənən silahlar içərisində əsgərin istifadə edə biləcəyi ən praktik və dəqiq silahdır. Bu silahdan hava hücumu vasitəsinin yayınması çox çətin olur. Hava məkanında Rusiyaya bu silahdan tətbiq edəcəklər, xüsusən o könüllülər vasitəsi ilə. Çünki könüllülər bu silahı yaxşı bilir.

Rusiya strateji raketlər səviyyəsində üstünlüyü saxlayır. Sahədə birbaşa müharibə əməliyyatları aparan ərazidə Ukrayna quru qoşunları və könüllülər dəstələri güclüdür. Rusiya çalışcaq ki, sahədəki Ukraynanın gücünü hava hücumu raketlər vasitəsi ilə ya azaltsın, ya da sıfırlasın.

Müdafiə olunan tərəfin döyüş ruhu elə yüksəkdir ki, Rusiya beyin mərkəzləri hücum əməliyyatlarını yenidən gözdən keçirməlidir. Rusiya ya böyük şəhərləri raketlərlə o qədər vuracaq ki, orada əlində silah tutan adam olmasın. Yaxud Rusiyanın və Ukraynanın itkilərinin qarşılığında siyasi dialoqlar baş tuta bilər. Önümüzdəki günlərdə Rusiya tərəfinin istəyi üzərinə görüşlərin keçirilməsi reallıqları dəyişməz. Müharibənin dayandırılmasına da gətirməz. Növbəti mərhələdə bizim müzakirə məsələlərimiz Rusiyanın atom silahı ilə davranıb-davrana bilməməsi üzərinə köklənəcək.

Rusiyanın hücumlarında effekt yoxdur demək doğru olmaz. Artıq Rusiya ordusu ilkin mərhələdə qarşıya qoyulmuş yaxın tapşırığı təmin edir. Rusiya sahədə hərbi üstünlüyünü saxlayacaq. Çünki əlində müharibəni davam edirəcək hərbi vəsaitlər kifayət qədərdir. Düşünürəm ki, önümüzdəki həftədə də müharibənin gedişatı bu temdə davam edə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv